Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Tomas Cefferson

Tomas Cefferson həyat və fəaliyyəti ilə bəşər tarixində dərin iz qoymuş siyasətçilərdəndir. Yeni dünyada ilk burjuaziya respublikasının yaradılmasında əvəzsiz xidmətləri olmuş bu ABŞ prezidenti  tarixə təkcə böyük dövlət və siyasi xadim kimi deyil, eyni zamanda filosof-humanist, maarifçi, linqivist, botanik, arxitektor, etnoqraf, paleontoloq kimi də düşmüşdür. Bəzi bioqrafları hətta  onu Amerikanın Leonardo da Vinçisi də adlandırırlar. Onun siyasi fəaliyyəti Amerika tarixində bir çox maraqlı hadisələrlə yadda qalıb.

Varlı bir ailədə dünyaya gələn Tomasın uşaqlığı atası Piter Ceffersona məxsus Şedvil malikanəsində keçmişdir. Ailənin böyük oğlu olduğundan atası onun təhsilinə ciddi fikir vermişdir. Balaca Tomas beş yaşından xüsusi müəllimlər yanında sistemli təhsil aldıqdan sonra vəkil olmağı qərara almışdır.

Cəmiyyətdə böyük nüfuz qazanan gənc Tomas 26 yaşında Virciniya qanunvericilik məclisinin üzvü seçilir və elə həmin illərdə də dul qadın Marta Skeltonla evlənir. Sonralar bu nikahdan beş övladları olsa da, onların yalnız ikisi sağ qalır.

Prezident çox istedadlı olsa da, böyük xalq kütləsi qarşısında həyəcanlanır, özünü itirirmiş. Belə ki, natiqlik bacarığı olmayan siyasətçi çox vaxt müsahibədən və çıxış etməkdən yayınırmış. Hətta bu qabiliyyətinin olmamasına görə "qaradinməz prezident" ləqəbini də qazanmışdı.

ABŞ-ın 200 illiyi şərəfinə buraxılmış 2 dollarlıq əskinasların üzərində Tomas Ceffersonun əksi təsvir olunub. Əskinasın arxa tərəfində isə ABŞ İstiqlal Bəyannaməsinin qəbul olunma səhnəsi öz əksini tapıb.

Tomas Ceffersonun fəaliyyəti ilə bağlı birmənalı qəbul olunmayan bəzi  faktlar var. Deyilənlərə görə, insan hüquqları uğrunda mübarizə aparan bu siyasətçi 600 şəxsi qula sahib imiş. Hətta bəzi mənbələrdə göstərilən faktlara əsasən prezident vəfatından sonra ailəsinə çox böyük məbləğdə borclar da qoyubmuş. Bu səbəbdən də borcların qaytarılması üçün ona məxsus olan torpaq sahələri ilə yanaşı, qullar da satılıbmış.

Həyat yoldaşı Martanın  vəfatından sonra böyük sarsıntı keçirən prezidentin  səhhəti günü-gündən pisləşməyə doğru gedir. Yaddaş pozuntusundan və  ayaqlarındakı bərk ağrılardan şikayət edən siyasətçi ömrünün son illərini maarifçiliyə həsr etmiş, zəngin kitabxanaya malik olmuşdur. ABŞ Konqresinin kitabxanasının əsası da məhz onun kitabları sayəsində qoyulmuşdur.

83 yaşında vəfat edən prezident qəbirüstü məzarını hələ öz sağlığında düzəltdirib və onun üzərinə bu sözləri həkk etdirib: "Amerika Birləşmiş Ştatlarının Müstəqillik deklarasiyasının, Virciniya dini azadlıq qanununun müəllifi, Virciniya Universitetinin banisi Tomas Cefferson 1743-cü il aprelin 2-də anadan olub və 1826-cı il iyulun 4-də vəfat edib".

