Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Corc Bernard Şou

Haqqında söhbət açacağımız bu məşhur şəxsiyyəti yəqin ki, hamı tanıyır. Onun adını çəkəndə üzlərdə, çöhrələrdə bir təbəssüm oyanır. O, nə atom bombasını, nə avtomobili, nə də hər hansı bir fiziki qanunu kəşf etmişdi. Nə döyüşü uduzan məşhur bir sərkərdə, nə də ki, fateh idi. Amma məktəbdə özünü həbsxanada imiş kimi hiss edən bu görkəmli şəxs pis qiymətlərinə görə damğalanan "ulduzlardan" biri idi. Savaddan bixəbər olan bu adamın adını çəkməyə dil dönəcəkmi bilmirəm, o ədəbiyyat sahəsində "Nobel" mükafatına və "Oskar"a layiq görülən yeganə insandır. Yəqin ki, xatırladınız, söhbət irland əslli Böyük Britaniya yazıçısı, tənqidçi Corc Bernard Şoudan gedir.

Uşaqlıqdan səhnəyə çıxmaq, məharətini göstərmək, oxumaq arzusuyla alışıb-yanan Bernardı bu günün təbirincə desək, elə də "ağıllı uşaq" adlandırmaq olmazdı. O, çox sonralar deyərdi ki, məktəblər ona heç nə vermədiyi üçün tez-tez birindən - digərinə keçirmiş. Bernardı məktəbdə tədris edilən elmlər maraqlandırmırdı. Hər şeyə biganəliklə baxan bu dahinin "xəsis" ağlı ancaq fantaziyaları qəbul edirdi. O, öz rahatlığını C.Sviftin macəralarında, Şeridanın ölüm nəfəsi gələn pyeslərində tapırdı.

Gündüzlər İrlandiya Milli qalereyasının zallarını dolaşır, hər şeyə acgözlüklə tamaşa edirdi. Axşamlar isə müxtəlif operalardan ariyalara qulaq asmağa adət etmişdi. Bu ariyaları isə onun üçün anası Yelizabet ifa edirdi, özü də çox ustalıqla…

Bernard sənətə ilk addımlarını anasının "dostu" Con Vandlerin təhrikiylə atır və bir neçə musiqi jurnalı üçün məqalələr yazmaqla  tanınmağa başlayır. Hədəfə tuş gələn sitatları ilə tanınan Bernardın məşhurluğunun səbəbi bəlkə də, irlandiyalı olması ilə əlaqəliydi. Axı irlandlar "seçilən istehza edənlər" kimi məşhurdular.

Bernard Şounun dramaturgiyaya gəlişini əslində, belə qiymətləndirmək olar. Deyək ki, hər hansı bir mağazanın vitrinində nəsə diqqətinizi cəlb edir və siz oraya girib baxırsınız. Elə-belə...təsadüfən, qəfildən.

Onun maraqlı bir iş üslubu var idi. Bir şey yazmamışdan öncə rezin çəkmələr və qara, axıracan düymələnmiş plaş geyinər, başına isə şlyapa taxaraq evdəkilərə: "Pyes yazmağa gedirəm", - deyən Bernard, gedib bazarın bir küncündə oturarmış. Bazarda insan çox olduğundan əsər yazmaq onun üçün daha da asan olurmuş.

Bernard Şounun pyesləri haqqında yetərincə yazılıb, onlar saf-çürük edilib və əlbəttə ki, onun şəxsi həyatı da bu mənada diqqətdən kənarda qalmayıb. Anası Yelizabetə görə onu  "pozğun qadının uşağı" adlandıranlar da az olmayıb. Lakin Bernard  sanki onun arxasınca deyilən bu "söz-söhbəti" eşitmir, eşidəndə isə buna ucadan qəhqəhə çəkməklə cavab verirdi...

Yazıçının qadınlara münasibətini isə rahat və yumşaq adlandırmaq olar, amma daxilində gizlənən fikirlər ara-sıra onun aforizmlərində istehzaya bürünmüş şəkildə üzə çıxır: "Cəncəl xarakterli qadınlara həmişə sakit xarakterli qadınlardan daha çox dözülür. Doğrudur, cəncəl xarakterliləri hərdən öldürürlər, amma onları heç vaxt atmırlar". Bütövlükdə isə Şounun qadınlarla bağlı lətifələri saysız-hesabsızdır və hansısa təxəyyülün məhsulu hesab etmək lazım gəlmir, onlar baş vermişlərin əks-sədasıdır. "Çalışın  sevdiyinizi əldə edəsiniz. Yoxsa, əldə etdiyinizi sevməli olacaqsınız". Belə deyərdi yazıçı...

