DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ PUTİN BIR SIRA MƏSƏLƏLƏRI MÜZAKIRƏ EDIBLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub. “TRT” telekanalının xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Açıqlamaya əsasən, tərəflər Türkiyə-Rusiya münasibətləri və taxıl dəhlizi başda olmaqla regional məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan söhbət zamanı taxıl ixracı ilə bağlı İstanbulda imzalanmış sazişin 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə Putinə təşəkkür edib.

Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin bir sıra riskləri artıracağını və bu səbəbdən diplomatik danışıqların yenidən başlanmasının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ kəşfiyyat təşkilatlarının rəhbərlərinin Türkiyədə keçirilən görüşünün artan gərginliyin qarşısının alınmasında mühüm rol oynadığını bildirib.

 

QLOBAL İSTİLƏŞMƏ İLƏ MÜBARİZƏYƏ 100 MİLYARD DOLLAR AYIRMAQ ÇAĞIRIŞI

İnkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi ilə bağlı problemləri həll etmək üçün 100 milyard dollara ehtiyac duyurlar. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş iqlim konfransının yekun tədbirlərində iştirak etmək üçün Misirə səfəri zamanı jurnalistlərə açıqlamasında bəyan edib.

“Konfrans iştirakçıları təcili olaraq maliyyə məsələlərini həll etməlidirlər. Bu, inkişaf etməkdə olan ölkələrin iqlim gündəmini maliyyələşdirmək üçün 100 milyard dollar ayırmaq deməkdir. Bu, dayanıqlı yol xəritəsini tələb edən maliyyələşdirmənin hansı şəkildə ayrılacağının aydınlaşdırılması anlamına gəlir”, - deyə baş katib vurğulayıb.

Eyni zamanda, Antonio Quterreş əlavə edib ki, o, Paris iqlim konfransının 2030-cu ilə qədər qlobal temperatur artımını 1,5 dərəcə selsi səviyyəsində məhdudlaşdırmaq məqsədinə nail olmaq niyyətindədir.

 

YAPONİYADA İNFLYASİYA ƏN YÜKSƏK HƏDDƏ ÇATIB

Yaponiyanın əsas istehlak inflyasiyası oktyabr ayında 1982-ci ilin fevral ayından bu yana rekord - 3,6 faizə çatıb və bu, Yaponiya Bankının davamlı inflyasiya hədəfi olan 2 faizdən xeyli yuxarıdır. “Report”un məlumatına görə, bunu ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin statistikası göstərir.

Ölkədə bahalaşmanı əks etdirən əsas göstərici yanacağın maya dəyərini əhatə edir, lakin tez xarab olan məhsulların qiymətləri çox güclü dalğalanmalara məruz qaldığından onlar nəzərə alınmır. Yaponiya Bankı inflyasiya hədəfini məhz bu indeks üzrə müəyyən edir. Eyni zamanda, sentyabrda bu mallar nəzərə alınmaqla inflyasiya 3,7 faiz təşkil edib.

Yaponiyada rekord inflyasiya enerji və ərzaq qiymətlərində qlobal artım, eləcə də yapon yeninin əhəmiyyətli dərəcədə zəifləməsi fonunda qeydə alınıb. Qiymətlərin artım templəri hətta istehlak vergisinin yüksəlməsi səbəbindən inflyasiyanın sürətləndiyi 2014-cü ilin göstəricilərini də üstələyib.

 

ŞİMALİ KOREYA NÖVBƏTİ DƏFƏ BALLİSTİK RAKETİNİ SINAQDAN KEÇİRİB

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın qitələrarası ballistik raketi sınaqdan keçirdiyini  açıqlayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Cənubi Koreyanın Baş Qərargahı Şimali Koreyanın qitələrarası ballistik raketi şərqə doğru buraxdığını açıqlayıb. Yaponiya Müdafiə Nazirliyi də raketin Koreya yarımadasının qərbindən buraxıldığını təsdiqləyib.

Bununla yanaşı, Yaponiyanın müdafiə naziri Yasukazu Hamada Şimali Koreyanın raket sınaqları keçirməsinə qarşı olduqlarını qeyd edib. O, həmçinin regional gərginliyin getdikcə artdığını diqqətə çatdırıb.

Məlumata əsasən, qitələrarası ballistik raket Yaponiyanın şimalındakı Hokkaydo bölgəsinin qərbinə düşüb. Həmçinin bölgədəki  dəniz və hava nəqliyyat vasitələrinə ziyan dəymədiyi bildirilib.

Yaponiyanın “NHK” telekanalı son sınaqla Pxenyan rəhbərliyinin bu il 34-cü raket sınağını həyata keçirdiyini açıqlayıb.

