Türk dünyası birliyinə mühüm töhfə
Siyasət

Türk dünyası birliyinə mühüm töhfə

Azərbaycanın Mərkəzi Asiya regionunun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəblərindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir.

Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.  Bu prizmadan yanaşsaq Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini demək olar.

Bu səfər dövlətlərimiz arasında, bütövlükdə türk dünyası ailəsində münasibətləri daha yüksək səviyyəyə daşımaq məqsədi daşıyır və buna da nail olundu. Bunu imzalanan sənədlər də sübut edir. Belə ki, baş tutmuş səfər çərçivəsində tibb elmi, energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları, Nazirlər Kabinetləri arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı, gömrük xidməti sahəsində əməkdaşlıq haqqında protokol, gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım, hüquqi sahədə qarşılıqlı fəaliyyət, təhsil, elm, miqrasiya sahəsində və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalandı.

Göründüyü kimi, imzalanmış sənədlər özündə müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarını ehtiva edir və heç şübhəsiz ki, bu səfər münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Əslinə baxanda, Azərbaycanla Qırğızıstan arasında iqtisadi və mədəni əlaqələr hələ hər iki ölkənin SSRİ-nin tərkibində olduğu dönəmlərdən mövcuddur. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başladı.

Bu gün Azərbaycan və Qırğızıstan prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar isə ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir. İqtisadi-ticari əlaqələrin müsbət dinamikası müşayiət olunur, əmtəə dövriyyəsində 20 faizə yaxın artım var. Amma buna baxmayaraq, hər iki tərəf qarşılıqlı ticarət həcminin iki ölkənin iqtisadi və mövcud potensialının inkişafı səviyyəsinə uyğun olmadığı barədə ortaq mövqeyə malikdirlər. Həqiqətən də həm Azərbaycanın, həm də Qırğızıstanın potensialı qarşılıqlı iqtisadi münasibətləri daha yüksək səviyyəyə çatdırmağa imkan verir və bu istiqamətdə davamlı addımların atılacağına da şübhə yoxdur.

Hər iki tərəf qarşılıqlı investisiyanın təşviq edilməsi istiqamətində də real addımlar atır. Bu kontekstdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun təsis olunmasını əyani sübut kimi göstərmək olar. Ölkələrimiz arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın dinamikası da müsbətdir. Hazırda Azərbaycan və Qırğızıstan arasında yükdaşımaların həcmində təxminən 2 dəfəyə yaxın artım var, tranzit yükdaşımalarının həcmində də artım qeydə alınır.

Hər iki tərəf Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin cəlbediciliyinin artırılması istiqamətində fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq özündə  Orta Dəhlizin əlaqələndirilmiş şəkildə rəqəmsallaşdırılması işinin aparılmasını, həmçinin bu nəqliyyat istiqamətinə əlavə yüklərin yönləndirilməsi məqsədilə birgə fəaliyyəti ehtiva edir. Orta Dəhliz çərçivəsində iki ölkə arasında geniş əməkdaşlıq potensialı olduğu məlumdur və bu da təbiidir. Çünki Orta Dəhliz regional dövlətlərin və digər maraqlı tərəflərin səyləri nəticəsində əhəmiyyəti artan dinamik marşrutdur. Multimodal nəqliyyat marşrutuna Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa və Çinlə birləşdirən limanlar, dəmir və avtomobil yolları daxildir. Dəhlizin inkişafını təşviq etmək üçün onun xidmət göstərdiyi ölkələr 2017-ci ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutları Assosiasiyasını yaradıblar, infrastrukturun təkmilləşdirilməsi isə bu ticarət dəhlizinin iqtisadi səmərəliliyini artıraraq, əlaqəni yaxşılaşdırmağa və malların daşınmasını sadələşdirməyə davam edir.

Bu gün iki ölkə arasında beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə qurulması, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın genişləndirilməsi əsas hədəfdir və hər iki ölkə bu istiqamətdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.

Rəşad BAYRAMOV,

politoloq.