Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Xəlil Rza Ulutürk

Elə insanlar var ki, onların bənzəri var. Lakin haqqında bəhs edəcəyimiz bu görkəmli şəxsiyyət bəlkə də dünyada oxşarı olmayan insandır. Bənzərsizdir! Onun oxşarı yalnız özüdür. Söhbət istiqlal mücahidi, Xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Xəlil Rza Ulutürkdən gedir... Şair sanki təbiətə bənzəyirdi. Gah sel kimi guruldayır, daşır, gah da ildırım kimi çaxırdı. Hətta bəzən o qədər emosionallaşırdı ki, şeir söyləyəndə köynəyini belə cırırdı... Sevdiyi qıza görə onun tələbə yoldaşını döyməkdən də çəkinməmişdi...

Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş körpəyə babası Xəlil öz adını verib. Qayğı və nəvazişlə böyüyən gələcəyin şairi yeddi yaşı olanda 2 nömrəli Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Mübaliğəsiz demək olar ki, onun uşaqlığı kitabların arasında keçib. Şair Sabiri, Mirzə Cəlili elə o zamanlar oxuyubmuş. Yaradıcılığa isə 16 yaşında yazdığı "Kitab" şeiri ilə başlayıb.

Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq poeziyada şəxsiyyətini, şəxsiyyətində isə ədəbiyyatdakı amallarını gerçəkləşdirmiş şairlərdəndir. Ədəbi azadlıq və cəsarətin meydanının dar olduğu durğunluq illərində belə, bəzən açıq-açığına, bəzən isə sətiraltı mənalarla fikrini oxucusuna çatdırmaqdan çəkinməyib. Vətən sevgisi onun bənzərsiz şair taleyi yaşamasına səbəb olub. Azərbaycana məhəbbət, milli ənənəyə, kökə bağlılıq üzündən başı çox bəlalar çəkib.

Şairin gələcək həyat yoldaşı Firəngiz xanımla olan eşq macərası dillərdə dastandır. Belə ki, Firəngiz xanım 1-ci kursda, Xəlil isə 4-cü kursda oxuyurmuş. Qızın bacısı Xəlil Rza ilə bir yerdə oxuduğundan şair Firəngiz xanımla tez-tez qarşılaşır və ondan xoşu gəlir. O zamandan onun arxasınca düşür. Əslində, bu, xanıma narahatlıq versə də, bir yandan da Xəlilin cəsarəti onun diqqətini çəkməyə başlayır. Xəlil məktublar yazır, o isə gecələr fürsət düşəndə gizlincə oxuyurmuş. Xəlil Rzanın tez-tez Firəngizin oxuduğu auditoriyada görünməsi oğlanların xoşuna gəlmir. Mübahisələr, söz-söhbətlər... Bir dəfə isə hətta Xəlil Firəngizin qrup yoldaşlarından biri ilə əlbəyaxa olur. Bu isə böyük problemlər yaradır, hətta onun universitetdən qovulması məsələsini belə gündəmə gətirir. Sonra rektor Əlövsət Quliyev tərəfləri barışdırıb məsələni həll edir.

Milli azadlıq hərəkatının başladığı vaxtlarda Xəlil Rza təkcə rus millətçiləri ilə deyil, rus sözləri ilə də mübarizə aparırdı. O, danışığında rus sözlərindən istifadə edənləri cərimələyirdi. Belə ki, doğma dilimizdə təmiz danışa bilməyən adamlardan hər yabançı sözə görə 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı adamlar üçün isə 1 manat verərdi. Toplanan pulları isə şairlərin yeyib-içmək məclislərində xərcləyərdi. Soyadlardakı "ov", "yev" hissəciyindən imtina edən şair adamları da o cür çağırırdı. Misal üçün, Sabir Əhmədov yox, Sabir Əhməd, İsa Hüseynov yox, İsa Hüseyn...

Gülü çox sevən şair həyətindəki bütün gülləri öz əlləri ilə əkibmiş. Arxiv səliqəsi ilə də hər kəsdən seçilən Xəlil Rzanın gün ərzində baş verən hadisələri qeydə almaq kimi vərdişi vardı. Həyat yoldaşı Firəngiz xanım isə bu gündəlikləri yığıb çap etdirirdi. Hətta o qızıllarını satıb şairin kitablarının nəşrinə xərcləmişdi.

Bir gün həmyerlisi şair Əlisəmid Kür ondan borc almağa gedir. Fikirləşir, 100 manat desəm, verməz, 50 deyim. Və o cür də edir. Xəlil Rza bir topa onluq çıxarıb üstündən beş dənə sayır, stolun üstünə qoyur və dəftərinə nəsə qeyd edir. Əlisəmid onun cibində pulun çox olduğunu görüb deyir: "Xəlil müəllim, əslində mənə yüz lazım idi, dedim birdən olmaz, ona görə əlli dedim. İmkan varsa, beşini də qoy üstünə". Şair isə belə cavab verir: "Olmaz artıq, gündəliyə 50 yazdım! Dəftəri qaralaya bilmərəm".

