20 Yanvar - qanlı və şərəfli tarix
Sosial həyat

20 Yanvar - qanlı və şərəfli tarix

1990-cı il yanvarın 20-si Azərbaycan tarixinin qürur günü kimi bütün azərbaycanlıları müstəqil dövlətin vətəndaşları olmaq uğrunda birləşdirib. 20 Yanvar faciəsi zamanı azadlıq uğrunda meydanlara axışan Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliyin törədilməsinə baxmayaraq, xalqımız sonadək əzmkarlıq göstərərək dövlət müstəqilliyi əldə etdi. Bu faciəvi hadisələr Azərbaycanın tarixində azadlıq və suverenlik uğrunda mübarizə salnaməsinin ən şərəfli və parlaq səhifələrindən biridir.

Bu fikirlər Ədliyyə Nazirliyi Səadət Sarayının (Bakı nikah evinin) müdiri, Baş ədliyyə müşaviri İradə İsgəndərovanın "20 Yanvar - qanlı və şərəfli tarix" sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qanlı Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilmiş izdihamlı matəm mərasimində bir milyondan çox insanın iştirak etməsi xalqımızın birliyini və gücünü bütün dünyaya nümayiş etdirdi.

Faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza böyük dayaq və təsəlli olmaqla onun mübarizə əzmini daha da yüksəltdi. Ulu Öndərimiz bu hadisələrin hüquqa, demokratiyaya qarşı yönəldiyini, humanizm prinsiplərinə zidd olduğunu bildirdi, haqq səsimizi bütün dünyaya çatdırmaqla, yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandırdı.

Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə onun təşəbbüsü və bilavasitə iştirakı ilə bu qanlı hadisələrin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzalanan Fərmanda həm də Milli Məclisə faciəvi hadisələrə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini alaraq bu faciəni törədənlərin adları açıqlandı.

Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarlar qəbul edir.

Bu gün biz misilsiz faciələrdən qalib çıxaraq güclü dövlətə çevrilən xalq kimi fəxr edə bilərik. 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu qəhrəmanlığın davamının 44 günlük Vətən müharibəsində şahidi olduq.

Bu Böyük Zəfərə gedən yolun bünövrəsi, şübhəsiz ki, 20 Yanvarda qoyuldu. 20 Yanvar bizi müstəqilliyə, suverenliyə aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu.

Beynəlxalq hüquqa əməl etməyən, sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirən və silahlı təxribatlardan əl çəkməyən Ermənistanın 30 ilə yaxın davam edən işğalçı siyasətinə 44 gün davam edən Vətən müharibəsi ilə son qoyuldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ədaləti bərpa edərək işğal altında olan ərazilərimizi azad etdi.

Hazırda ölkəmizdə postkonflikt dövrünün quruculuq işləri yüksək sürətlə həyata keçirilir, işğaldan azad olunmuş ərazilərin yenidən canlanması, müasir texnoloji layihələrin tətbiq edilməsi ilə çiçəklənən bir diyara çevrilməsi üçün mühüm addımlar atılır.

20 Yanvar hadisələri ilə əlaqədar respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Faciənin ildönümü ilə bağlı digər dövlət qurumları ilə yanaşı, ədliyyə orqanlarında da anım tədbirləri təşkil olunur, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir.

Otuz iki il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 32 il ötməsinə baxmayaraq, xalqımız öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, onların xatirəsini daim dərin ehtiramla yad edir.

AZƏRTAC