Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Beynimizlə bağlı daha bir sirr açıldı

Amerikalı alimlər beyində yaranan xatirələri mənfi və ya müsbət duyğulara ayırmaqda məsul olan molekulu kəşf ediblər. Təcrübə ilkin olaraq siçanlar üzərində aparılsa da, elm adamları bunun insanlarda da rast gəlinə bilən fundamental bioloji mexanizm olduğuna inanırlar.

Xatirələrin necə formalaşması və onların hansı təsirə malik olduğuna hədəflənən araşdırma sağlam əhvali-ruhiyyə üçün yeni müalicələrə yol aça bilər. Bundan əlavə, bəzi insanlarda xatirələrin daha çox mənfi emosiyalarla yüklənməsini öyrənməklə depressiya və ya travma sonrası yaranan bir sıra psixi problemlərin öhdəsindən gəlmək daha asan olacaq.

"Bu tapıntı baş verən hər hansı bir hadisə ilə bağlı yaranan xatirələrin bioloji prosesini əhatə edir. Həyat təcrübəmizin əsasını təşkil edən bu prosesin tək bir molekula çevrilə bilməsi fikri bizim üçün inanılmaz dərəcədə həyəcanvericidir", - deyə Kaliforniyanın Salk Bioloji Tədqiqatlar İnstitutunun professoru Kay Tye qeyd edib.

Xatirələrə nəyin mənfi və ya müsbət duyğular yüklədiyini öyrənmək istəyən tədqiqatçılar Crispr adlı alətdən istifadə ediblər. Bu metodla onlar hüceyrələrdə neyrotensin istehsalında cavabdeh olan geni çıxarmağa müvəffəq olublar. Alimlər beynin bazolateral amigdala (BLA) kimi tanınan bölgəsində neyrotensin siqnalı olmadan siçanların müsbət hisslər keçirdiklərini müşahidə ediblər. Lakin siqnalın yoxluğu gəmiricilərin xatirələrinə mənfi emosiyaların yüklənməsinə də mane olmayıb. Bu durumdan yola çıxan elm adamları beynin iş prinsipinin sırf qorxular üzərində qurulduğunu irəli sürürlər.

İnformasiya "Neurology" jurnalında dərc edilib.

 

Əsrin ən möhtəşəm layihəsi

NASA Artemis missiyası çərçivəsində 2024-cü ilə qədər Aya, daha sonra isə Marsa astronavt göndərməyi hədəfləyir. Orada atmosferin və cazibə qüvvəsinin olmaması isə bu planın həyata keçirilməsi üçün ən böyük maneələrdəndir. Lakin yaponiyalı alimlər kosmosda süni cazibə qüvvəsi yaratmaqla bu problemi həll edə biləcəklərini iddia edirlər. Əgər bu layihə həyata keçərsə, əsrin ən möhtəşəm layihəsi kimi tarixə düşəcək.

Kyoto Universitetinin tədqiqatçıları və Yapon inşaat şirkəti Kajima Ay və Marsda süni cazibə qüvvəsi olan yaşayış yerləri inşa etməyi planlaşdırdıqlarını açıqlayıblar.

"Luna Glass" və "Mars Glass" adlandırılan hər bir obyekt hündürlüyü 450 metrdən daha yüksək olan içi boş konus şəklində tikiləcək. Konus fırlandıqca mərkəzdənqaçma qüvvəsi içərisindəki hər şeyi daxili divara itələyəcək. Tədqiqatçılar dəqiq fırlanma sürətini (hər 20 saniyədə bir fırlanma) əldə etməklə mərkəzdənqaçma qüvvəsini Yerdəki cazibə qüvvəsinə uyğunlaşdıra biləcəklərini söyləyirlər. Elm adamları insanların Yer səthindəki kimi konusun içində də rahatlıqla hərəkət edə biləcəklərini deyirlər.

