“Kənddən  Şəhərə” Yeni   il  yarmarkaları
İQTİSADİYYAT

“Kənddən  Şəhərə” Yeni   il  yarmarkaları

 Kənd Təsərrüfatı Nazirliyi  tərəfindən 17-30 dekabr  tarixlərində Dünya  Azərbaycanlılarının   Həmrəyliyi  Günü   və  Yeni  il   bayramı   münasibətilə “Kənddən   Şəhərə” Yeni  il   yarmarkaları   təşkil   olunacaq. Nazirliyin   mətbuat  xidməti   bildirir  ki. yarmarkalar  Bakı  və  Abşeron ərazisində baş  tutacaq. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 50-yə yaxın   regiondan 70-dən artıq   fermer   iştirak  edəcək. Onlar 80-ə yaxın  çeşiddə    kənd   təsərrüfatı   və   qida   məhsullarının   satışını  həyata  keçirəcəklər.

“Kənddən Şəhərə” Yeni il  yarmarkasının   təşkilində  məqsəd fermerlər üçün   alternativ   satış kanalı  yaratmaq  və  bayram   ərəfəsində   şəhər sakinlərinin kənd   təsərrüfatı  və  qida   məhsullarına  olan  tələbatlarını qarşılamaqdır.

Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkalarında iştirak tamamilə  ödənişsizdir. Burada fermerlər  heç  bir  ödəniş etmədən   piştaxta, tərəzi, soyuducu  və  digər  ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının  daşınmasında çətinlik   yaşayan  fermerlərə   isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək. Yarmarkalarda  satışa  çıxarılan məhsulların   kеyfiyyətinə Azərbaycan  Qida   Təhlükəsizliyi Agentliyi nəzarət  edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

“Kənddən Şəhərə” Yeni il yarmarkaları  aşağıdakı   ünvanlarda  keçiriləcək: Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 (“Gənclik” metrostansiyasının yanı), Xırdalan şəhəri, Heydər   Əliyev   prospekti 41A

Nəriman  CAVADOV,

“Respublika”.