Mükəmməl Mürəkkəb Memarlıq
Maraqlı

Mükəmməl Mürəkkəb Memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Atlantis the Palm" otelinin binası

Dünyanın səkkizinci möcüzəsi adlandırılan "Atlantis the Palm" otelinin binası Dubayda məşhur "Palm Jumeirah" adasında inşa olunub. Möhtəşəm kompleksin açılış mərasimi 2008-ci ildə baş tutub. Otelin tikintisində 9 ölkə iştirak edib və 35 müxtəlif konsaltinq xidmətləri şirkətindən 120-dən çox memar və mühəndis çalışıb. Ümumilikdə tikinti təxminən 1,5 milyard ABŞ dollarına başa gəlib.

Klassik ərəb memarlığı üslubunda tikilən bina 23 mərtəbədən ibarətdir. Ümumi sahəsi 209,563 kvadratmetr olan bu otelin tikintisində 2250 ton mərmərdən və 58 min kilometr uzunluğunda polad armaturdan istifadə edilib, bu da Böyük Çin Səddinin uzunluğundan doqquz dəfə çoxdur. Otelin ərazisində olan akvapark nəinki BƏƏ-nin, hətta bütün planetin ən yaxşı məkanlarından biri hesab olunur. 250 növdən ibarət 65 min dəniz canlısının yer aldığı dünyanın ən böyük akvariumu 11 milyon litr sututumuna malikdir. Otelin binasında həmçinin 21 sərgi salonundan ibarət sualtı muzey və 4,5 hektar ərazini əhatə edən delfinarum mövcuddur. Dünyanın yeganə sualtı teatrı da məhz "Atlantis the Palm"da yerləşir.

Yeni Kalqari Mərkəzi Kitabxanası

Kanadada inşa olunan Yeni Kalqari Mərkəzi Kitabxanasının tikintisi 2018-ci ilin iyul ayında başa çatıb. Layihə 245 milyon Kanada dollarına başa gəlib ki, bu da 1988-ci il Olimpiadasından sonra dövlətin ictimai obyektlərə yatırdığı ən böyük investisiyadır. Şimali Amerikanın ən zəngin kitabxanalarından biri olan Kalqari Mərkəzi Kitabxanasının layihəsi "Snohetta" və "Dilog" dizayn studiyası tərəfindən hazırlanıb.

Ümumi sahəsi 22 min kvadratmetrdən çox olan bina mühəndislik baxımından son dərəcə çətin bir yerdə - "Şərq kəndi"ndə, "Studio Bell" fantastik musiqi mərkəzinin yaxınlığında inşa olunub. Kitabxananın özəlliklərindən biri isə binanın altında yerləşən dəmir yolu xəttidir. Kompleksin fasadı xüsusi şüşədən hazırlanıb və alüminium panellərdən ibarət ornamentlərlə bəzədilib. Kitabxananın giriş hissəsində və interyerində dizaynerlər əsasən Kanadanın Britaniya Kolumbiyası ərazisində bitən qırmızı sidr ağacından istifadə ediblər.

"Süleyman" Milli Tarix- Arxeoloji Muzeyi

Qırğızıstanın ən böyük muzeylərindən biri olan "Süleyman" Milli Tarix-Arxeoloji Muzeyi Oş şəhərində, eyniadlı Süleyman dağındakı mağara kompleksində inşa olunub. Əsası 1949-cu ildə qoyulan muzey o illərdə Oş Regional Diyarşünaslıq, 1978-ci ildə regional tarix-diyarşünaslıq, 1982-ci ildə isə Birləşmiş Tarix-Mədəniyyət Muzey-Qoruğu olub. Yalnız 10 aprel 2004-cü ildə abidə "Süleyman" Milli Tarix-Arxeoloji Muzey Kompleksi kimi fəaliyyət göstərməyə başlayıb. Oş şəhərinin 3000 illik yubileyi münasibətilə ucaldılan bu unikal tikili 2009-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Ümumi sahəsi 1238 kvadratmetr olan muzey 13 otaqdan ibarətdir. Burada Qırğızıstanın cənub bölgəsinin tarixi, arxeologiyası, etnoqrafiyası, incəsənəti və təbiətindən bəhs edən 33 mindən çox eksponat saxlanılır. Həmçinin dekorativ sənətin nadir əsərləri, fotoşəkillər və sikkələr, faydalı qazıntı nümunələri, hətta bu ərazilərdə yaşayan heyvanların mumiyaları da sərgilənir. "Süleyman" muzeyinə, həmçinin Qırğızıstanda yeganə olan Ruşan dağının cənub yamacında yerləşən Mənəvi Mədəniyyət Muzeyi də daxildir. Muzeydə Orta Asiyada qədim zamanlardan mövcud olmuş bir çox dini kultlar - animizm və şamanizmdən tutmuş dünya dinlərinə qədər olan eksponatlar nümayiş olunur.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".