Gənc yaşlarından vegeterian olan yazıçı düz 94 il ömür sürür. Lakin günlərin birində bağda işləyərkən yıxılır və bu yıxılmaq onun ölümü ilə nəticələnir.

 

Vircinia Vulf

Ədəbiyyatda modernizm və feminizm, fikir axını texnikası deyiləndə ağla  gələn ilk  adlardan biri Vircinia Vulf olur. Adi bir fikirlə başlayıb bir neçə dəqiqə sonra insanı tamamilə başqa mövzuda düşündürməyə vadar edən  bu ingilis  yazıçısı, məhz belə bir texnikadan istifadə edərək yaratdığı obrazların daxili monoloqlarını bütün çılpaqlığı ilə oxucuya çatdıra bilirdi. Bəlkə də, bu qədər açıq-saçıq, emosional yazı tərzi onun acı taleyi ilə bağlı idi. Həyatı sirlərlə dolu olan bu yazıçı ömrü boyu  nədənsə qorxub, kişilərdən, tanımadığı insanlarla ünsiyyətdən, hətta həyatın özündən belə. Daim qarabasmalarla əlləşən, intihara meyilli olan  bu dahinin qorxuları  heç də təsadüfi deyildi...

Hələ 13 yaşında ikən yaşadığı qorxunc bir olay onun bütün həyatını alt-üst edib. Başına gələn bu hadisə Virciniyanın bütün həyatı boyunca kişilərə olan münasibətdə antipatiyanın başlanğıcını qoydu. Üstəlik, əvvəlcə anasının, daha sonra isə atasının qəflətən dünyasını dəyişməsi qızcığazın psixikasında dərin izlər buraxdı.

Deyilənlərə  görə,  başına gələn müsibətlərdən sonra ümidsizliyə qapılan  22 yaşlı gənc yazar özünə qəsd etməyə də çalışıb. O, pəncərədən tullanaraq intihara cəhd edib. Amma hündürlük yetərli olmadığından ciddi xəsarət almayıb. Lakin ölümün cəngindən xilas olsa da, ömrünün sonuna qədər güclü, psixi tutmalardan canını qurtara bilməyib. Bütün bunlara baxmayaraq, uzun müddət sonra Leonard Vulfa ərə gedən yazıçının nikahı sadəcə kağız üzərində idi.

Dərin depressiya hallarında Virciniya  bütün günü qədim Yunanıstanın zeytun ağaclarında cəh-cəh vuran quşların səslərini eşitdiyini və uzun müddət yuxusuzluğa, qarabasmalara görə işləyə bilmədiyindən şikayət edirdi.

Yazıçının qeyri-adi, özünəməxsus yazı texnikası var idi. Bir müddət əsərlərini ayaq üstə, çox hündür masanın arxasında yazırmış. Ona görə belə edirmiş ki, lazım gələndə rəssamlar kimi arxaya çəkilib öz şedevrinə kənardan baxıb tamaşa edə bilsin. Hətta, hər dəfə növbəti kitabını yazıb bitirəndə kədərlənən yazıçı, həmişə: "Mənim ölümüm böyük bir hadisə olacaq, amma təəssüf ki, mən bu hadisəni görüb təsvir edə bilməyəcəyəm", - deyərdi.

Şəkil çəkdirməkdən zəhləsi gedən Vircinia ona tuşlanan fotokameralardan qıcıqlanırmış. Yazıçının  dəbdən  heç başı çıxmırmış, hətta hər hansı tədbirə gedəndə geyindiyi libasın həmin məkana uyğun olub-olmaması ilə bağlı təlaş keçirirmiş.

Ərə getdikdən sonra Virciniya  yaxşı evdar qadın olmaq fikrinə düşür və kulinariya kurslarına yazılır. Kursu bitirən yazıçı bir gün çox həvəslə pudinq bişirir. Hazırladığı təamın içindən nə çıxsa yaxşıdır? - Özünün nişan üzüyü.

İkinci Dünya müharibəsi ərəfəsində  Hitlerin qələbə qazanacağı təqdirdə Vircinia əri Leonard ilə intihar edəcəklərini planlaşdırıblarmış.  Özü ilə bərabər, ərini də ölümə sürükləmək istəyən yazıçı, hətta buna görə qarajda ehtiyat üçün içi benzinlə dolu çoxlu qablar saxlayırdı. Xoşbəxtlikdən diktatorun məğlubiyyəti yazıçının "arzusunu" ürəyində qoysa da, amma get-gedə xəstəliyi ağırlaşan  Vircinia sonda öz məqsədinə çatır. Belə ki, ərinin həyatının qalan hissəsini onun dəliliyi ilə bağlı qayğılarla keçirməsini istəməyən Vircinia ciblərinə daş dolduraraq özünü Ous çayına ataraq intihar edir.

