Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Robert Şuman

Eşitdiyi səsləri əsərə çevirən, mələklərin notları qulağına pıçıldadığını iddia edən dahi bəstəkar Robert Şuman...  Bir çoxlarının dəli, bəzilərinin isə dahi adlandırdığı  məşhur alman bəstəkarı və musiqişünas Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi tarixə düşüb. Coşqun ehtiras və çılğınlıqla yanaşı, xəyalpərəstlik və ideallıq sorağı - budur onun musiqisinin səciyyəvi cəhətləri.

Dahi bəstəkar "musiqi ilə şəkil çəkmək" kimi qeyri-adi istedada malik olub. Uşaq yaşlarında  royalın dilləri ilə tanışlarını təsvir edərək dostlarını şənləndirərmiş. Elə oxşadarmış ki, hətta musiqi duyumu zəif olanlar da, dərhal çalınan melodiyada  insanın konkret obrazını görərmişlər.

Anasının təkidi ilə Leypsiq Universitetinin  hüquq fakültəsinə daxil olan Şuman sonralar hüquq kitabları üzərində baş sındırmaq əvəzinə musiqi aləminə baş vurur.  Ömrü boyu ciddi zehni problemlərlə üzləşən Şuman müəyyən aralıqlarla depressiya və sinir böhranları yaşayır. Gənc yaşlarından psixologiyasının pozulması kimi problemlərdən əziyyət çəkən Şuman mələklərin qulaqlarına notlar pıçıldadığını iddia edirdi.

Bəstəkarın həyatında musiqi qədər eşq həyatı da önəmli bir rol oynayıb. Universitetdə tanış olduğu musiqi müəlliməsi Klara Fridrix onun böyük məhəbbəti idi. Aşiq olduğu qadın universitet zamanı ona pianino dərsləri verən müəllimi Fridrix Vikin qızı idi. Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənmələrinə razılıq ala bilmirmiş. Bütün ümidləri boşa çıxan bəstəkər maraqlı bir yola əl atır. O, məhkəməyə müraciət edir. Leypsiqdəki Kral Apelyasiya Məhkəməsi bu məsələnin artıq həddi-büluğa çatmış Klaranın özü tərəfindən həll edilməsi barədə qərar verir və iki gənc tezliklə xoşbəxt ailə qurur. Bu, nikahın ləğvi deyil, əksinə, bağlanması haqqında tarixdə verilmiş bəlkə də yeganə məhkəmə qərarı idi.  Bu evlilikdən sonra onların 8 övladı dünyaya gəlir.

Bir müddət sonra  isə depressiya keçirən bəstəkar getdikcə daha da ağırlaşır. Xəstələndiyi ildə qardaşının və onun həyat yoldaşının qəfil ölümü Roberti dərindən sarsıdır. Bu dövrdə eşitmə halüsinasiyaları başlayır və uzun müddət yuxu problemi yaşayır. Bununla yanaşı, o illərdə bütün Avropa qitəsində vəba epidemiyası yayıldığından Şuman da bu xəstəliyə yoluxur və yüksək hərarət səbəbindən zehni sağlamlığını itirdiyini düşünür.

Davamlı halüsinasiyalar görməyə başlayan Şuman qəribə səslər eşitdiyini iddia edir və heç kimin eşitmədiyi səsləri notlara köçürərək nəticədə "Ghost Variety" adlı möhtəşəm əsərini ortaya qoyur.

Robert Şuman ömrünün sonlarında işgəncəyə məruz qaldığını iddia edərək qorxunc səslər çıxarmağa başlayır. Artan halüsinasiyalar səbəbi ilə intihara da cəhd edir. Bu prosesin ailəsinə zərər verəcəyini düşündüyü üçün könüllü olaraq ruhi xəstəxanada müalicə almağa qərar verir. Bir müddət sonra isə  heç kimi görmək istəməyən və hətta yeməkdən belə imtina edən bəstəkar 46 yaşında həyatla vidalaşır.

 

İndira Qandi

Millətə xidmət edərkən ölsəm, bununla fəxr edərdim. Qanımın hər damlası bu millətin inkişafına xidmət edəcək, onu daha da güclü və dinamik bir vəziyyətə gətirəcək",-belə deyərdi Hindistanın  "dəmir ledisi" İndira Qandi... Siyasətin içində doğulan İndira Qandi  elə siyasətin də qurbanı oldu...

