Ötən ilin yekunları və qarşıda duran vəzifələr
İQTİSADİYYAT

Ötən ilin yekunları və qarşıda duran vəzifələr

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci ildə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Azərbaycanda aparılan uğurlu islahatlardan danışan Xidmət rəisi Mətin Eynullayev bildirib ki, Dövlət Xidməti ölkə başçısının fərman və sərəncamları ilə verilmiş tapşırıqların vaxtında və tam həcmdə icrasının təmin edilməsi istiqamətində işlərini davam etdirir.

Ötən il ərzində Dövlət Xidməti tərəfindən daşınmaz əmlak idarəçiliyi və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətlərində tədbirlər həyata keçirilib. Dövlət Xidmətinin rəisi bildirib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində Dövlət Xidmətinin fəaliyyət sahələri ilə bağlı işlər sürətlə davam etdirilməlidir.

Tədbirdə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan, investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli olan özəlləşdirilmə prosesinin sürətləndirilməsi, o cümlədən dövlət əmlakının icarəyə verilməsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı işlərdən bəhs olunub. Qeyd olunub ki, hüquqların elektron qeydiyyatı üçün zəruri sənədlərin və məlumatların informasiya sistemləri vasitəsilə əldə edilməsi prosesi intensivləşdiriləcək.

İclasda Xidmət nümayəndələrinin çıxışları dinlənilib.

Nəriman  CAVADOV,

"Respublika".