Ölkəmiz Çinin əsas ticari tərəfdaşlarındandır
İQTİSADİYYAT

Ölkəmiz Çinin əsas ticari tərəfdaşlarındandır

Beynəlxalq aləmdə Azərbaycanın ən böyük ticari tərəfdaşlarından biri də Çindir. Şərqi Asiya regionunun aparıcı dövlətlərindən olan Çinin ölkəmizlə əlaqələri gündən-günə genişlənir. Bu əlaqələr siyasi, iqtisadi, maliyyə, investisiya, turizm, humanitar, energetika, kənd təsərrüfatı, nəqliyyat və yüngül sənaye kimi sahələri əhatə edir. İqtisadi imkanları getdikcə artan ölkəmiz ötən müddət ərzində Çin iqtisadiyyatına 1,7 milyard dollar həcmində, Çin isə Azərbaycana 800 milyon dollardan artıq investisiya yatırıb. 2018-ci ildə iki dövlət arasında ticarət dövriyyəsi 1,3 milyard dollardan çox olub. Hazırda Azərbaycanda sənaye, tikinti, xidmət və başqa sahələr üzrə Çinin 120-dək şirkəti fəaliyyət göstərir.

Çin ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşdur. Ölkələr arasında diplomatik əlaqələr 1992-ci il aprel ayının 2-də qurulub. Həmin ilin avqust ayında ÇXR-in Azərbaycanda səfirliyi açılıb. 1993-cü il sentyabrın 3-də isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması haqqında qərar qəbul edilmişdir. Onu da qeyd edək ki, ümummilli lider Heydər Əliyevin böyük əməyi və səyi nəticəsində bir çox dövlətlərlə, həmçinin də Çinlə münasibətlər qurulmuşdur. 1994-cü il 7-10 mart tarixlərində ulu öndər Heydər Əliyev Çinə rəsmi səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, baş nazir Li Pen ilə rəsmi görüşlər keçirmiş və ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 8 müqavilə imzalanmışdır. İki ölkə arasında qurulan münasibətlər bu gün də yüksəlişə doğru inkişaf edir. Ölkə başçısı İlham Əliyev Azərbaycan-Çin münasibətlərini uğurla davam etdirir. 2005-ci il mart ayının 17-19-da Prezident İlham Əliyev Çində rəsmi səfərdə olmuşdur. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidenti ilə görüşün iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə olduğunu vurğulamışdır.

Azərbaycan Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşıdır. Bu baxımdan da Çinin region ölkələri ilə ticarətində Azərbaycanın payı 43 faiz təşkil edir. Həmçinin Pekində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonu ərazisində 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin açılmasına, eyni zamanda, Trans-Xəzər nəqliyyat dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı olan şərab və başqa spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Ölkəmizin əlverişli geostrateji mövqeyə malik olması, təbii resurslarının zənginliyi, Qədim İpək yolunun üzərində yerləşməsi Çin kimi bir çox dövlətlərə geniş imkanlar açır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat, enerji layihələrini həyata keçirən Azərbaycan böyük dövlətlərin marağına səbəb olmuşdur. Ölkəmiz Çinin "Bir kəmər, bir yol" strategiyasını dəstəkləyir. Bu istiqamətdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti də olduqca böyükdür. Ötən müddət ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa edib. Onun yükdaşıma qabiliyyəti isə 15 milyon tondur. Gələcəkdə isə bu rəqəmin 25 milyon tona qədər artırılacağı planlaşdırılır. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tezliklə daxil olmasını dəstəkləyir. Bir çox dünya dövlətləri kimi, Çin də Azərbaycanı neft ölkəsi kimi tanıyır. Lakin son dövrlər qeyri-neft sahəsinə də maraq artmışdır. Belə ki, çinli istehlakçılar Azərbaycanın qida və içki məhsullarını bəyənirlər. Həmin məhsullar arasında şərab, nar şirəsi, nar şərabı, mineral su, kompot, çay, zeytun yağı, turşu, mürəbbə və digər qida məhsulları var. Adı çəkilən məhsullar artıq Çinin bir sıra şəhərlərində yerləşən marketlərdə satışdadır.

Azərbaycanın Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Eyni zamanda Çinin Urumçi, Luco və Şanxay şəhərlərində Azərbaycanın Ticarət evləri açılıb. Əlaqələrimiz hər zaman müsbət müstəvidə inkişaf edib. Azərbaycan torpaqları Ermənistanın işğalında olan zaman Çin ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləmişdi. Hətta BMT Təhlükəsizlik Şurasını Qarabağ münaqişəsinə dair qətnamələrinə əməl edilməsinə çağırırdı. Onu da qeyd etmək yerinə düşər ki, Çin Azərbaycanla hərbi sahədə də əməkdaşlıq edir. Ölkələrimiz arasında münasibətlər həm də elm, təhsil sahəsində də inkişaf edir. Çinin Təhsil Nazirliyi Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək Azərbaycanda Konfutsi İnstitutu təsis edib. İnstitutun fəaliyyəti iki ölkə arasında tələbə mübadiləsi, Çin dilində kursların keçirilməsi və mədəniyyət sahəsində layihələrin reallaşdırılmasına istiqamətləndirilib. Həmçinin Dövlət İdarəçilik Akademiyası Konfutsi İnstitutu nəzdində fəaliyyət göstərir. Çin Azərbaycanda rəqəmsal texnologiya sahəsində də iştirakını genişləndirir. Hələ 2016-cı ildə "Huawei" şirkəti Azərbaycanda "Gələcəyin İKT sahəsindəki toxumları" adlı proqram - layihə həyata keçirib.

 Ramidə YAQUBQIZI,

 "Respublika".