Maraqlıdır ki,  qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi qeyd olunmamışdır. Görünür o, amerikalıların yaddaşında prezident kimi yox, məhz maarifçi kimi qalmaq istəyibmiş...

 

Xristofor Kolumb

Əfsanələrə bürünmüş səyyah, tarixin ən müəmmalı şəxsiyyətlərindən biri - Xristofor Kolumb... Onun həyatına dair məlumatlarda etibarlı faktlardan daha çox boşluqlar üstünlük təşkil edir. Yaxın keçmişə qədər onun haqqında olan məlumatlarda sırf dahi bir səyyah olduğunu bilirdik. Lakin son zamanlar onun şəxsiyyəti barədə müxtəlif versiyalar irəli sürülməkdədir...

Kolumbun böyük səyahətlərə başlamazdan əvvəl nə işlə məşğul olduğuna dair məlumatlar qeydə alınmayıb. Ancaq bəzi tədqiqatçılar dənizçinin keçmişdə quldur və qul alverçisi olduğu üçün həyatına dair bəzi məlumatları ciddi-cəhdlə gizlətdiyindən əmindirlər. O, həqiqətən də qul alverinin fəal aparıldığı Qərbi Afrika sahillərinə kimi gedib çıxmışdı, lakin onun orada əslində nə işlə məşğul olduğuna dair heç bir dəqiq məlumat yoxdur. Lakin  gələcək səyyahın ticarət və toxuculuqla çörək pulu qazanan bir rəiyyət ailəsində doğulduğuna, üstəlik, əsil-nəcabəti olmayan  mənşəyini xatırlamağı sevmədiyinə dair bəzi dəlillər mövcuddur. Deyilənlərə görə, Kolumb Portuqaliyada ailə həyatı qurmuş, Portusantu adasının hakiminin qızı ilə evlənmişdir.

Kolumbun ehtimalına görə,  İspaniyanın böyük ehtiyac duyduğu qızılın çox hissəsi Asiyada idi. Dəniz səyyahı bu qızılı əldə edərək dövlət xəzinəsinə çatdıracağını öhdəsinə götürmüşdü. Bunun qarşılığında isə o, gəlirin onda bir hissəsini, açıq torpaqlara idarəçiliyin ona həvalə edilməsini və populyarlaşdırılmasını tələb etmişdi. Həmçinin o, İspaniyaya "istənilən qədər qul gətirəcəyinə" söz vermişdi.

Özünün birinci ekspedisiyasına dair hesabatında Kolumb Asiya sahillərinə və "Çin" (Haiti) sahilinin yaxınlığında yerləşən adaya çatdığını iddia etmişdi. Zəngin qızıl yataqlarını tapmağa nail olmasa da, o, yerli sakinlərin qul qismində İspaniyaya aparılmasına kömək edə bilmişdi. Bu məqsədlə seçilmiş 500 nəfər yekəpər kişi və qadından 200 nəfəri yolda dünyasını dəyişmişdi. Koloniyada qalmış yerli sakinlərə isə son dərəcə amansız münasibət göstərilmişdi: kişilər mədənlərdə, qadınlar isə plantasiyalarda həlak olurdu.

Səyyahın dünyasını dəyişməsi demək olar ki, diqqət çəkməyib. Belə ki,  həmin zamana qədər onun şöhrəti artıq solmuşdu. 55 yaşında ürək çatışmazlığından vəfat edən Kolumbun  ölümündən təqribən 20 il sonra dəniz səyyahının məziyyətləri təriflənməyə və mədh olunmağa başlayıb. Qeyd edək ki, bu günədək Amerikada ona qarşı münasibət  hələ də birmənalı deyil...

 

O.Henri

Dünyaşöhrətli amerikalı yazıçı O.Henri qısa hekayə yazan ən məşhur isimlərdən biri kimi tanınır. Kəskin süjetli hekayə ustadını yazıb-yaratmağa ruhlandıran hadisələr çox olub. Məsələn, həyatındakı sərgüzəştlər, Amerikadakı vəziyyət, hətta həbs cəzası kimi...

