Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər
Kolomares qəsri
İspaniyanın Əndəlüs muxtar icmasına aid Malaqa əyalətində inşa olunan fantastik "Kolomares qəsri" məşhur səyyah Xristofor Kolumba və Amerikanın kəşfinin 500 illiyinə həsr olunub. 1987-ci ildə başlayan inşaat işlərinə tikinti sahəsində təcrübəsi olmayan tibb elmləri doktoru, cərrah Esteban Martin rəhbərlik edib. Doktor Esteban Martin qalada orta əsrlərdə İspaniyanın Xristian, Yəhudi və İslam mədəniyyətinin elementlərini harmonik şəkildə birləşirib. Memarlığın şah əsəri hesab edilən bu qəsr 1994-cü ildə istifadəyə verilib.
Ümumi sahəsi 1,5 min kvadratmetr olan qala Bizans, Roma, Qotika və Mooriş üslublarında tikilib. Tikintisində təbii daşdan, kərpicdən və ağacdan istifadə edilən qalanın ərazisində cəmi 1,96 kvadratmetr sahəsi olan dünyanın ən kiçik kilsəsi inşa olunub. Heyrətamiz qalanın hər daşında yeni dünyanın əfsanəvi hekayəsi və Kolumbun Asiya sahillərinə çatmasını simvolizə edən Çin paqodası da təsvir edilib. Həmçinin abidənin fasadına X.Kolumbun üç gəmisi - "Santa Mariya", "Nina" və "Pinta" həkk olunub.
Geologiya Muzeyi
Ş əhər Təkmilləşdirmə Proqramı çərçivəsində yaradılan Geologiya Muzeyi Meksikada Yukatan əyalətinin paytaxtı Merida yaxınlığında inşa olunub. "Estudio MMX" memarlıq bürosu tərəfindən layihələndirilən qeyri-adi muzey kompleksi Yukatan adasındakı qədim Mayya memarlığı əsasında yaradılıb. Burada memarlıq abidələrinin əksəriyyəti ortoqanal proyeksiyada olduğu üçün "Estudio MMX" bürosunun dizaynerləri də muzeyi məhz bu formada hazırlayıblar. Yukatan çox küləkli ərazi olduğundan muzey bir neçə hissədən ibarət xırda binalar şəklində inşa edilib.
Yerləşdiyi ərazinin landşaftına uyğun olan kompleksin fasadının açıq rəngdə olması günəş şüalarının daha asan əks edilməsi üçün nəzərdə tutulub. Bir neçə hissədən ibarət olan muzeyin fasadı Meksikada bitən kiçik tikanlı ağacın tozundan hazırlanan gipslə örtülüb. Yerli istehsal olan bu material suyadavamlı və çox yumşaq olduğuna görə, memarlar istənilən detalı və formanı rahat şəkildə əldə edə biliblər.
Müxtəlif sərgilərin təşkil olunduğu muzeydə seminarların, tədris proqramlarının və tədbirlərin keçirilməsi üçün geniş auditoriyalar var.
Dasin Hava limanı
Çinin mülki aviasiya tarixinin ən bahalı layihəsi olan Dasin Hava Limanı Pekinin mərkəzindən 46 kilometr aralıda inşa olunub. Dəniz ulduzunu xatırladan dünyanın ən böyük beynəlxalq hava limanının tikintisi 13,1 milyard dollara başa gəlib. Layihənin müəllifi Pekin Memarlıq Dizayn İnstitutu ilə əməkdaşlıq edən iraq əsilli məşhur ingilis memarı Zaha Hadid olub. Memar layihəni 2010-cu ildə təqdim etsə də hava limanının tikintisinə 2014-cü ildə başlanılıb.
Futuristik tikili müasir Pekinin təkcə texnoloji möcüzəsi deyil, həm də konseptual və funksional muzeyidir. Bütün regionun iqtisadiyyatının inkişafı üçün təkan olan Dasin Hava Limanı yüksək sürətli və regional dəmir yolları üçün kəsişmə nöqtəsi rolunu oynayır. 2025-ci ilə qədər hava limanında aviaterminaldan başqa dəmiryolu qovşağının tikilməsi də nəzərdə tutulur.
Ümumi sahəsi 1 milyon kvadratmetr olan kompleks altı qollu ulduz şəklində dizayn edilib. Dünyanın ən böyük dam örtüyünə malik nəhəng kompleks konstruktiv tikişlər olmadan layihələndirilib. Burada 80-ə yaxın çıxış olsa da terminalın özünəməxsus forması hesabına onun mərkəzindən uçuş-eniş zolağının istənilən çıxışına bir neçə dəqiqə ərzində çatmaq mümkündür.
Hazırladı:
Arzu ASİFQIZI,
"Respublika".