Cənubi Qafqazda ən iri quşçuluq fabriki
Region

Cənubi Qafqazda ən iri quşçuluq fabriki

Artıq altıncı ildir Sabirabad rayonunun Nizami kəndində  “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabriki fəaliyyət göstərir.

Azərbaycanın regionlarının mövcud potensialının daha da inkişaf etdirilməsi, xüsusilə ixracyönümlü və idxalı əvəz edən kənd təsərrüfatı məhsulları istehsalının artırılması, yeni istehsal və emal sahələrinin yaradılması Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də quş əti və yumurta istehsalının sənaye üsulu ilə artırılması, ölkə əhalisinin quşçuluq məhsullarına tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluğun kompleks inkişafının təmin edilməsidir.

Buna nail olmaq üçün daha çox investorun cəlb edilməsi barədə Prezident İlham Əliyevin yerli icra strukturları qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Sabirabad rayonunun Nizami kəndində quşçuluq müəssisəsi istifadəyə verildi. Əvvəlcə qeyd edək ki, bu fabrik  “Hacıqabul Quşçuluq” MMC-nin törəmə müəssisəsidir. “Hacıqabul Quşçuluq” MMC Cənubi Qafqazda ən iri quşçuluq fabrikidir.

Nizami kəndində fəaliyyət göstərən fabrik dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən müasir texnologiyalar əsasında istehsal olunmuş avadanlıqla təchiz edilib. Belə layihələrdən biri də “Sabirabad Quşçuluq” MMC tərəfindən yaradılmış müasir əmtəəlik yumurta və quş əti istehsalı fabrikidir.    1978-ci ildə fəaliyyətə başlamış və respublikada ilk özəlləşdirilmiş quşçuluq fabriklərindən olan “Hacıqabul Quşçuluq” MMC-də hazırda gündə 1 milyon, o cümlədən 970 min ədəd əmtəəlik və 30 min ədəd damazlıq yumurta istehsal edilir. Fabrik tərəfindən müxtəlif vaxtlarda İraqa və Əfqanıstana  əmtəəlik yumurta ixrac olunub. İxrac coğrafiyası genişləndirilərək Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Belarusa da əmtəəlik yumurta ixracı planlaşdırılır.

 Fabrikin ərazisində 10 ferma binası, hər birinin tutumu 2,5 min ton olan 6 silos və gücü saatda 5 ton olan yem zavodu tikilib. Müəssisənin inşasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat güzəştli kredit və təşviqi sənəd verilib. Fabrikdə ildə 109 milyon ədəd əmtəəlik yumurta, 1,4 min ton quş əti və 750 min baş ətlik kənd toyuğu istehsal edilir. İstehsal olunan əmtəəlik yumurta və quş əti “Sabirabad Quşçuluq” brendi ilə istehlakçılara təqdim olunur. Fabrikdə Nizami kəndindən və ətraf yaşayış sahələrindən 150 nəfərdən çox adam işlə təmin edilib.

Tofiq HÜSEYN,

“Respublika”.