Xanım siyasətçi Hindistanın azadlığı uğrunda mübarizə aparan  baş nazir Cəvaharlal Nerunun yeganə qızı idi.  Dünya tarixində iki dəfə baş nazir seçilmiş Qandi yalnız Hindistanda deyil, bütün dünyada əfsanəyə çevrilməyi bacarmışdı. O, hakimiyyətə demokrat kimi gəldi, diktator kimi hərəkət etdi, əllərini milli hüquqlarının tapdalanmasına etiraz edənlərin qanına batırdı və bunun da əvəzini canı ilə ödədi...

Hindistanın əfsanəvi qəhrəmanı, ölüm aclığı keçirən ("ölüm orucu" tutan) Mahatma Qandinin yatağının başında oturaraq onun üçün həyəcan keçirən balaca qızın şəkli dünyada çox tez məşhurlaşdı. Qandi ilə yanaşı, bu qızcığaz da beynəlxalq aləmin diqqətini cəlb etdi. Yeri gəlmişkən, bir çoxları onu əfsanəvi Mahatma Qandinin yaxınlarından hesab etsə də, bu doğru deyil. Bu balaca qız Mahatma Qandi ilə heç bir qohumluq əlaqəsi olmayan, ancaq onu dünyalarca sevən İndira idi. Qandilər fiziki baxımdan qohum olmasalar da, azadlıq sevdası uğrunda birgə addımlayan ruh  qohumu idilər.

Hələ 18 yaşında ikən  anasını vərəm xəstəliyindən itirən Qandi həmin dövrdə təhsilini davam etdirmək üçün İngiltərəyə gedir. Elə orada da Ümumhindistan Milli Konqresinin üzvlərindən olan Feroz Qandi ilə tanış olur və  evlənmək qərarına gəlirlər. İndiranın atası bu izdivacın əleyhinə idi. Səbəb isə kürəkənindən fərqli olaraq imtiyazlı "brahmanlar" kastasına daxil olmağı idi. Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə onların arasında rəsmi nikah da qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq, İndira seçimində israrlı olur və Feroza ərə gedərək onun soyadını qəbul edir.

Bir il sonra isə  gənc ailə Mahatma Qandinin rəhbərlik etdiyi "Quit İndia" hərəkatında fəal iştirak etdiyi üçün həbs edilir və 243 gün zindan həyatı yaşayırlar.  Sonralar  cütlüyün  iki oğlu dünyaya gəlir.

Bir müddət sonra İndira ard-arda atasını, ərini və  kiçik oğlunu itirsə də, işləməyə davam edirdi. O, deyirdi: "Dünya seçilmişlər üçün qəddar məkandır, xüsusilə, hiss etməyi bacaranlar üçün...".

Onu daim ölümlə hədələsələr də, fəqət İndira həmişə öz bildiyi kimi hərəkət edirdi. Həyatının təhlükə altında olduğunu sanki əvvəlcədən hiss etmişdi. Ölümündən bir gün əvvəl belə demişdi: "Bu gün mən sağam, sabah da, bəlkə də deyil ... Ancaq qanımın hər damlası Hindistana məxsusdur".  Səhəri gün, Qandinin xüsusi bir məmnuniyyətlə gözlədiyi görüş - məşhur ingilis yazıçısı və aktyor Peter Ustinovla televiziya müsahibəsi olmalı idi. Uzun müddət güzgü qarşısında dayanaraq libas seçimi edən Qandi ekranda möhtəşəm görünmək istəyirdi.  Kökəldiyini hiss edən xanım bir qədər tərəddüddən sonra güllə keçirməyən jiletini çıxardır. Təəssüf ki, siyasətçinin gözəl görünmək istəyi onun ölümü ilə nəticələnir. Belə ki, mühafizəçiləri tərəfindən güllələnən  Qandi həyatla əbədi olaraq vidalaşır...

