ŞANLI QƏLƏBƏ
Digər xəbərlər

ŞANLI QƏLƏBƏ

44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən savaşı tariximizin ən parlaq səhifəsinə, xalqımızın qürur mənbəyinə çevrildi. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. Dövlət başçısı sübut etdi ki, yalnız hərb meydanında müzəffər sərkərdə deyil, həm də diplomatik cəbhədə böyük strateq, uzaqgörən siyasətçidir. Ali Baş Komandanımız siyasi dühası ilə informasiya müharibəsində də Azərbaycanın haqq səsi oldu, cəsarəti ilə bütün basqılara sinə gərdi.

Əlbəttə, böyük zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan silahlı qüvvələrinə ağır zərbələr vurmuşdu. Xüsusən, 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı sayılır. Aprel döyüşlərində düşmən ağır itki verərək silah-sursatını atıb qaçdı, bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Lakin iki il sonra, 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı, Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Ancaq düşmən bu dəfə də layiqli cavabını aldı. Tovuz döyüşləri böyük Zəfərimizə təkan verən əsas hadisə kimi tarixə düşdü. Bu döyüşdə də erməni tərəfinin yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edildi. Xüsusilə, vurğulamaq lazımdır ki, cənab Prezident hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edirdi. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Təşkilatı (Türk Şurası) və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Nəticədə, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqeləri əhəmiyyətli dərəcədə gücləndi. Uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı.

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Bir neçə gün ərzində düşmənin "yenilməzlik" mifologiyası darmadağın edildi. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Bu müsahibələr informasiya məkanında düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu.

Müharibənin kulminasiya nöqtəsi heç şübhəsiz noyabrın 8-də Qarabağın incisi - Şuşanın düşmən işğalından azad edilməsi oldu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu, ata vəsiyyətini yerinə yetirdi. Dövlət başçısı "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən ulu öndərin arzusunu reallaşdırdı: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!".

Nəhayət, Paşinyan hakimiyyəti reallığı qəbul etdi və noyabrın 10-da Ermənistan "ağ bayraq" qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi.

Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Çünki Şuşa şəhərinin noyabrın 8-də 28 illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Məhz dillərə dastan olan Şuşa əməliyyatı düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Böyük qələbə, eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Şübhəsiz, bu qələbəni bizlərə yaşadan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, habelə güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu.  

2021-ci il 12 aprel tarixində Bakı şəhərində möhtəşəm zəfərimizin təntənəsi olan Hərbi Qənimətlər Parkının açılışı oldu. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

"Dəmir Yumruq" əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq.

Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü qeyd edən ədliyyə işçiləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir, onların xatirəsini böyük ehtiramla yad edirlər.

Elmar ƏLİYEV,

Bakı şəhəri 14 saylı notariat

ofisinin notariusu.