Tarixin sınağından çıxmış etibarlı dostluq və tərəfdaşlıq
Siyasət

Tarixin sınağından çıxmış etibarlı dostluq və tərəfdaşlıq

Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu format çərçivəsində Azərbaycanın müxtəlif region dövlətləri ilə münasibətləri dinamik inkişaf edir. Bu qəbildən olan dövlətlər arasında Mərkəzi Asiya regionu dövlətlərinin xüsusi yeri və çəkisi vardır. Bu dövlətlərin hər biri ilə Azərbaycan dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlər qurub. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycan – Qırğızıstan münasibətləri yüksək inkişaf tendensiyasına malikdir. Bizi eyni dil, din, soykök birləşdirir. Eyni zamanda dövlət başçıları və xalqlarımız arasında da dostluq, qardaşlıq münasibətləri formalaşmışdır.

İkitərəfli münasibətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində də yüksək inkişaf tempinə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunda TDT prioritet istiqamətdir. Bu təşkilata üzv olan dövlətlər bir ailənin üzvləri hesab olunur. Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri bir daha nümayiş etdirdi ki, bu iki eyni kökdən olan dövlətlər arasında əlaqələr bütün istiqamətlər üzrə inkişaf edir, siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı şəkildə iki ölkənin prezidentlərinin səfərləri müşayiət olunur. Bu gün iqtisadi əlaqələrimizin inkişafı üçün yeni imkanlar yaranır. Azərbaycan Qırğızıstan investisiya fondu fəaliyyət göstərir. Bundan savayı qeyri-neft sektorunda əlaqələrin inkişafı üçün yeni imkanlar yaradılır. Nəqliyyat sahəsində inkişaf perpektivləri də həmçinin çox böyükdür. Eyni zamanda mədəni humanitar sahədə əlaqələr inkişaf edir. Ölkəmizdə qırğız mədəniyyət günlərinin keçirilməsi siyasi-iqtisadi sahədə olduğu kimi, mədəni əlaqələrdə dinamik inkişafın sübutudur.

Aprelin 24-də qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıda ucaldılan abidəsinin açılış mərasimində prezident Sadır Japarov və ölkə başçımız İlham Əliyev də iştirak ediblər. Eyni zamanda səfər çərçivəsində prezidentlər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən şəhərlərindən biri olan Ağdamda olublar. Ağdamda Qırğızıstanın maliyyə dəstəyi ilə orta məktəbin inşasına başlanılacaq. Bütün bunlar dostluq və qardaşlıq münasibətlərinin yüksək təzahürüdür.

Bu əlaqələrin inkişafının TDT təşkilatları çərçivəsində böyük perspektivləri var. Doğrudan da TDT çox geniş iqtisadi və insani resurslara malikdir. Bu təşkilatın cəlbedicilik əmsalı çox böyükdür və Qırğızıstan da təşkilatın üzvü olaraq inkişafa dəstək verir. Azərbaycanla münasibətlər də bu baxımdan olduqca əlamətdar və vacibdir. Bu səfər ikitərəfli münasibətlərimizin və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimizin inkişafı üçün yeni imkanlar pəncərəsi açacaq.

Elman NƏSİROV,

Milli Məclisin deputatı.