 

Aleksandr Düma (ata)

Dünya ədəbiyyatında xüsusi yeri olan görkəmli fransız yazıçısı, "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri  ilə oxucularının rəğbətini qazanmış Aleksandr Düma. Məşəqqətli həyatı və maddi məhrumiyyətlərinə baxmayaraq, özünəməxsus dəst-xətti ilə yaddaşlarda qalmağı bacarmışdı.

Düma soyadı ona Afrika kökənli qaradərili nənəsinin hədiyyəsidir. Atası ordu generalı, anası isə  mehmanxana sahibinin qızı idi. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyət sayəsində böyüyür. Anası ona yaxşı təhsil verə bilməsə də, gənc Düma əlinə düşən  bütün kitabları böyük həvəslə oxuyardı. Atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında eşitdikləri isə onda macəra və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdı.

Deyilənə görə, bu dahi şəxsiyyətin də bəziləri kimi durğu işarələri ilə şəxsi qərəzliyi var imiş. Belə ki, durğu işarələrini heç sevməyən Düma  onları yerinə qoymaq üçün  özünə xüsusi köməkçilər tutubmuş. Sutkada 14-18 saat işləməyi bacaran yazıçının məhsuldarlığı və yağışdan sonra əmələ gələn göbələklər kimi artan kitabları özü yazmaması barədə şayiələr yayılmışdı. Bu səbəbdən,  hətta bir dəfə söz-söhbətlərə son qoymaq üçün romanı 3 günə bitirəcəyini mərc etmişdi. "Şevalye de Mezon Ruj" romanının birinci hissəsini 66 saata bitirən yazıçı yataq otağında bağlı qapının arasından yazılan səhifələri bayıra ötürürmüş. Yeri gəlmişkən qeyd edək ki, o, yazı prosesində durmadan elə hey yeyirmiş.

Yazıçı  çox böyük enerjiyə və gücə sahib idi. Məhz bu gücə görə də o, heç kimə və heç nəyə tabe olmaq istəmirdi. Məktəb illəri belə onun tərbiyə və düşüncəsində çox az şeyi dəyişə bilmişdi. İstənilən sıxışdırılma və ya təzyiq Düma üçün qəbuledilməz idi.

Qadınlar? O, qadınları sevirdi, özü də hamısını birdən. Dümanın "ürək sirdaşlarının" sayını heç kim dəqiq bilmir. Deyirlər ki, sayı  təxminən 350-yə yaxın olub. 18 yaşlı Dümanın ilk qadını Adel Delvan ondan 4 yaş böyük idi. İki il davam edən münasibətlərinin sonu Adelin başqasına ərə getməsi ilə bitir. Bu, Düma üçün ilk və son qəlb qırıqlığı olur, çünki sonralar bütün ayrılıqların səbəbini onun boynuna yazmaq olar.

Parisə ilk gəlişində isə o, qonşusu, özündən 8 yaş böyük Mari-Katrin-Lor Labe ilə münasibət qurur. Bu münasibətdən sonralar yazıçı kimi ad çıxarmış oğlu - Aleksandr Düma doğulur. Oğlunu əvvəllər rədd etsə də, sonralar qəbul edir və övladının anası ilə evlənir.

Düma çoxlu səfərlər etmiş, o cümlədən Qafqaza, Azərbaycana da gəlmişdir. Yazıçı Quba, Bakı, Şamaxıda olmuş, o cümlədən Şuşada Xurşidbanu Natəvanla görüşmüşdür. Natəvanın dərin biliyi, şairlik və rəssamlıq qabiliyyəti onu heyran edir. O, Natəvana nəfis fiqurlu şahmat dəsti bağışlayır. Deyilənlərə görə, hətta  Natəvanla şahmat  oynayır. Oyun çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. O vaxt Natəvanın 26, Dümanın isə 56 yaşı vardı. Səfərdən qayıtdıqdan sonra yazıçı qələmə aldığı "Qafqaza səfər" əsərində Natəvanla görüşünü xoş xatirələrlə təsvir edir, onu ziyalı, maarifpərvər şəxsiyyət kimi təqdim edir.

Bəzi mənbələrdə Dümanın Fransanın alman ordusu tərəfindən işğalı zamanı vəfat etdiyi bildirilsə də, əslində o, 68 yaşında insult səbəbindən dünyadan köçüb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".