DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏNİN YENİ ƏMƏLİYYAT XƏBƏRİ BƏŞƏR ƏSƏDI CİDDİ NARAHAT EDİR

Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatının ünsürlərinə qarşı yeni əməliyyat siqnalı Suriya rejiminin başçısı Bəşər Əsədi ciddi narahat edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkənin şərqində söz sahibi olan, lakin PKK/YPG işğalı altında olan bölgələrdə səsini çıxara bilməyən Bəşər Əsəd Türkiyəni hədələyib.

Rusiyanın “Russian Today” telekanalına müsahibəsində Türkiyənin onlara hücum edirmiş kimi göstərməyə çalışan Bəşər Əsəd bildirib ki, türk ordusu hücum edərsə, Suriyanın müqaviməti ilə qarşılaşacaq.

Rejimin başçısı Türkiyə Silahlı Qüvvələrinin mümkün antiterror əməliyyatlarını “işğal cəhdi” adlandırıb. Bəşər Əsəd deyib: “İşğal olarsa, ilk növbədə xalq müqaviməti olacaq. Təbii ki, Suriya ordusunun yerləşdiyi yerlərdə onlarla üz-üzə gəlsək, birbaşa cavab verəcəyik”.

Bununla yanaşı, Bəşər Əsəd türk ordusu ilə Suriya qüvvələrinin bundan əvvəl də döyüş meydanında üz-üzə gəldiyini iddia edib.

 

POLŞADAN NATO-NUN ŞƏRQ CİNAHINI DAHA DA GÜCLƏNDİRMƏK ÇAĞIRIŞI

Rəsmi Varşava Şimali Atlantika Alyansının şərq sərhədlərində hərbi mövcudluğunu daha da genişləndirmək istəyir. “Report” agentliyinin məlumatına görə, bu barədə Polşa prezidenti Andjey Duda Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sammitdə çıxışı zamanı bildirib.

“Biz NATO-nun şərq cinahında qoşunların mövcudluğunu genişləndirmək, qoşunların sayını artırmaq istəyirik”, - deyə prezident vurğulayıb.

Eyni zamanda, Andjey Duda Avropanın şərq hissəsində ABŞ-ın hərbi mövcudluğunun artırılmasının tərəfdarı olduğunu diqqətə çatdırıb. Prezidentin sözlərinə görə, bu problem NATO sammitində və ABŞ nümayəndələri ilə ikitərəfli qaydada müzakirə olunacaq.

Qeyd edilir ki, Buxarestdəki hazırkı görüşün məqsədi ayın sonunda Madriddə keçirilməsi planlaşdırılan NATO sammitinə qədər alyansın şərq cinahının mövqeyini işləyib hazırlamaqdır.

 

KXDR-DƏ YENİ XİN RƏHBƏRİ VƏ BAŞ QƏRARGAH RƏİSİ SEÇİLİB

Koreya Xalq Demokratik Respublikasının hakim partiyası olan Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin səkkizinci çağırış plenumu keçirilib. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Rodong Sinmun” qəzeti məlumat yayıb.

Bildirilir ki, görüş zamanı yeni xarici işlər naziri, eləcə də Koreya Xalq Ordusunun  Baş Qərargah rəisi təyin edilib.

Xarici işlər naziri Li Sonq Qvonun yerinə Çxve Son Xe təyin edilib. Koreya Xalq Ordusunun Baş Qərargah rəisi isə Pak Çon Çxonun yerinə Ri Te Sop seçilib.

Nəşr kadr dəyişikliyinin səbəbləri barədə açıqlama verməyib. Plenumun yekunu olaraq Koreya Fəhlə Partiyasının mərkəzi aparatında, müxtəlif komitələrdə və ordu strukturlarında digər dəyişikliklərlə bağlı bir sıra qərarlar qəbul edilib.

 

ABŞ-DA BENZİNİN QİYMƏTİ  5 DOLLARI ÖTÜB

ABŞ-da benzinin qiyməti 5 dollar həddini keçərək növbəti dəfə tarixi maksimumu yeniləyib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Amerika Avtomobil Assosiasiyası açıqlama yayıb.

Verilən xəbərə görə, hazırda ölkənin əksər ştatlarında benzinin qiyməti bir qallon (3,7 litr) üçün 5,004 dolları ötüb.

Qeyd edilir ki, ötən gün bu rəqəm 4,986 dollara bərabər idi. Xatırladaq ki, 2021-ci ilin yanvarında ABŞ-da benzinin bir qallonu 2,4 dollar təşkil edirdi.

Məlumat üçün qeyd edək ki, ölkədə ən bahalı benzin isə Kaliforniya ştatında satılır. Orada benzinin bir qallonu 6,4 dollara yaxındır.

