Safıkürd Su Anbarına 12 ildən sonra ilk dəfə kifayət qədər su toplanıb
Region

Safıkürd Su Anbarına 12 ildən sonra ilk dəfə kifayət qədər su toplanıb

Azərbaycanın kənd təsərrüfatı rayonlarında əkin sahələrinin suvarılması üçün su ehtiyatlarının toplanması tədbirləri davam etdirilir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Goranboy Suvarma Sistemləri İdarəsi tərəfindən cari ilin 6 ayında əkin sahələrinə 958 ədəd subartezian quyusu vasitəsilə 190 min kubmetr, 16 ədəd nasos stansiyası vasitəsilə 19 min kubmetr, təbii su mənbələrindən isə 18500 min kubmetr su verilib. Suvarmanın mütəşəkkil aparılması üçün idarənin texnikaları ilə suvarma kanallarında lildən təmizləmə, nasos stansiyalarda və 380 ədəd subartezian quyusunun nasoslarında təmir işləri aparılıb. Bu il 12 ildən sonra ilk dəfə olaraq Goranboy rayonunda yerləşən Safıkürd Su Anbarına kifayət qədər su toplanıb. Bu da 20 min hektara yaxın sahənin suvarılmasına imkan yaradacaq.

Goranboy Suvarma Sistemləri İdarəsi rayon ərazisindən axan çay məcralarının təmizlənməsi istiqamətində də bir sıra işlər görür. Belə ki, Goran çayda uzunmüddətli gələn sel sularının gətirdiyi lil qatı çay məcrasından texnikalar vasitəsilə çıxarılır. Görülən işlər təqribən 500 metrə yaxın məsafəni əhatə edir. Çay məcrasının təmizlənməsi nəticəsində suyun axınının da tənzimlənməsi həyata keçirilir. Hazırda lildən təmizləmə işlərinə 2 texnika cəlb olunub.

Qeyd edək ki, Goranboy ölkənin mühüm kənd təsərrüfatı bölgələrindəndir və burada Suvarma Sistemləri İdarəsi rayonun 66500 hektar əkin sahələrinin suvarılmasına xidmət edir. Bu sahələrin suvarılması çaylar, kanallar, nasos stansiya və subartezian quyuları vasitəsilə həyata keçirilir.

***

Qazax Suvarma Sistemləri İdarəsi isə rayonun kənd təsərrüfatı bitkiləri əkilmiş 18911 hektar torpaq sahələrinin suvarılmasına xidmət edir. Bu sahələrin suvarılması üçün beş mənbədən - Ağstafaçay, Coğaz çay, İncəsu çay, Kür, Xram çayı və su anbarlarından su götürülür. Suvarılan sahələrin 7103 hektarı mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsilə, 11808 hektarı isə açıq kanallar vasitəsilə (öz axımı ilə) suvarılır. İdarə tərəfindən əkin sahələrinin suvarılması prosesini daha intensiv və səmərəli aparmaq üçün suvarma kanallarında lildən təmizlənmə işləri mütəmadi olaraq aparılır. Hazırda texnikaların köməyi ilə uzunluğu 8 kilometr olan Yuxarı Salahlı Nasos arxında bu işlər davam etdirilir.

Qazax Suvarma Sistemləri İdarəsinin balansında 21 ədəd nasos stansiyası var. Hazırda həmin nasos stansiyalardan 19 ədədi işlək vəziyyətdədir və fəaliyyət göstərir. Bundan başqa, idarənin balansında olan 205 ədəd subartezian quyusundan da istifadə olunur. Subartezian quyuları vasitəsilə 587 hektar həyətyanı və pay torpaq sahələri suvarılır, eyni zamanda, məişət suyu kimi də istifadə edilir. Hazırda mövsümə uyğun olaraq arx və kanallarda, hidrotexniki qurğularda, nasos stansiyalarda cari təmir işləri aparılır. Qazax rayonunda bu mövsüm əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması normaya uyğun olaraq aparılıb və hazırda da davam edir. Fermerlər bu il rayonda əkilən kartof bitkisindən yüksək məhsuldarlıq gözləyirlər. Sahələrə vaxtında verilən su bunu deməyə əsas verir.

Nəriman CAVADOV,

"Respublika".