Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Buz dövrünə aid virus yenidən canlandırıldı

Elm aləmində təəccüblü bir yeniliyə imza atılıb. Belə ki, beynəlxalq tədqiqat qrupunun  48 min 500 illik  qədim  virusu yenidən canlandırması  böyük əks-səda doğurub.

Sciencenews.org veb saytında yayımlanan informasiyaya da Sibirin  ermafrostunda (donmuş torpaq) tapılan yeni virusun 48 min 500 il yaşı olduğu göstərilir. Fransanın Aix-Marseille  Universitetinin tədqiqatçısı Jan-Mişel Klaveri "New Scientist"ə  verdiyi açıqlamasında bu qədər müddətin dünya rekordu olduğunu bildirib. Qeyd edək ki, komanda heyəti son araşdırmalarında ümumilikdə 9 qədim virusu tədqiq edib.

Buz dövrü ilə bağlı araşdırmalar apararaq ortaya ağlasığmaz faktlar çıxaran alimlər, yeni tapdıqları 9 qədim virusun laboratoriya şəraitində   amöblərə yoluxduğunu müşahidə ediblər. Daha sonra isə  tədqiqatçılar bu cür qədim virusların hələ də canlı orqanizmləri yoluxdura bilmə qabiliyyətinə malik olduğunu ortaya çıxarıblar.

Məlumat üçün qeyd edək ki, Rusiya, Fransa və Almaniya alimlərindən ibarət beynəlxalq tədqiqat  qrupu əvvəllər 30 min il yaşı olan iki qədim virusu canlandırmağı bacarmışdı. Komanda tərəfindən aşkar edilən həmin viruslar bu günə qədər canlandırılan  ən qədim  viruslar hesab edilirdi.

"Həqiqətən çox böyük  bir təhlükə var. Hər keçən gün yeni  bakteriya və viruslar ortaya çıxır. Lakin əfsuslar olsun ki,  indiyədək potensial təhlükənin səviyyəsini qəti şəkildə müəyyən etmək mümkün olmayıb”,-deyə Klaveri qeyd edib.

 

 Kosmosdan Yerə elektrik enerjisi verilə bilər

Fosillərdən əldə edilən yanacaq asılılığına son qoymaq üçün çox mühüm bir addım atıla bilər. Belə ki,  Avropa Kosmik Agentliyi (ESA) kosmosda günəş panellərindən ibarət nəhəng peyklər quraşdıraraq elektrik enerjisi istehsal etməyi hədəfləyir.

“Solaris” proqramı çərçivəsində kosmosda günəş enerjisi istehsal etməyi planlaşdıran agentlik, Yer kürəsində  elektrik enerjisi çatışmazlığına son qoymaq niyyətindədir. BBC-nin yaydığı xəbərə görə, ESA kosmosda günəş panelləri ilə təchiz olunmuş nəhəng peyklər quraraq elektrik stansiyaları ilə eyni səviyyəyə malik enerji istehsal etməyi hədəfləyir.

Planetimizdəki  elektrik şəbəkələrinə kosmosdan enerji  ötürülməsinin mümkün olub-olmadığını araşdıracaq proqramda, ilk növbədə mikrodalğalı şüaların istifadəsi və elektrik enerjisinin simsiz şəkildə Yerə ötürülməsi öyrəniləcək. 

ESA-nın baş direktoru Josef Aschbacherin sözlərinə görə, kosmosdan günəş enerjisinin əldə edilməsi gələcəkdə enerji çatışmazlığının qarşısını ala bilər.

  Günəş enerjisinin kosmosdan əldə edilməsi fikri  50 ildən artıqdır ki, mövcud olsa da bu ideyanın həyata keçirilməsi olduqca çətin və çox sərmayə tələb etdiyi  üçün  qeyri-mümkün hesab olunurdu. Lakin hazırda  yenidən istifadə oluna bilən raketlər kimi inkişaf edən bir çox  texnoloji yeniliklər sayəsində  bu ideyanın reallaşması daha çox əlçatan görünür.

