Faktlar və Rəqəmlər
İQTİSADİYYAT

Faktlar və Rəqəmlər

42,2 milyard manatlıq sənaye məhsulu

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 42,2 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 11,5 faiz artmışdır.

Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma sektorunda, 20,4 faizi emal sektorunda, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 17,5 faiz artmışdır.

 

Dünyanın 158 ölkəsi  ilə ticarət əməliyyatları həyata keçirilib

2022-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 158 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunmuş, 146 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 21348,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 16212,6 milyon dollarını və ya 75,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 5135,6 milyon dollarını (24,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 11077,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 75,5 faiz, real ifadədə isə 10,0 faiz artmışdır. İxrac real ifadədə 17,6 faiz artmış, idxal isə 3,4 faiz azalmışdır. 2022-ci ilin yanvar-may aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 17,5 faiz artaraq 1188,1 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən DSK-ya daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,4 faizi İtaliya, 11,9 faizi Türkiyə, 6,0 faizi Rusiya, hər biri 4,2 faiz olmaqla Hindistan və İsrail, 3,8 faizi Çin, 12,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

 

Əsas kapitala 6299,6 milyon manat vəsait yönəldilib

2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala 6299,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,7 faiz azalmış, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 3781,3 milyon manatı və ya 60,0 faizi məhsul istehsalı sahələrinə, 2131,2 milyon manatı (33,8 faizi) xidmət sahələrinə, 387,1 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4693,3 milyon manatını və ya 74,5 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4564,7 milyon manatı və ya 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,2 faiz, büdcə vəsaitləri 31,2 faiz, əhalinin şəxsi vəsaitləri 7,6 faiz, sair vəsaitlər 5,0 faiz, bank kreditləri isə 3,0 faiz təşkil etmişdir.

“Respublika”.