NETANYAHU ETİRAZLARA SƏBƏB OLAN QANUNUN QƏBULUNU TƏXİRƏ SALIB
İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Məlumata əsasən, milli təhlükəsizlik nazirinin rəhbərlik etdiyi “Yəhudi Gücü” partiyasından bildirilib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmağı qərara alınıb. Bundan əvvəl İtamar Ben-Qvir təxirə salınmanın qəti əleyhinə idi.
Qeyd edilir ki, bunun müqabilində də Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib. Yeni struktur Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək.
Xatırladaq ki, martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb və 600 mindən çox insan küçələrə axışıb.
TRAMP MÜHARİBƏNİN QARŞISINI YALNIZ ONUN ALA BİLƏCƏYİNİ BİLDİRİB
ABŞ-da genişmiqyaslı prezidentlik yarışının başlaması ərəfəsində tərəfdarları ilə görüşlər keçirən Ağ Evin sabiq rəhbəri Donald Tramp Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs olduğunu bildirib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.
“Bunu deyə biləcək yeganə namizəd mənəm - Üçüncü Dünya müharibəsinin qarşısını alacağam”, - deyə Donald Trampın Texasdakı mitinqdə dediyi sözlər tərəfdarlarının gurultulu alqışlarına səbəb olub.
Agentlik qeyd edir ki, bu yaxınlarda siyasətçi onun həbsinin bütün dünyada “ölüm və dağıntı” təhlükəsi yaradacağı barədə xəbərdarlıq etsə də, son çıxışı zamanı uzaqgörən fikirlərini söyləməkdən çəkinib. Bəlkə də ona görə ki, həbsin tarixi (21 mart) çoxdan keçib və təhlükəsizlik qüvvələri ona baş çəkməyiblər.
Eyni zamanda, Donald Tramp çıxışı zamanı Ukrayna münaqişəsini növbəti dəfə hakimiyyətə gəldikdən sonra 24 saat ərzində başa çatdıracağına söz verib. Lakin siyasətçi bunu necə edəcəyini izah etməyib.
ALMANİYADA SON 30 İLİN ƏN İRİMİQYASLI TƏTİLİ KEÇİRİLİR
Almaniyada 350 min nəqliyyat işçisi işləməkdən imtina edərək kütləvi tətillərə qoşulub. “Report” agentliyinin xəbərinə görə, hava, su və yerüstü nəqliyyat vasitələri işçilərinin tətil elan etməsi ilə ölkədə sanki həyat durub.
Bildirilir ki, Almaniyanın “Verdi” həmkarlar ittifaqının məlumatına görə, bu, nəqliyyat sektorunda son 30 ilin ən böyük tətilidir. Tətillə bağlı əvvəldən çağırışlar olub və bunu nəqliyyat sektorundakı bütün həmkarlar ittifaqları dəstəkləyiblər.
Məlumata əsasən, tətildən sadəcə şəhəriçi, şəhərxarici və hava nəqliyyatı təsirlənmir. Gəmilər və avtobandan istifadə etmək istəyən sürücü və sərnişinlər də saatlardır yollarda qalıblar. Avtobanlardakı tunellər bağlanılıb.
Həmkarlar İttifaqlarının da məqsədi ictimai nəqliyyatı iflic edərək, diqqəti maaş artımı ilə bağlı keçirdikləri tətilə çəkərək, bu yöndə hökumətə etdikləri təzyiqi artırmaqdır.
Həmkarlar ittifaqları nəqliyyat işçilərinin aylıq əmək haqlarının 10,5-12 faiz, yaxud 500-650 avro artırılmasını tələb edir.
MİSSİSİPİ ŞTATINDA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLİB
ABŞ-ın Missisipi ştatında ciddi dağıntılara səbəb olan tornado ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
ABŞ prezidenti Cozef Bayden 10-dan çox şiddətli tornadonun təsiri nəticəsində Missisipi və ətrafında 26 nəfərin həyatını itirməsinin ardından bölgə üçün federal fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
Ölkənin Milli Meteoroloji Xidməti ştatın Rolling Fork administrativ mərkəzində təsirli olan tornadonun 5 bal üzərindən 4 bal gücündə olduğu və sürətinin saatda 300 kilometri keçdiyi anların təsbit edildiyi barədə məlumat paylaşıb.
Qeyd edilir ki, ABŞ-ın Milli Meteoroloji Xidməti təbii fəlakətdən öncə ştatın Rolling Fork istiqamətində tornado ilə bağlı xəbərdarlıq edərək “özünüzü qorumaq üçün dərhal tədbir görün” bəyanatını yaymışdı.