 

Maykl Faradey

Elektrik enerjisini istehsal etmək üçün mürəkkəb sistemlərə baş vururuq. Çayların qarşısında bəndlər inşa edib suyu yığır, daha sonra isə  nüvə stansiyasında onu buxarlandırıb  elektrik əldə edirik. İşin ərsəyə gəlməsində isə əsaslandığımız ən vacib məqam  elektromaqnit induksiya qanunudur. Bəs bu kəşfə görə kimə borclu olduğumuzu bilirsinizmi?  Heç bir riyazi təhsili olmayan, dəmirçinin oğlu - Maykl Faradeyə. Anadangəlmə, inanılmaz bir zəkaya sahib olan bu insanın, böyüyəndə dünyanı sarsıdacaq, ağlagəlməz işlərə imza atacağını haradan bilmək olardı ki...

Bu görkəmli ingilis fiziki olduqca kasıb və bir o qədər də təhsildən məhrum olan ailədə dünyaya gəlib. Belə  şərtlər altında böyüyən bir uşağın da, oxşar şəkildə inkişaf etməsini və təhsildən məhrum olmasını gözləmək təbii idi. Anası oxuma-yazma təhsili olmayan bir ev qadını, atası isə tez-tez xəstələndiyi üçün işinə daim gedə bilməyən dəmirçi idi. 13 yaşında ikən  məktəbi tərk edən  gələcəyin alimi dükanda satıcı işləməklə ailəsini saxlayırdı.

Məşhur fizik elektrotexnika sahəsindəki kəşfləri ilə yanaşı, kimya sahəsində də az iş görməmişdir. Belə ki, ilk dəfə xloru mayeləşdirən məhz Faradey olmuşdur. Hətta bu kəşfin maraqlı bir tarixçəsi də var:  Bir gün xloru mayeləşdirmək üzərində işləyərkən laboratoriyaya girən alimlərdən biri ona deyir: "Cavan oğlan, kimyəvi qabları tez-tez yumaq lazımdır, sizdə borunun daxilində hansısa yağ damcıları görürəm. Manqan peroksidi manqan kalium duzu ilə əvəz etmək olar, onda heç qızdırmaq da lazım deyil". Faradey heç nə demir, amma sonrakı gün öz tənqidçisinə bu yazını göndərir: "Sizin çirk hesab etdiyiniz maye xlor idi". Alim isə heç düşünməmişdi ki, xlor mayeyə çevrilə bilər.

  Faradey ortaboylu, xoşxasiyyət və olduqca səmimi  bir insan olub. Çox böyük eksperiment aparmaq məharəti olan bu alim, dəqiqliyi və səliqəni çox sevirdi.  Daim var qüvvəsini işə verən fizik bütün gününü laboratoriyada keçirərdi. Səhərlər laboratoriyasına gəlir, axşamlar isə kontor işçisi kimi eyni saatda gedirdi. Bütün həyatını yeni-yeni təcrübələrə sərf edən Faradey təbiətin gözəlliklərini rəssam kimi başa düşür, alim kimi təhlil edir, onlardan isə şair kimi vəcdə gəlirdi.

  Cəmi bircə dəfə evlənən  alim ömrünün sonuna qədər xanımına sadiq olub. Amma təəssüf ki,  onların övladı olmayıb. Buna baxmayaraq, alim  uşaqları  o qədər çox sevirdi ki, hətta öz təcrübələrini göstərmək üçün qardaşı uşaqlarını  tez-tez laboratoriyaya da aparırdı. 

  Beyin damarlarının aterosklerozu nəticəsində  alimin 65 yaşında  yaddaşı o qədər pozulmuşdur ki, bir gün əvvəl eksperimentdə hansı nəticələrə gəldiyini yadına sala bilmirdi. Bu hələ bir yana qalsın, aldığı nəticələri dəqiq yazmaq da ona kömək etmirdi. Çünki o, fikrini hansı hərflərlə yazacağını belə yadına sala bilmir, unudurdu. Ömrünün sonuna qədər  bu xəstəlikdən yaxa qurtara bilməyən  alim 76 yaşında Hampton Court sarayında vəfat edib. Lakin  onun  ölüm səbəbi hələ də naməlum olaraq qalır...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".