Məlumat üçün qeyd edək ki, mühəndislər bu ilin sentyabr ayında Münhen aerokosmik firması Airbusda keçirilən sərgidə günəş batareyalarından toplanan elektrik enerjisini naqilsiz olaraq 30 metrdən çox uzaqlıqdakı kollektorlara  göndərməyi bacarmışdılar.

 

“Google”dan daha bir yenilik

"Google"  şirkəti yeniliklər etməkdə davam edir. Bu dəfə isə  məxfi layihə üzərində çalışan şirkət fərdi şəkildə proqram kodu yaza biləcək süni zəka sistemi üzərində işləyir.

"Sözcü" qəzetinin  yaydığı informasiyaya görə,  yeni  layihə çərçivəsində neyron şəbəkəsi əsasında proqram kodunu generasiya edə biləcək süni zəka sistemi hazırlanır. Məlumata əsasən, bu cür sistem fərdi şəkildə proqram kodları yaratmaqla yanaşı, onları yeniləyə və oradakı səhvləri aradan qaldıra bilər. Bu layihə "Google" şirkətinin foto, video və s. generasiya etməyi bacaran süni zəka alqoritmlərinin yaradılması ilə bağlı olan daha böyük proqramının bir hissəsidir. Məlumatda həmçinin qeyd edlib ki, proqram kodunun generasiyası layihəsi Pitchfork kod adına sahibdir.  O, Alphabet holdinqinin “X” adlı şöbəsində yaradılıb. Bu ilin yay fəslində isə Google komandasının mühəndisləri bu layihəni reallaşdırmağa başlayıblar.

Pitchfork proqram kodu özü-özünü yazmaq və təkmilləşdirmək üçün hazırlanır. Güman olunur ki, bu layihə çərçivəsində yaradılacaq süni zəka alqoritmi proqramlaşdırma tərzini analiz edəcək və əldə edilmiş məlumatlar əsasında kod yaza biləcək.

 

 

 

Ayda nüvə bazası qurulacaq

Çin  Ayda nüvə enerjisi ilə işləyən baza inşa etməyi planlaşdırır. Layihədə  ətraf mühit və günəş işığından asılı olmadan  uzunmüddətli və etibarlı enerji mənbəyi təmin etdiyi üçün məhz nüvə enerjisinə üstünlük veriləcəyi gözlənilir.

"Live science" jurnalında dərc edilən xəbərə görə, bu barədə Ay kəşfiyyatı proqramının baş dizayneri  Vu Veyr öz müsahibəsində məlumat verib.

On il ərzində Aya insanlı ekspedisiyalar təşkil etməyi hədəflədiklərini bildirən Vu nüvə enerjisi ilə işləyəcək bazanın tikintisinin 2028-ci ilə qədər başa çatdırılacağını söyləyib.

Məlumat üçün qeyd edək ki, Çin  2019-cu ildə "Çing 4"  roverini Ayın qaranlıq səthinə endirməklə buna nail olan ilk ölkə olmuşdu. Daha sonra isə 2021-ci ildə kosmosa  buraxılan Çinin  kəşfiyyat roveri "Chang 5" Ayın səthindən qaya və torpaq nümunələri toplayaraq Yer kürəsinə  gətirmişdi.

2028-ci ilə qədər planlaşdırılan "Chang 8" missiyası ilə isə Ayın cənub qütbündə elmi araşdırma stansiyasının əsasını təşkil edəcək bazanın təkərli rover kimi bir sıra texniki kəşfiyyat vasitələri ilə  təchiz  olunacağı bildirilib. Bundan əlavə,  Ay stansiyasında uzunmüddətli və yüksək enerji ehtiyaclarını qarşılamaq üçün yeni bir sistemin də  hazırlanacağı vurğulanıb.

Sistemin texniki tərəfləri haqda  heç bir məlumat verilməsə də,  onun bir meqavat elektrik enerjisi istehsal edə bilən nüvə reaktoru olacağı təxmin edilir.

Çinin hələ də Marsda kəşfiyyat fəaliyyətlərini davam etdirdiyini qeyd edən Vu gələcəkdə Yupiter, Uran və Asteroid qurşağına istiqamətlənən missiyaları həyata keçirməklə bərabər, Günəş Sisteminin astanasına  müşahidə peyki göndərməyi də planlaşdırdıqlarını bildirib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.