Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

İnsanların Marsda yaşaması mümkün ola bilərmi?

Marsda insan koloniyalarının qurulması üçün ilkin olaraq onların ehtiyaclarının (məsələn, su, oksigen, qida maddələri) yerli mənbələrdən əldə edilməsi çox vacibdir.

İnsanı Marsa göndərmək üçün ən böyük maneələrdən biri  bu missiyalar üçün lazım olan oksigenin əldə edilməsidir. Məsələn, astronavtları Marsa aparan bir kosmik gəminin 4 nəfərlik ekipajına Yerə qayıdana qədər 25 ton oksigen lazım olur. Bu qədər oksigeni Yerdən Marsa daşımaq çox çətindir. Bu səbəbdən, Marsda bol karbon dioksidini oksigenə çevirə biləcək sistemlərin inkişafı, bu problemin həlli ola bilər.
Hazırda Marsda oksigenlə yanaşı, insanların yaşaması üçün vacib olan maddələr istehsal edə bilən sistem hazırlanır. Deməli, Marsda yaşamaq yaxın gələcəkdə mümkün ola bilər.

 

Heyvanların da qan qrupları varmı?

Qan qrupları antikorların olub-olmamasına və qırmızı qan hüceyrələrindəki zülalların növünə görə təsnif edilir. Yəni bu heyvanlar üçün də keçərlidirmi?
Heyvanların da  insanlar kimi qan qrupları var. İnsanlarda olduğu kimi, bu qruplar  qırmızı qan hüceyrələrinin xaricində olan zülalların meydana gəlməsi ilə birlikdə antikorların varlığına əsaslanaraq qanın quruluşunu dəyişir.
İnsanlar ümumilikdə dörd əsas qan qrupuna sahibdirlər. İtlər on üç, atlar səkkiz və pişiklərin isə üç növ qan qrupuna malik olması müəyyən edilmişdir.
Hələ 1667-ci ildə quzu qanı  ölümcül allergik reaksiya vermədən 15 yaşında bir oğlana uğurla köçürülmüşdür.

 

Əsnəmək nə ilə bağlıdır və yoluxucudurmu?

Bu suala ən çox verilən cavablardan biri, əsnəməyin qandakı oksigen səviyyəsini artırmaqla yuxululuğu aradan qaldırmasıdır.
Son araşdırmalar əsnəmənin beyinə temperatur tənzimləyici təsir göstərdiyini ortaya qoyub. Siçanlar üzərində aparılan araşdırmada əsnəmədən əvvəl beyin istiliyində bir artımın müşahidə edildiyi, sonra isə bu temperaturun aşağı düşdüyü aşkar olunub. Məlum olub ki, əsnəmək beynin soyumasına kömək edir.
Əsnəmək də yoluxucu olur. Başqasının əsnəməsini seyir etmək və ya bu haqda nə isə oxumaq da buna səbəb ola bilər. Əsnəmənin yoluxma qabiliyyətinin  empatiya hissi ilə əlaqəli olduğu düşünülür. Beyin görüntüləmə tədqiqatları göstərir ki, əsnəmə zamanı insanların özünün  və başqalarının duyğularını qiymətləndirən sinir sisteminin bu bölgəsi aktivləşir. Bununla birlikdə sosial ünsiyyət bacarıqları pozulmuş autizm və şizofreniya xəstələrində yoluxucu əsnəmənin daha az yayğın olması, empatiya ilə əlaqəli fikri dəstəkləyir.

 

GPS ilə işləyən bir telefonunuz varsa, izlənilə bilərsinizmi?

Daxili GPS-ə malik iphone kimi telefonlar ümumiyyətlə, sahibinin harada olması ilə bağlı məlumatları təmin edən xüsusiyyətlərə malikdir. Ancaq bu xüsusiyyət aktivləşdirilməli və telefon açıq olmalıdır. Telefon sahibinin onu tapa bilməsi üçün quraşdırılan bu sistemə polislər də asanlıqla daxil ola bilər.
Bunun digər versiyası isə, telefonun hansı mobil mastdan qəbul edildiyini aşkar edərək cinayətkarlar və itkin düşmüş şəxslərin tapılması üçün artıq polislər tərəfindən istifadə olunur. Bu sistem adətən sizi GPS qəbuledicisinə ehtiyac duymadan, 100 metr məsafə uzaqlığında izləyə bilər. Telefon açıq olmadığı müddətdə izlənilmə mümkün deyil.

Yaşlandıqca niyə kiçilirik?

Yaşlandıqca bədən formamızda dəyişikliklər baş verir. Qısalırıq, yerişimiz və duruşumuz dəyişir. Bu bədənin müxtəlif toxumalarında (sümük, əzələ) baş verən dəyişikliklər nəticəsində əmələ gəlir.

Onurğanı disk adlanan gelə bənzər maddə təşkil edir. Yaş artdıqca bu maddə su itirməyə və azalmağa başlayır. Bundan əlavə, yaşlandıqca kalsium və mineral çatışmazlığı səbəbindən sümük sıxlığı azalır. Bu dəyişikliklər zamanla onurğanın qısalmasına və əyilməsinə səbəb olur. İnsanlar 40 yaşdan sonra hər 10 ildən bir orta hesabla 1 santimetr qısalırlar.

Bu proseslərin qarşısı alınmasa da, həyat tərzi dəyişiklikləri ilə gecikdirilə bilər. Burada genetik faktorlar da mühüm rol oynayır. Kalsium və D vitamini ilə zəngin bir pəhriz və nizamlı fiziki fəaliyyət bu prosesi ləngidə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.