Şirvan: Uğurlu islahatlar əmək bazarında dönüş yaradır
Region

Şirvan: Uğurlu islahatlar əmək bazarında dönüş yaradır

Son illərdə ölkədə aparılan uğurlu islahatlar iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Əsas məqsəd iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi, bölgələrdə əhalinin sosial rifahı və həyat səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsidir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri, müəssisələr, infrastruktur obyektləri və s. yaradılmaqdadır.

Bu baxımdan, Şirvan şəhərində də əsaslı işlər görülmüş, əmək bazarının formalaşmasında keyfiyyət dəyişikliklərinə nail olunmuşdur. Şəhər iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən əmək bazarında əvvəlki illərdə əldə olunmuş inkişaf dinamikası 2022-ci il ərzində də davam etdirilmişdir. Əmək bazarının əsas sosial-iqtisadi göstəriciləri sırasında birinci əhalinin sayı durur. 2023-cü ilin yanvar ayının 1-nə Şirvan şəhərində əhalinin sayı 85115 nəfər olmuşdur. 2022-ci il ərzində 1124 nəfər doğulmuş, 608 nəfər vəfat etmiş, əhalinin təbii artımı 516 nəfər təşkil etmişdir.

01 oktyabr 2022-ci il tarixinə şəhərdə iqtisadi fəal əhalinin sayı 49223 nəfər olmuş, onlardan 45302 nəfərini və ya 92,0 faizini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir. Hesablamalara görə dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan muzdla işləyən əhalinin sayı məşğul əhalinin 35,1 faizini təşkil etmişdir. 01 yanvar 2023-cü il tarixinə Şirvan  şəhərində iqtisadiyyatın müxtəlif sahələrində 111 iri, orta və kiçik, 107 mikro olmaqla 218 müəssisə fəaliyyət göstərmişdir.

Dövlətin ən mühüm qayğılarından biri də əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Sosial müdafiə sahəsində dövlətin əsas məqsədi əhalinin əmək və təsərrüfatçılıq fəaliyyətini stimullaşdıraraq vətəndaşların həyat səviyyəsini yüksəltməkdən ibarətdir. Bu istiqamətdə istifadə olunan əsas meyarlardan biri də orta aylıq nominal əməkhaqqı hesab edilir. 2022-ci ildə Şirvan şəhərində fəaliyyət göstərən hüquqi şəxslərdə ümumilikdə 15911 nəfər muzdlu işçi çalışmış,  bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı isə 700,9 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 2,0 faiz, orta aylıq nominal əməkhaqqı isə 16,0  faiz artmışdır. Bu dövr ərzində muzdlu işçilərin 8196 nəfəri və ya 51,5 faizi (əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz çox) dövlət sektorunda çalışmış, bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı isə 707,0 manat (əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,8 faiz çox) olmuşdur.

İqtisadiyyatın neft sektorunda 1625  nəfər və ya 10,2 faiz, qeyri-neft sektorunda isə 14286 nəfər və ya 89,8 faiz muzdlu işçi çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 5156 nəfəri və ya 32,4 faizi məhsul istehsalı sahələrində, 10755 nəfəri və ya 67,6 faizi isə xidmət sahələrində məşğul olmuşlar. Məhsul istehsalı sahəsində işləyənlərin 31,5 faizi mədənçıxarma sənayesində, 27,8 faizi emal sənayesində, 17,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 10,8 faizi tikintidə, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində və 6,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olmuşdur.

Xidmət sahəsində işləyənlərin 38,4 faizi ticarət, 18,5 faizi təhsil, 13,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 11,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 10,7 faizi nəqliyyat və anbar təsərrüfatı və digər sahələrdə çalışmışlar. Əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əməkhaqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir.

Respublika Prezidentinin müvafiq fərmanı ilə əlaqədar Şirvan şəhərində yeni iş yerlərinin açılması istiqamətində əməli tədbirlər həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, 2003-cü ilin IV rübündən 01.01.2023-ci il tarixinə kimi 19313  vahidi və ya 87,6 faizi daimi olmaqla, ümumilikdə 22040 yeni iş yeri açılmışdır. Daimi iş yerlərindən 3574 vahidi və ya 18,5 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 6755 vahidi və ya 35,0 faizi mövcud müəssisə və təşkilatlarda, 407 vahidi və ya 2,1 faizi fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 8577 vahidi və ya 44,4 faizi isə fiziki şəxslərdə (fərdi sahibkarlarda) yaradılmışdır.

2022-ci il ərzində yeni açılmış iş yerlərinin sayı 746 vahid olmuşdur ki, onların da tam 100,0 faizini daimi iş yerləri təşkil edir.

Son illərdə ölkədə qeyri-neft sektorunun təxirəsalınmaz və sürətli inkişafı, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi siyasəti, bu sahədə qanunvericiliyn təkmilləşdirilməsi daha geniş miqyasda davam etdirilməkdədir. Aparılan islahatların uğurlu nəticəsi olaraq gələcəkdə şəhərimizdə daha çox yeni iş yerlərinin yaradılmasını, əmək bazarında formalaşmış vəziyyətin qorunub saxlanmasını və inkişaf etdirilməsini, yekun olaraq əhalinin məşğulluq səviyyəsinin artmasını və sosial rifahının yüksəlməsini proqnozlaşdırmaq mümkündür.

Rövşən YOLÇUYEV,

Şirvan Şəhər Statistika İdarəsinin rəisi.