 

COZEF BAYDEN: 20 ÖLKƏ MİQRASİYA BƏYANNAMƏSİNİ DƏSTƏKLƏYİB

Amerika sammitində iştirak edən 20 ölkə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün tədbirlər kompleksini nəzərdə tutan bəyannaməni dəstəkləyib. “APA” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Cozef Bayden Los-Ancelesdə  keçirilən tədbirdə çıxışı zamanı bəyan edib.

Prezident gələcəkdə bu ölkələrin sayının artacağına ümid edir. Bayden bildirib ki, bu bəyannamə Amerikada miqrasiyaya qarşı münasibəti dəyişdirəcək.

Məlumat üçün qeyd edək ki, Amerika sammiti 30-dan çox ölkənin iştirakı ilə keçirilir. Bu il forum ABŞ tərəfindən təşkil olunub. Kuba, Nikaraqua və Venesuela nümayəndə heyətləri görüşə dəvət edilməyib.

Bununla yanaşı, Meksika və bir sıra digər Latın Amerikası ölkələrinin liderləri sammitdə iştirakdan imtina etmək qərarına gəliblər.

 

ÇEVRİLİŞ EDƏN KEÇMİŞ PREZİDENTƏ HÖKM OXUNDU

Boliviyada solçu administrasiyanın istefaya məcbur edilməsindən sonra 2019-cu ildə vəzifəyə başlayan keçmiş prezident Janin Anyes dövlət çevrilişinə görə 10 il həbs cəzasına məhkum edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, çevrilişi təşkil etməkdə təqsirləndirilən Janin Anyes haqqında hökm iyunun 10-da elan edilib.

Bildirilir ki, keçmiş dövlət başçısı ittihamları rədd edərək, ölkəni xaosdan çıxarmaq üçün prezident kürsüsündə oturduğunu əsas gətirib.

Qeyd edək ki, ölkənin ilk yerli prezidenti Evo Morales qalib gəldiyi seçkilərdə korrupsiya iddiaları nəticəsində başlayan və 37 nəfərin ölümü ilə nəticələnən etirazlar səbəbindən istefa vermək məcburiyyətində qalaraq ölkəni tərk etmişdi.

Xatırladaq ki, Evo Moralesin partiyası hakimiyyətə qayıtdıqdan sonra onu əvəz edən Janin Anyes hərbi çevrilişə cəhddə ittiham edilərək həbs edilmişdi.

 

ÇİNDƏ YENİ KORONAVİRUS OCAĞI AŞKARLANIB

Çinin paytaxtı Pekinin şimal-şərqindəki Çaoyan rayonunda yeni koronavirus ocağı aşkar edilib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Pekinin Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir ki, yerli kafelərin birində infeksiya ocağı aşkarlanıb və son sutka ərzində bu rayonda 61 nəfərdə “COVID-19”a yoluxma qeydə alınıb.

Məlumata əsasən, yoluxanların 25 nəfəri xəstəliyi simptomsuz keçirir. Nəticədə Çaoyan rayonunda epidemiya tələbləri yenidən sərtləşdirilib, bir çox əyləncə məkanları müvəqqəti bağlanıb. Bundan başqa, son günlər infeksiya mənbəyinin qeydə alındığı ərazidə olan insanlar isə karantinə alınacaq.

Qeyd edək ki, Çaoyan Pekinin ən prestijli rayonlarından biri sayılır. Həmçinin burada çoxlu sayda əcnəbi yaşayır.

 

BMT: 7 MİLYONDAN ÇOX UKRAYNALI 44 ÖLKƏDƏ SIĞINACAQ TAPIB

Ukraynadakı müharibədən qaçan 7,3 milyon ukraynalı 44 müxtəlif ölkəyə sığınıb, 2,3 milyon qaçqın isə Rusiya ordusunun bəzi ərazilərdən çıxmasından sonra ölkələrinə qayıdıb. “Teleqraf.com”un xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı açıqlayıb.

Bildirilir ki, Ukrayna müharibəsi bu gün dünyanın ən böyük qaçqın böhranlarından birinə səbəb olub, milyonlarla miqrant qonşu ölkələrə sığınıb, çoxlu sayda insan isə məcburi köçkün vəziyyətinə düşüb.

Eyni zamanda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının diqqət çəkdiyi digər məsələ Aralıq dənizi vasitəsilə Avropaya sığınan qaçqın və miqrantların sayının 2015-ci illə müqayisədə azalması, buna baxmayaraq, ölən və itkin düşənlərin sayının artmasıdır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.