ARDNF-nin ilin altı ayı ərzində  aktivləri və gəlirləri artmışdır
İQTİSADİYYAT

ARDNF-nin ilin altı ayı ərzində  aktivləri və gəlirləri artmışdır

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2022-ci il iyunun 30-na Fondun aktivləri 2022-ci ilin əvvəlinə (45025.1 milyon ABŞ dolları) nisbətən 0.63% artaraq 45306.8 milyon dollar təşkil etmişdir. 2022-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6935.2 milyon manat, büdcə xərcləri isə 4663.2 manat təşkil etmişdir. Bu barədə Fondun ictimaiyyətlə əlaqələr Departamentinin verdiyi məlumatda bildirilir.

2022-ci ilin ilk yarımili ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10369.2 milyon manat, o cümlədən neftin və qazın satışından 9 588.6 milyon manat, bonus ödənişləri 768.7 milyon manat, tranzit gəlirləri 7.2 milyon manat, akrhesabı ödənişlər 4.7 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 4648.0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

Ötən yarım il ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 3434.0 milyon manata bərabər olmuşdur. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1793.3 milyon manat təşkil etmişdir.

Hazırda dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-nin investisiya portfelinə təsirsiz ötüşmür. Belə ki, qlobal iqtisadi artımda olduqca ciddi yavaşlama, uzun zamandan bəri kifayət qədər aşağı inflyasiya göstəriciləri ilə xarakterizə olunan inkişaf etmiş ölkələrdə son qırx ilin ən yüksək qiymət artımının qeydə alınması, o cümlədən geosiyasi böhranın daha da dərinləşməsi, habelə pandemiya sonrası təchizat zəncirindəki qırılmaların hələ də davam etməsi və Çində sərt məhdudiyyətlər fonunda qlobal maliyyə bazarlarında kəskin dalğalanmalar müşahidə olunmaqdadır.

Bəybala BƏYBALAYEV,

"Respublika".