Aqroparklar ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır
İQTİSADİYYAT

Aqroparklar ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır

Dünyada geniş yayılan bu təsərrüfat sistemi ölkəmizdə də özünü doğruldur

Son illərdə ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və icra olunan Dövlət proqramları nəticəsində iş adamları yeni zavod, fabrik və digər istehsal müəssisələri yaradır, bununla da respublikamızın iqtisadi potensialı güclənir, özəl sektor inkişaf edir və ən əsası isə işsizlik səviyyəsi daha da azalır. Dövlət başçısının yürütdüyü uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb.

 Cənab Prezidentin 2014-cü ildə imzaladığı müvafiq fərmanla aqroparkların yaradılması da məhz bu problemlərin aradan qaldırılmasına yönəlib. Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılmasını və saxlama şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və "Made in Azerbaijan" brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin etməyə müsbət təsir göstərir. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik olan aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasını da təmin edir.

Xatırladaq ki, dövlət başçısının 2014-cü il aprelin 16-da imzaladığı "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən, ilkin olaraq Xaçmazda "Yalama Aqropark", Şəmkirdə "Şəmkir Aqropark" və Cəlilabadda "Günəşli Aqropark" yaradılıb. 2018-ci ilin oktyabrında İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev aqroparkların əhəmiyyətindən danışarkən 45 böyük aqroparkın yaradılacağını deyib.

Hazırda isə ölkənin 32 regionu üzrə 239312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə, dövlət tərəfindən digər dəstək tədbirləri də görülür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,9 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit ayrılıb.

İşğaldan azad edilmiş ərazilərdə aqroparkların yaradılması istiqamətində işlərə də start verilib. Belə ki, 2022-ci il oktyabrın 20-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak edib.

Prezident İlham Əliyev dekabrın 2-də Oğuz və Şəki rayonlarına səfəri zamanı "Şəki-Oğuz" Aqroparkda görülən işlərlə tanış olmuşdur. 11 min hektar sahəsi olan Aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada əsasən qoz, badam və zeytun bağları salınır, taxıl bitkiləri əkilir. Layihənin ümumi dəyəri 30 milyon manatdır. Zəruri infrastrukturun yaradılmasına isə 67,8 milyon manat dövlət əsaslı vəsait qoyulub. Aqroparkda dünya təcrübəsinin öyrənilməsinə də diqqət yetirilir. Belə ki, 2017-ci ildən başlayaraq "Aqroinkişaf-2017" MMC tərəfindən ölkəmizdə sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün ABŞ-ın fermer təsərrüfatlarının və Avstraliyanın "Webster" şirkətinin təcrübəsi əsas götürülüb. Bu təcrübə hesabına Aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbar tikilib.

Aqropark fəaliyyət göstərdiyi qısa müddətdə müəyyən uğurlar da qazanıb. Cari ildə ilk dəfə olaraq "AzBadam" şirkətinə 1,2 ton məhsul satılıb və bu, son hədd deyil, müəssisə həmin istiqamətdə fəaliyyətini genişləndirməkdə qərarlıdır. Artıq 4 növ üzrə 160 hektar badam bağı salınıb və ilin sonunda bu rəqəm 300 hektara çatdırılacaq.

Qeyd edək ki, "Şəki-Oğuz" Aqroparkın torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün layihə "Azdövsutəslayihə" İnstitutu tərəfindən tərtib olunub. Layihənin ümumi dəyəri 58 min 998 manatdır. Azərbaycan Prezidenti İlham Əliyev Aqroparkın torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olmuş və "Şəki-Oğuz" Aqroparkda yeni zavodun təməlini qoymuşdur. Əldə olunmuş məhsulun beynəlxalq standartlara uyğun şəkildə satışını təşkil etmək məqsədilə qozun yuma, qurutma, çeşidləmə və qablaşdırma zavodu ABŞ şirkəti ilə birgə layihələndirilib və avadanlıqla təchiz edilməsi üçün müqavilə bağlanıb. İki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb. Zavodda ilkin olaraq 40 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Aqroparklar məşğulluq səviyyəsinin artmasında da mühüm rol oynayırlar. Bunu fəaliyyət göstərən aqroparklarda çalışan işçilərin sayı da göstərir. Hazırda aqroparklarda ümumilikdə 4491 nəfər daimi, 6303 nəfər isə mövsümi işlə təmin olunub, gələcəkdə isə əlavə 4672 iş yerinin yaradılması planlaşdırılır.

İndiyədək aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib. Ölkədəki 51 aqroparkdan 40-da taxıl əkilir. Bu il 88,8 min ton ərzaqlıq, 31,4 min ton toxumluq, 32 min ton isə yemlik buğda istehsal olunub. Buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (3,2 ton/ha) yüksəkdir. Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub. "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" ölkə Prezidentinin fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində bu il aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 faiz və yaxud 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır.

Ekspertlər qeyd edirlər ki, aqroparklar mürəkkəb istehsal vahidləri hesab olunurlar. Məhz buna görə də onların forması, həcmi və əhatə dairəsi dəqiq hesablamalar əsasında elə seçilməlidir ki, yaradılacaq hər bir aqropark həm iqtisadi, həm də praktiki cəhətdən rəqabətqabiliyyətli olsun, davamlı olaraq inkişaf etsin və yüksək səmərəliliyi ilə seçilsin.

Zümrüd QURBANQIZI,

"Respublika".