Siyasət

"Təbiət muzeyi"nə qayıdış başlayacaq

Çox da uzaq olmayan keçmişdə dərin hüzn və ürəkağrısı ilə doğma torpaqlarımızın düşmən işğalı altında qaldığı illərdə tədbirlər keçirir, 90-cı illərdə xalqımızın yaşadığı fəlakətləri xatırlayır, gələcəkdə vəziyyətin dəyişəcəyinə ümid edirdik. Nəhayət, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Daha aprelin 2-si Kəlbəcərin işğal günü kimi qeyd edilmir. Amma biz yenə də bu tarixi yaddan çıxarmamalıyıq.

Kəlbəcərin isğalı əslində 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdabanın darmadağın olunmasından baslanmısdı. Ermənilər gecə Ağdaban kəndi ilə qonşu olan Çapardan hücum edərək 130 təsərrüfatdan ibarət Ağdabanı ikinci Xocalıya çevirdilər. Bu qanlı faciə zamanı 32 nəfər dinc əhali həlak oldu, iki nəfəri evində diri-diri yandırdılar, 7 nəfər isə girov aparıldı. Kəndin qalan əhalisi başıaçıq, ayaqyalın qarla örtülü meşələrə, dağlara qaçdı. Ağdaban hadisəsi ermənilərin Azərbaycana qarşı baslatdıqları böyük müharibənin siqnalı idi. Belə ki, havadarlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələri 1993-cü il aprelin 2-də Kəlbəcərə bir neçə istiqamətdən hücuma keçdilər. 60 minlik əhali mühasirədə qaldı. Bu faciədə erməni faşistləri yüzlərlə insanı öldürdülər. Rayon ərazisində olan tarixi-memarlıq abidələrini, binaları, evləri dağıdıb məhv etdilər. 

Kəlbəcərin işğalından danışarkən, həmin dönəmin siyasi mühitinə də nəzər salmaq lazım gəlir. Əslində, 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq baş alıb gedirdi. Vəzifəyə təyinetmə zamanı savad, təhsil, dünyagörüşü əsas götürülmürdü. Rəhbərlik bir qayda olaraq ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvlərini irəli çəkirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət və səriştə məsələlərinə önəm verən yox idi. Orduda da vəziyyət gündən-günə ağırlaşır, fərarilik halları getdikcə artır, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafenin girovuna çevrilirdi. AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqına vurduğu ən böyük zərbə isə Qarabağın itirilməsi, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi oldu. 1991-1992-ci illərdə Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən AXC təmsilçiləri bölgələrdə qurumların fəaliyyətini iflic hala salır, silahlı dəstələri öz nəzarəti altına alır, lazımi anda isə həmin dəstələri məhz özlərinin maraqlarına uyğun davranmağa istiqamətləndirirdilər. Bir sıra rayonlarda hakimiyyəti əldə etmək üçün qəsdən qarşıdurmalar yaradırdılar. Şuşanın, Laçının və Kəlbəcərin işğal edilməsi də birmənalı olaraq AXC-nin hakimiyyətə gəlməsi planının tərkib hissəsi idi. Tarixi torpaqlarımızın Ermənistana verilməsi hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün çirkin niyyətlərinə çatmaları üçün bir fürsət idi. Təsadüfi deyil ki, AXC-Müsavat xəyanətkar cütlüyü məhz Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yolla ələ keçirdilər. Bu isə daha böyük faciələrə yol açdı. 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü. Bununla da keçmiş qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantı daha da genişləndi.

Milli xəyanət nəticəsində itirdiyimiz Kəlbəcərin işğalına isə 30 ilə yaxın müddətdən sonra son qoyuldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Murovdağ, Suqovuşan, Hadrut, eləcə də Xocavənd rayonunun böyük bir hissəsi və Şuşanı hərbi yolla azad etməklə döyüş meydanında düşmən ordusu darmadağın edildi. Noyabrın 9-da isə 70-dən çox kəndin ildırım sürəti ilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu razılaşmaya əsasən, rəsmi İrəvan Kəlbəcər, Laçın və Ağdam rayonlarını təhvil verəcəyinə dair öhdəlik götürdü. Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu Kəlbəcər azad edildi. Doğma yurdumuzun heç bir güllə belə atılmadan geri alınması ölkəmizin həm də böyük siyasi-diplomatik qələbəsi kimi tarixə düşdü.

Tarixi zəfərdən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı. 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: "Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq".

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. Ən çətin relyefə malik olan Kəlbəcərə dağlardan keçən elektrik xətləri çəkilib. Kəlbəcər rayonunda tikintisi gedən mühüm infrastruktur obyektlərindən biri də "İstisu" sanatoriyasıdır. İcra olunan layihələr həm mülki əhali, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir.

Ümumiyyətlə, 1936 kvadratkilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Kəlbəcərdə Zarda aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan icmasının ilk əmək alətləri burada meydana gəlib. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarlarının qaya parçalarından və çay daşlarından hörülməsi deməyə əsas verir ki, bura ilk insan məskəni olub. Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsudur. Bu bölgəmiz zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə də zəngindir. Söyüdlü və Ağduzdağ yataqları sənaye əhəmiyyətlidir, onların əsasında Kəlbəcər rayonunda qızıl istehsal sənayesini təşkil etmək olar.

Bir sözlə, bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır. Görülən mərhələli işlərin nəticəsində də təbiətin zümrüd qaşı Kəlbəcər yenidən ən füsunkar və cazibədar bölgələrimizdən birinə və dağlar qoynunda alınmaz qalamıza çevrilir. Otuz il əvvəl məcburi köçkün kimi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqlar. Cari il ərzində Kəlbəcərə ümumilikdə 13 minə yaxın insanın köçürülməsi nəzərdə tutulur. Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3 min 500 ev tikilərək istifadəyə veriləcək.

Jalə QASIMZADƏ,

"Respublika".