Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Kosmosda otel açılır

Kosmosda istirahət etmək  xəyalı artıq gerçəyə çevrilmək üzrədir. Belə ki, Kaliforniyanın "Orbital Assembly Corporation" şirkəti yaxın gələcəkdə  dünyanın ilk kosmik otelini istifadəyə verməyi hədəfləyir.

Kaliforniyada yerləşən The Gateway Fonduna bağlı olan  Orbital Assembly Corporation (OAC)  kosmosda iki  stansiya quraşdıraraq   turistlərin istirahət etməsi üçün  otel layihəsini həyata keçirəcəyini açıqlayıb. Bilavasitə tikilinin 2025-ci ildə istifadəyə veriləcəyi də vurğulanıb.

Dünyanın ilk kosmos otelinə ev sahibliyi etməyi hədəfləyən OAC,  28 nəfər tutuma sahib olan Pioner Stansiyasının 2025-ci ildə açılışına hazırlaşır. 400 nəfər tutumu olan "Voyager Station" adlı otelin açılışının  isə 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.

Daha əvvəlki açıqlamalarında ilk stansiyanın 2027-ci ildə açılacağını bildirən  şirkət bu  tarixi 2025-ci ilə çəkib.  Həmçinin şirkətdən verilən məlumata  görə, turistlər üçün həm ofis, həm də yaşayış yerlərini təmin edən "biznes parkları"nın  da inşa ediləcəyi gözlənilir.

"Məqsədimiz  kosmosda mümkün qədər çox insanın yaşamasını, işləməsini və inkişafını təmin etməkdir", - deyə  şirkətin operator meneceri Tim Alatorre qeyd edib. Menecer həmçinin stansiyanın süni cazibə qüvvəsinə sahib olacağını və insanların kosmosun zirvəsində yaşayacaqlarını bildirib.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Dünyanın ilk "uçan" göydələni

Texnologiya inkişaf etdikcə insanları təəccübləndirməkdə davam edir. Belə ki, ABŞ-ın memarlıq şirkətlərindən biri "dünyanın ilk uçan göydələni"nin tikintisinə başlayacağını açıqlayıb.

"Clouds Architecture Office" memarlıq firması  göydələn tikintisində  insanları ən yüksək səviyyəyə qaldıracaq layihə üzərində çalışır. Şirkətdən verilən açıqlamaya görə, göydələnlərin Yer səthindən 50 min kilometr yüksəklikdə  olan bir asteroidə birləşdirilməsi hədəflənir. Bu isə  o deməkdir ki, innovativ göydələn  dünyada indiyədək inşa edilən ən hündür tikili olacaq.

Olduqca iddialı olan  "Analemma Tower" adlı göydələndə lüks mənzil, ofis, bağ və mağazaların yer alacağı bildirilib. Digər tərəfdən isə  bu göydələn asteroidə bağlandığı üçün hər gün Yer kürəsi ətrafında dövrə vuracaq. Ən maraqlısı isə odur ki, Nyu York və Dubay kimi dünyanın aparıcı şəhərlərində inşa ediləcək bu binaya qalxmaq üçün insanlar şəxsi helikopterlərdən istifadə etməli olacaqlar. 

Qeyd edək ki, ilk dəfə 2018-ci ildə  bu futuristik dizayn üzərində  işə başlansa da, tikinti üçün tələb olunan texnologiyalar olmadığından layihə həyata keçirilə bilməmişdi.

 

İlon Maskın kosmik gəmisi Yerə qayıdıb

Amerikanın kosmik gəmi və raket istehsalçısı SpaceX-in Crew-3 komanda heyəti 6 aylıq müddətdən  sonra Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdıb.

"Space.com" veb saytında yer alan xəbərə görə, 3-ü NASA-dan  və biri Avropa Kosmik Agentliyindən olan 4 astronavt ABŞ-ın Florida ştatı yaxınlığındakı Meksika körfəzinə eniş edib. Qeyd edək ki, 2021-ci ilin noyabr ayından  kosmosa göndərilən astronavtlardan ibarət komanda "Endurance" adlı Dragon kapsulu ilə geri dönüb.

Komanda heyəti   bu qədər müddət ərzində Beynəlxalq Kosmik Stansiyada yüzlərlə təcrübə həyata keçiriblər. Onlar kosmosa səyahət etməklə yanaşı, günəş panellərinin hazırlanması üzərində də bir sıra təcrübələr aparıblar.  Elektron mikroskopu da sınaqdan keçirən komandanın geri dönüşü mayın 4-ü, çərşənbə gününə planlaşdırılsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

 

Antarktidada su aşkar edildi

"Daily Mail" qəzetində yer alan xəbərə görə, amerikalı alimlər ilk dəfə Antarktida buzlaqlarının altında nəhəng yeraltı sular sistemi aşkar ediblər.

Bir kilometr uzunluğunda olan qədim dəniz suyunun qarşılığı ilə doymuş çöküntü təbəqəsi Qərbi Antraktida Willan Buz axınının altında yerləşir. Qeyd edək ki, tədqiqatçılar əvvəllər də Antarktida buzlaqlarının altında bol qrunt sularının ola biləcəyindən şübhələnirdilər, lakin indiyədək bu fərziyyəni təsdiqləyən inandırıcı dəlillər yox idi. Mütəxəssislər yeni kəşfin iqlim dəyişikliyinin təsirlərini və buzlaqların geri çəkilmə sürətinin proqnozlaşdırılmasında mühüm rol oynayacağını söyləyirlər. Onların fikrincə, yeraltı sular digər planetlərin dərinliklərində də oxşar şəkildə mövcud ola bilər.

Bundan əlavə, Antarktidada buzun rekord həddinin ən aşağı səviyyəyə çatdığı bildirilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".