ÇİN VƏ Aİ BELARUSDA NÜVƏ SİLAHI YERLƏŞDİRilMƏSİNİN ƏLEYHİNƏDİR
Çin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə qarşıdır. “Report” agentliyinin xəbərinə görə, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin martın 27-də keçirdiyi mətbuat konfransında bildirib.
XİN rəsmisinin sözlərinə görə, 2022-ci ilin yanvarında nüvə silahına malik 5 dövlətin liderləri nüvə müharibəsindən yayınmaqla bağlı birgə sənəd imzalayıb. “Orada qeyd olunub ki, nüvə müharibəsinin qalibi olmayacaq”, - deyə Mao Nin vurğulayıb.
Bununla yanaşı, Çin rəsmisi qeyd edib ki, hazırkı şəraitdə bütün tərəflər diplomatik səylərini Ukrayna böhranının sülh yolu ilə həllinə yönəltməli və vəziyyətin aradan qaldırılmasına birgə töhfə verməlidirlər.
Eyni zamanda, Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano da keçirdiyi brifinqdə bildirib ki, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi Avropanın təhlükəsizliyini birbaşa təhdid edə və gərginliyi artıra bilər.
P.Stano Rusiya prezidenti Vladimir Putinin məsələ ilə bağlı bəyanatına belaruslu həmkarı Aleksandr Lukaşenkonun reaksiyasını gözləməyə çağırıb.
LİVAN HÖKUMƏTİNİN QIŞ VAXTINI UZATMASI ÖLKƏNİ QARIŞDIRDI
Livanda hökumətin qış vaxtını bir ay uzatması ölkədə narazılıqlara səbəb olub. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Verilən xəbərə görə, hər il mart ayında başlayan yay vaxtının təxirə salınmasına hökumət heç bir səbəb göstərməsə də, bunun Ramazan ayı səbəbiylə reallaşdığı düşünülür. Martın 26-da Livanın rəsmi saatı dəyişməsə də, telefon və avadanlıqlarda avtomatik olaraq yay saatı tətbiq edilib.
Livanın Maronit kilsəsi mövzu ilə bağlı verdiyi açıqlamada “dəyişdirilməsi lazım olan, ancaq təxirə salınan saatın tətbiqi qərarına tabe olmayacaqları”nı bildirib. Bəyanatda qərarın qəbulu ilə bağlı onlarla danışılmadığı, beynəlxalq standartlar və digər tərəflərin fikirlərinin nəzərə alınmadığı qeyd edilib.
Kilsənin bu açıqlamasından sonra xristian qeyri-hökumət təşkilatları, məktəblər və partiyalardan hökumətin vaxta uyğun qərarına əməl olunmayacağı və “yay saatı”nın qəbul ediləcəyi bildirilib.
RUSİYA XİN-i “ŞİMAL AXINI”nın BƏRPASI İLƏ BAĞLI ŞƏRTLƏRİ AÇIQLAYIB
“Şimal axını” qaz kəmərlərinin bərpası üçün Qərb ölkələrindən müəyyən ilkin şərtlər lazımdır”. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Dmitri Biriçevski bildirib.
XİN rəsmisinin sözlərinə görə, söhbət, xüsusilə, Rusiya tərəfinin boru kəmərlərində təxribatın təhqiqatına buraxılmasından gedir.
“Qərb ölkələrinin Rusiyanın özünün enerji obyektində terror aktını araşdırmasının qarşısını almaq üçün hazırkı hərəkətləri enerji sektorunda Rusiya ilə normal münasibətlərdə maraqlı olmadıqlarını göstərir”, - deyə D.Biriçevski vurğulayıb.
Rusiya rəsmisinin sözlərinə görə, hazırda boru kəmərlərinin gələcək taleyi haqqında danışmaq hələ tezdir. Lakin bir sıra ekspertlər hesab edirlər ki, zədələrin bərpası mümkündür, çünki yarılma yerləri cəmi 100 metr dərinlikdədir ki, bu da lazımi təmir işlərinin aparılmasına imkan verir.
Eyni zamanda, departament rəhbəri bir müddət öncə qeyd etmişdi ki, Rusiya müəyyən bir zamanda “Şimal axını” qaz kəmərlərinin partlaması ilə bağlı dəyən ziyanın ödənilməsini tələb edə bilər.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.