 

“CNN”: ABŞ-IN UKRAYNA ÜÇÜN SİLAH SİSTEMLƏRİ TÜKƏNMƏK ÜZRƏDIR

ABŞ-ın Ukraynaya göndərilə bilən silah sistemləri və sursatları tükənmək üzrədir. “Report” agentliyinin məlumatına görə, bu barədə “CNN” telekanalı vəziyyətdən xəbərdar olan və adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verib.

Mənbələrin sözlərinə görə, ABŞ ordusunun doqquz ay ərzində Kiyevə daimi göndərişlər səbəbindən ehtiyatları tükənib. Xüsusilə, söhbət 155 mm-lik döyüş sursatlarından, həmçinin “Stinger” portativ zenit-raket komplekslərindən gedir.

Eyni zamanda, rəsmilər vurğulayıblar ki, Ukraynaya tədarüklər ABŞ ordusunun döyüş hazırlığının ehtiyatlarına təsir etmir, çünki hər bir çatdırılma strateji ehtiyatlara təsiri baxımından qiymətləndirilir.

Bununla yanaşı, Avropalı müttəfiqlər öz qüvvələrinin təchizatını saxlamaq zərurəti ilə əlaqədar Ukraynanın hərbi tələblərini adekvat şəkildə ödəyə bilmir.

“Biz bu müharibənin bir neçə günə bitəcəyini düşünürdük, lakin indi illər tələb oluna bilər. Qlobal təchizat zəncirlərinin iflasa uğradığı bir vaxtda Qərbin bu yüksək tələbi qarşılaması çox çətin olacaq”, - deyə “CNN” Nümayəndələr Palatasının üzvü Maykl Kuiqlidən sitat gətirib.

 

ƏHALISININ SAYINA GÖRƏ ƏN BÖYÜK DİASPORA MALİK ÖLKƏLƏR MƏLUM OLUB

“Forbes” jurnalı əhalisinin sayına görə ən böyük diaspora malik ölkələrin siyahısını dərc edib. “TRT” Telekanalının verdiyi xəbərə görə, Siyahıda ilk sırada Cənubi Amerikanın şimal-şərqində yerləşən Qayana Kooperativ Respublikası qərarlaşıb. Bosniya və Herseqovina ən böyük diaspora malik ölkələr siyahısında ikinci yeri tutub.

Eyni zamanda, əhalisinin 34 faizi digər ölkələrdə yaşayan Bosniya və Herseqovina ikinci, əhalisinin 30 faizi mühacirətdə olan Albaniya isə üçüncü sırada yer alıb.

Bildirilir ki, Bosniya və Herseqovinanın böyük diaspora malik olmasının səbəbi 1992-1995-ci illərdə baş verən müharibə, Albaniyanın isə 40 il müddətində kommunizm və beynəlxalq təcrid dövrü keçirməsidir.

Siyahıda dördüncü sırada 8 milyon vətəndaşı başqa ölkələrdə yaşayan Suriya dayanır.

Qeyd edək ki, 151 ölkənin yer aldığı siyahıda sonuncu pillədə əhalisinin cəmi 1 faizi başqa ölkələrdə yaşayan ABŞ qərarlaşıb.

 

“FACEBOOK” RÜŞVƏTƏ görƏ BİR SIRA ƏMƏKDAŞLARINI İŞDƏN ÇIXARIB

Amerikanın “Meta” şirkəti son bir il ərzində 20-dən çox işçi və podratçını istifadəçi hesablarını sındırmaqda və rüşvət almaqda ittiham edərək işdən çıxarıb və ya cərimələyib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri mənbələrinə istinadən məlumat yayıb.

“Meta ötən il ərzində istifadəçi hesablarını qeyri-qanuni şəkildə ələ keçirməkdə, bəzi hallarda isə rüşvət almaqda ittiham etdiyi iyirmidən çox işçi və podratçını işdən çıxarıb və ya intizam tənbehi edib”, - deyə nəşr qeyd edib.

Mənbələrin bildirdiyinə görə, bəzi podratçılar hesablarında problem olan istifadəçilərə kömək etmək üçün yaradılmış “Oops” mexanizminə giriş əldə ediblər. Bəzi hallarda işçilər hesablara giriş əldə etmək üçün üçüncü tərəf hakerlərindən rüşvət alıblar.

Qəzetin sitat gətirdiyi şirkəti təmsil edən Endi Ston qeyd edib ki, “Meta” belə sxemlərdə iştirak edənlərə qarşı müvafiq tədbirlər görməyə davam edəcək.

Məlumat üçün qeyd edək ki, ötən il oktyabrın 28-də “Facebook” adının “Meta” olaraq dəyişdirildiyini elan edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.