Əbədiyaşar Ulu Öndər
Sosial həyat

Əbədiyaşar Ulu Öndər

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib, xatirəsi ehtiramla anılıb.

GƏNCƏ

Müstəqil Azərbaycan dövlətinin qurucusu, qüdrətli dövlət xadimi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Əməkdar müəllim, professor Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının kollektivi, Vətən müharibəsi qaziləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanın müstəqil dövlət kimi inkişafının, tarixi uğurlar qazanmasının ümummilli liderin titanik fəaliyyəti, məqsədyönlü siyasəti və əbədiyaşar ideyaları ilə bağlı olduğunu qeyd edib.

Şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, professor Nurəddin Məmmədov ulu öndər Heydər Əliyevin qədim Gəncə şəhərinə göstərdiyi diqqət və qayğıdan danışıb.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov bildirib ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, ümummilli lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir. Vətən müharibəsi iştirakçısı İmran Rəcəbov qeyd edib ki, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır.

Açılış mərasimində partiya sıralarına yeni qəbul olunmuş bir qrup 44 günlük Vətən müharibəsi qazisinə partiya vəsiqəsi təqdim edilib.

DAŞKƏSƏN

Daşkəsən rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən ümumrayon yığıncağında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, hərbçilər, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon yığıncağında çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursu, ən layiqli davamçısı və siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.

"Ulu öndər Heydər Əliyev" adlı sənədli film nümayiş etdirilib. Daha sonra möhtəşəm bayram konsertində Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu və minlərlə daşkəsənli böyük bayram əhvali-ruhiyyəsində iştirak edib. Xoş anlarla yaddaşlarda qalan konsertdə tanınmış incəsənət xadimlərinin və müğənnilərin çıxışları alqışlarla qarşılanıb. Tədbirin sonunda atəşfəşanlıq olub.

AĞCABƏDİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə əməkdaşlığı ilə "Heydər Əliyev 100: Nəsillərin görüşü" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən ADPU Ağcabədi filialının müəllimi Aygün Əlizadə ulu öndərin keçdiyi şərəfli həyat yolundan bəhs edib. Bildirib ki, Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olunur. GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Ulu öndər həmişə ağsaqqal sözünün hikmətinə, böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edirdi. Hazırda bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir və dövlətimiz tərəfindən respublika ağsaqqallarına diqqət və qayğı göstərilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri, Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, ADPU Ağcabədi filialının kafedra müdiri Tahir Kərimli, YAP veteranı Teymur Rəhimov, "Aran" qəzetinin redaktoru Məhsəti Musa ulu öndərlə bağlı xatirələrini paylaşaraq, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

FÜZULİ

Horadiz qəsəbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri qəsəbənin mərkəzində ucaldılmış dahi insanın abidəsi önünə tər çiçəklər düzərək parlaq xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzinin foyesində dünya siyasətinin görkəmli nümayəndəsi Heydər Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan və kitablardan ibarət sərgiyə baxış keçirilib. Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər)" haqqında" məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, 1994-cü ilin yanvar ayının 4-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yenicə formalaşan ordu bölmələrimizin əks-hücum əməliyyatı zamanı Horadiz qəsəbəsi və 22 kənd erməni işğalından azad edilib, rayon ərazisində keçmiş məcburi köçkünlər üçün onlarla qəsəbə salınıb, insanların həyat şəraitinə qayğı göstərilib. Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Əsrin adamı" filmi nümayiş olunub.

 "Respublika".