Qeyd edək ki, 2050-ci ilə qədər ilkin olaraq Ayda "Luna Glass"ın prototipinin inşa edilməsi hədəflənir. Tədqiqatçılar planın reallaşması üçün ən az 100 il lazım olduğunu bildirirlər.

İnformasiyanı "TechXplore" veb saytı yayıb.

 

Süni toxumadan xarici qulaq hazırlanır

Akdeniz Universitetinin (AU) İnsan Hüceyrə və Toxuma İstehsalı Mərkəzinin alimləri süni toxumadan xarici qulaq hazırlayırlar. 3D modelləşdirmə üsulundan istifadə edən elm adamları ilkin mərhələdə hazırladıqları qulağı kök hüceyrələri ilə örtüblər.

Laboratoriya şəraitində xarici qulaq toxumasının qəlibini çıxaran elm adamları, onu mezenximal (göbək ciyəsindən və sümük iliyindən əldə edilən hüceyrə) kök hüceyrələri ilə təmin ediblər. Sonrakı mərhələlərdə canlı hüceyrə mühitində qığırdaq toxumasının yetişdirilməsi və daha sonra 3D printerlə çap edilməsi nəzərdə tutulur.

"İlkin olaraq qan tədarükünə ehtiyac duymayan toxuma modeli olan xarici qulaqdan başladıq. Hələ ki, texniki olaraq bacara bilmədiyimiz bir neçə məqam qalıb. Gələcəkdəki hədəfimiz isə xüsusilə toxumanın qidalanması istiqamətində ən kritik addımlardan biri olan damarlanmadır. Toxumanı qanla təchiz edə bilsək sonrakı proses asan olacaq. Hazırda bu istiqamətdə layihələr üzərində işləyirik və ümid edirik ki, yaxın müddətdə hədəfimizə çatacağıq", - deyə tədqiqatçılardan biri dr. Durmuş Burgucu qeyd edib.

Qeyd edək ki, tədqiqatçılar 5 ildən artıqdır ki, müxtəlif toxumalardan kök hüceyrələri əldə edib çoxaltmaqla məşğuldular.

İnformasiya "Posta" qəzetində dərc edilib.

 

Havanı yandıran lazer ixtira edildi

Çinli alimlər bu yaxınlarda əlamətdar bir yeniliyə imza atıblar. Belə ki, onların ixtira etdikləri güclü lazer sayəsində kağız və mürəkkəb olmadan havada istənilən rəsmin və yaxud naxışın çəkilməsi mümkün olacaq.

Uhan tədqiqatçılarından ibarət komanda havada simvollar çəkərək lazerin iş prinsipini nümayiş etdiriblər. İstənilən tərəfdən görünə bilən rəsmlərə fiziki olaraq toxunmağın mümkün olduğu bildirilib.

Sistem elektronları ultra qısa lazer impulsları ilə hava molekullarından ayıraraq işığa çevirməklə işləyir. Alimlər texnologiyanın beyin görüntülərindən tutmuş kvant hesablamalarına qədər müxtəlif sahələrdə tətbiq edilə biləcəyinə ümid edirlər.

"Yeni cihazla kağız və mürəkkəbdən istifadə etmədən havada rəsm çəkməyin mümkün olduğunu sübut etdik. Görüntü təxminən 10 illik tədqiqatın kulminasiya nöqtəsidir", - deyə Honguto laboratoriyasından Cao Xiangdong bildirib.

Görüntülər bir neçə femtosaniyə davam edən impulslardan istifadə etməklə yaradılmışdır ki, bu da saniyənin milyardda birinə bərabərdir.

"The Independent" veb saytının yaydığı xəbərə görə, havanı işığa çevirmək üçün tələb olunan enerji sıxlığı hər kvadratsantimetr üçün təxminən bir trilyon vattdır.

Çin Xalq Respublikasının prezidenti yeni texnologiya ilə tanış olub, bu cür cihazların yaradılmasının vacib və təcili olduğunu qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".