Əsərlərini O.Henri təxəllüsü ilə çap etdirən və bu adla tanınan yazıçının əsl adı Uilyam Sidney Porter idi. Müasirləri bunu yazıçının ölümündən sonra bilmişdilər. Qeyri-adi xüsusiyyətləri ilə seçilən yazıçı o qədər qapalı insan idi ki, şəxsi həyatı haqqında heç nə danışmağı sevmir, müsahibə vermir, fotosunu belə  çəkməyə qoymur, hətta  kitablarını da heç vaxt imzalamırdı. Bəlkə də bu səbəbdən onun həyatı daim maraq dairəsində olub.

Kənd həkimi ailəsində dünyaya göz açan Uilyamın anası vəfat etdikdən sonra atası içkiyə qurşanıbmış. Daim həmyaşıdları tərəfindən atası ilə bağlı lağa qoyulan balaca oğlan kasıbçılıq ucbatından  orta təhsilini yarımçıq qoyub aptekdə işləyərək ailənin yükünü öz boynuna götürübmüş.

Sonralar Texasa köçən yazıçı yumoristik jurnal nəşr etdirir. Həmin ərəfədə isə varlı bir ailənin  on yeddi yaşlı qızı Athol Estes ilə evlənən Henrinin həyatında baş verən  ağrılı-acılı günlər də elə bu dövrlərdən başlayır. Onsuz da dünyaya gələn gündən valideyn sarıdan bəxti gətirməyən yazıçının evliliyi də çox uzun sürmür. Belə ki, xanımına  vərəm diaqnozu qoyulur...

Ailəsini dolandırmaq üçün Ostin bankında kassir və mühasib işləməyə başlayan yazıçıya  bu vəzifə  baha başa gəlir. Belə ki, bankda 5 min dollar məbləğində pul əskiyi aşkar edilir və bu, yazıçının boynuna atılır.  Porter isə  məhkəmə məsuliyyətindən yayınmaq məqsədilə Hondurasa qaçır. Lakin həyat yoldaşının xəstəliyinə görə məcbur olub geri qayıdan yazıçı beş il həbs cəzasına məhkum edilir. Üç il həbsxana həyatı keçirən Henri xeyli işgəncələrə məruz qalır. Qeyd edək ki, uzun müddət  vərəm xəstəliyindən əziyyət çəkən xanımının dünyasını dəyişməsi də elə  bu dövrə təsadüf edir. O, ilk hekayələrini də müxtəlif imzalar altında həbsxanada qələmə alır.

Həbsdən çıxdıqdan sonra Nyu-Yorka gedir və ömrünü ədəbi yaradıcılığa həsr edir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazıb. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri ona şöhrət gətirib. Maraqlı süjet xətti və incə yumoru ilə seçilən əsərlərində Amerika həyat tərzinin, burjua cəmiyyətinin təzadları, sosial ziddiyyət və mənəvi eybəcərlik öz əksini tapıb.

Ustalıqla qurduğu və insanı həyəcanlandıran süjeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş kimi sona çatan, gözlənilməz sonluqlarla bitən hekayələri, qısa novella sahəsində Henriyə xas bir "tərz" meydana gətirmiş və bu, bir çox yazıçıya ilham mənbəyi olmuşdur.

Daha sonralar uşaqlıqdan sevdiyi xanım -  Sarah Lindsey Coleman ilə  evlənən yazıçının yenə də bəxti gətirmir. Belə ki, qısa müddət sonra xanımı müxtəlif cür bəhanələr gətirərək  onu tərk edir.

Məşhur yazıçı 47 yaşında ürək genişlənməsi, qaraciyər sirrozu və şəkərli diabet də daxil olmaqla bir sıra xəstəliklər səbəbindən vəfat edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".