AĞSTAFA: TƏHSİLDƏ UĞURLU NƏTİCƏLƏR ƏLDƏ OLUNUR
Region

AĞSTAFA: TƏHSİLDƏ UĞURLU NƏTİCƏLƏR ƏLDƏ OLUNUR

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təhsilin inkişaf etdirilməsi istiqamətində saysız-hesabsız layihələr həyata keçirilmişdir. Bu gün ümummilli liderin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı siyasətdə Azərbaycan təhsilinin inkişafı prioritet təşkil edir. Bu sahədə həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəticəsində təhsil infrastrukturu tamamilə yenilənir. Pedaqoji sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi, kadr islahatında şəffaflığın təmin olunması və digər vacib məsələlər yalnız savadlı kadrların yetişdirilməsinə hesablanmışdır.

Hər il Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və fondun maliyyə dəstəyi ilə respublikada müasir standartlara cavab verən yeni məktəb binaları inşa olunur və ya əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilir.

Ağstafa rayonu da ölkədə gedən bu proseslərdən lazımınca bəhrələnir. Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalovla söhbətimiz elə bu mövzuda oldu. M.Zeynalov bildirdi ki, hər il rayonda yararsız və köhnə məktəblər yenisi ilə əvəz olunur.

2019-2020-ci tədris ilində 264 şagird yerlik Böyükkəsik kənd tam orta məktəbi, 96 şagird yerlik Yaradullu kənd ümumi orta məktəbin modul tipli binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilmişdir.

Cari tədris ilində 624 şagird yerlik Muğanlı kənd tam orta məktəbində əsaslı təmir işləri aparılaraq istifadəyə verilmişdir. Hazırda Heydər Əliyev Fondunun xətti ilə 420 yerlik Həsənsu kənd tam orta məktəbi və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik Sadıqlı kənd tam orta məktəbinin tikintisi davam etdirilir.

2018-2019-cu dərs ilində ali məktəblərin I-IV qruplar üzrə keçirilmiş qəbul imtahanında məzunlardan 12 nəfər 600-dən, 52 nəfər isə 500-600 intervalında bal toplamışlar. Qəbul imtahanlarında iştirak edən məzunlardan 274 nəfər tələbə adı qazanaraq respublikanın müxtəlif ali məktəblərində təhsil alırlar.

2019-2020-ci ildə isə ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 531 nəfər ali məktəblərə sənəd vermişdir ki, bu da məzunların 72.6 faizi deməkdir. Ali məktəblərə sənəd verənlərin sayının ötən ilki nəticə ilə müqayisədə 6 faiz artdığını qeyd etmək olar. Sənəd verənlərdən 307 nəfər (ötən ilə nisbətən 33 nəfər çox) ali məktəblərə qəbul olunmuşdur ki, bu da qəbul olunanların 57,8 faizini təşkil edir.

Qeyd etmək lazımdır ki, ali məktəblərə qəbul olunanlardan 16 nəfər 600-dən çox (ötən ilə nisbətən 4 nəfər çox) bal toplamışdır.  

Tələbə adını qazanmış məzunlar respublikanın 26 ali təhsil müəssisəsinə qəbul olunmuşlar. Eyni zamanda 15 nəfər xüsusi təyinatlı ali təhsil məktəblərinə daxil olmuşlar. Ən çox tələbə -- 98 nəfər Bakı Dövlət Universitetində təhsil alır. 28 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 26 nəfər Azərbaycan Texniki Universitetinə, 24 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə və s. qəbul olmuşlar.

Buraxılış imtahanlarının nəticələrinə görə 14 nəfər məzuna ümumi orta təhsil haqqında fərqlənmə attestatı, 16 nəfər məzuna isə tam orta təhsil haqqında fərqlənmə attestatı verilmişdir.

Rayonda tarixi hadisələr və əlamətdar günlər daim qeyd olunur. Rayon ümumtəhsil məktəblərində 20 -- Yanvar Ümumxalq Hüzn Günü, Xocalı soyqırımı, 31 Mart --Azərbaycanlıların soyqırımı günlərinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir. Ağstafa Rayon Gənclər və İdman İdarəsi ilə birgə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa və rəsm müsabiqələri keçirilmiş, Saloğlu qəsəbə tam orta məktəbinin VI sinif şagirdi Əsgərli Əsra I yeri tutmuşdur. Bütün qaliblərin təltif olunması təmin edilmişdir.

Mədəd Zeynalov bildirdi ki, dahi mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə ümumtəhsil məktəblərində vaxtaşırı olaraq tədbirlər keçirilir.

Təhsil Nazirliyi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən “Aşıq Ələsgər irsi” adlı onlayn respublika saz müsabiqəsində Bayramlı Hüseyn (Göyçəli kənd tam orta məktəbi) III yeri, Oruclu Murad (şəhər 1 saylı) həvəsləndirici yeri tutmuşdur. “Qarabağın musiqi tarixi-aşıq sənəti” adlı gənc aşıqların onlayn müsabiqəsində Fuad Məmmədov (şəhər 2 saylı t.o.m.) III yeri tutmuşdur.

Azərbaycan dövlətinin dinamik inkişafını, ölkə Prezidentinin fəaliyyətini, abadlıq, quruculuq işləri və ölkəmizin müdafiə qabiliyyətinin artırılması sahəsində həyata keçirilən işlər məktəblilərin yaş səviyyəsinə uyğun onlara çatdırılmışdır. Təhsil Nazirliyinin “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi” Fəaliyyət planının icrası istiqamətində tədbirlərin keçirilməsi davam etdirilir. Qələbə münasibətilə fənn müəllimləri tərəfindən şagirdlərə zəruri məlumatların verilməsi diqqətdə saxlanılmış, sosial məsafə gözlənilməklə şagirdlər şəhid ailələri və qazilərin evlərini ziyarət etmişlər. İkinci Qarabağ müharibəsində şəhid olmuş vətən oğullarının vaxtilə təhsil aldıqları ümumtəhsil məktəblərində döyüş yolları haqqında stendlər hazırlanmışdır ki, bu da şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

İstedadlı şagirdlərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsi istiqamətində də məqsədyönlü işlər görülmüşdür. Ümumtəhsil məktəblərindən istedadlı şagirdlər haqqında məlumat əldə edilmiş, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənlərindən xüsusi istedadı ilə fərqlənən şagirdlər haqqında məlumat “İstedad bankı”nda toplanmışdır. “İstedad bankı”nda ümumilikdə 127 nəfər şagirdin adı qeyd olunmuşdur.

2021-ci ildə olimpiadanın rayon mərhələsində yer tutan 378 nəfər şagirddən 35 nəfəri zona mərhələsində iştirak etmək hüququ qazanmışdır. Ağstafa şəhər 1 saylı tam orta məktəbin şagirdi Məhərrəmov Turqay tarix fənni üzrə zona mərhələsində qalib gələrək finala vəsiqə qazanmışdır. 

Mədəd Zeynalov bildirdi ki, İkinci Qarabağ müharibəsində Ağstafa rayonunun ümumtəhsil məktəblərində işləyən 1 nəfər – Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru İmaməliyev Elvin Elsevər oğlu Şuşa şəhərinin azad olunmasında qəhrəmanlıq göstərərək şəhid olmuşdur.

Elvin İmaməliyev şagird və müəllimlərin xatirəsində əbədi yaşayacaq.

Vəli VƏLİYEV,

“Respublika”.