Şair təbiətcə çox emosional, həssas adam olub. Hətta görüşlərin birində emosional vəziyyətdə şeir oxuyan Xəlil Rza gözlənilmədən vəcdə gələrək, köynəyinin yaxasını cırıb.  Görüşdən sonra tədbiri təşkil edənlər deyiblər ki, şair, tələsmə, sənə köynək alıb gətirək. Xəlil Rza diplomatını açıb, içindən təzə köynək çıxarıb deyib: "Narahat olmayın, özümdə ehtiyat var"...

Bir dəfə Xəlil Rza Gəncədə yaşayıb işləyən füzulişünas-alim Sabir Əliyevlə Bakıda gəzirmiş. Qarşısına çıxan tanışlara Sabir müəllimi uzun-uzadı təqdim edirmiş. Bir dəfə, iki dəfə, beş dəfə... Axırı şair bezib belə deyir: "Sabir, səni tanıtmaqdan yoruldum, sən canın məşhurlaş, canım qurtarsın!".

Uzun sürən xəstəliklərdən sonra 61 yaşında əbədiyyətə qovuşan Xəlil Rza Fəxri Xiyabanda dəfn olunub.

Piter Paul Rubens

"Üç Qrasiya", "Levkippin qızının qaçırılması" kimi əsərləri ilə Avropada barokko dövrünün canlılığını və həssaslığını əks etdirmiş flamand rəssamı Piter Paul Rubens... Onu müasirləri "rəssamların kralı və kralların rəssamı" adlandırırdılar...

Rəssam Zigendə (Vestfaliya, indiki Almaniya ərazisi) anadan olub. O, hüquqşünas Yan Rubensin yeddinci övladı idi. Rubenslər ailəsi uzun müddət Antverpendə yaşamış, daha sonralar isə Köln şəhərinə köçmüşdür. Bu müddət ərzində Yan protestantlığa meyil etməyə başlamış, bu isə katolik cəmiyyətinin xoşuna gəlməmişdir. Məhz bu səbəbdən də o, ailəsi ilə İspaniyaya köçmək məcburiyyətində qalmışdır. Yanın vəfatından sonra isə həyat yoldaşı Mariya uşaqları ilə birlikdə Antverpenə qayıtmış, lakin həmin ərəfələrdə onun cəmi üç uşağı - on üç yaşlı Filip, doqquz yaşlı Piter Paul və onların böyük bacıları Blandina sağ qalmışdı. Digərləri isə hələ uşaq ikən ölmüşdülər.

Təbiətcə sakit və həlim xarakterə sahib olan rəssam İzabella Brandt adlı xanımla evlənib. Onların bu izdivacdan Albert və Nikolas adlı iki övladları dünyaya gəlib. Cütlüyün evlilik həyatı uğurlu olsa da, lakin İzabella xanım gənc yaşlarda vəfat edib. Uzun müddət sarsıntı keçirən rəssam bir neçə il sonra həyat yoldaşının qardaşı qızı 16 yaşlı Helena Fourmentlə ailə həyatı qurub.

Sərt kilsə qadağaları çərçivəsində işləməyə məcbur olan Rubens əsərlərində cərəyan edən hadisələrin bütün dramatizmini, ağrı-acısını cəmi bir neçə fiqurun köməyi ilə ifadə edə bilib. Rubens Cənubi Niderland hökmdarları - İnfanta İzabellanın və ers-hersoq Albertin saray rəssamı olub. Antverpenin ən gözəl guşələrindən birində onun öz layihəsi əsasında inşa olunmuş evi və emalatxanası - "Rubens-hyuz" günümüzə qədər gəlib çatıb. Bu evdən təqribən üç min tablo və çoxlu sayda gözəl rəsm əsəri çıxıb.

Bir gün Rubens şagirdlərinin mətbəxdə söhbətini eşidir. Onlardan biri digərinə deyir: "Bilirsən, əslində o, bizsiz heç nə edə bilməz. Mən mənzərə, sən isə heyvan şəkilləri çəkirsən. İşin böyük qismini biz görürük. Bəs o, nə edir? Yalnız şöhrət qazanır...". Rubens heç nə demədən sakitcə emalatxanasına keçir və bir gecədə çoxlu sayda heyvanın, sevimli mifoloji qəhrəmanlarının təsvir olunduğu gözəl bir mənzərə yaradır. Ertəsi günü əsəri şagirdlərinə göstərib deyir: "Mən işi sürətləndirmək üçün sizi cəlb edirəm. Amma sizsiz də keçinə bilərəm. Bəs onda mənzərələri və heyvanların şəklini harada çəkəcəksiniz?".

Rəssam 62 yaşında ürək çatışmazlığından vəfat edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".