DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA GÜRCÜSTANDAN SAAKAŞVİLİ İLƏ BAĞLIXAHİŞ EDİB

Ukrayna tərəfi Gürcüstandan keçmiş prezident Mixeil Saakaşvilinin urkaynalı konsulla görüşlə bağlı tələbini yerinə yetirməyi xahiş edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib.

Mətbuat katibi qeyd edib ki, bu məsələ Gürcüstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili ilə XİN-də oktyabrın 2-də keçirilən görüşdə müzakirə olunub.

Ukrayna tərəfi Mixeil Saakaşvilinin qanunla müəyyən edilmiş hüquqlarının tam qorunmasının zəruriliyini vurğulayıb. Həmçinin rəsmi Kiyevin Gürcüstanın daxili işlərinə qarışmamaqla bağlı prinsipial mövqeyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Ukrayna vətəndaşı Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi şəhərində penitensiar müəssisəyə yerləşdirilmiş siyasətçi aclıq elan edib və Ukrayna konsulu ilə görüş istəyib.

 

TÜRKİYƏ ƏFQANISTANDA YENİDƏNQURMA İŞLƏRİNƏ DƏVƏT EDİLİB

“Taliban” tərəfindən yaradılan müvəqqəti hökumətin sədr müavini Molla Əbdül Qani Baradar Türkiyəni Əfqanıstanda yenidənqurma və inkişafla bağlı layihələrin həyata keçirilməsində iştirak etməyə çağırıb. “APA”nın xəbərinə görə, bu barədə hərəkatın “Twitter” hesabında məlumat verilib.

Paytaxt Kabildə Türkiyənin Əfqanıstandakı səfiri Cihad Erginayla görüşən müvəqqəti hökumətin sədr müavini iki ölkə arasında müsbət əlaqələrin qaldığını xatırladıb.

Öz növbəsində, Türkiyə diplomatik nümayəndəliyinin rəhbəri ölkəsinin Əfqanıstanda sabitlik yaranacağına ümid etdiyini və müxtəlif sahələrdə, o cümlədən Kabil hava limanının yenidən qurulması və təhlükəsizliyi mövzusunda əməkdaşlığa açıq olduğunu diqqətə çatdırıb.

 

BÖYÜK BRİTANİYADA YANACAQ BÖHRANI DAHA DA DƏRİNLƏŞİB

Böyük Britaniyada yanacaqdoldurma məntəqələrində yanacaq tədarükü ilə bağlı vəziyyət pisləşməyə doğru gedir. “Trend” agentliyinin məlumatına görə, bunu Britaniya Yanacaq Satışı Assosiasiyasının sədri Brayan Medderson “BBC” telekanalına müsahibəsində bildirib.

Assosiasiya sədri bildirib ki, paytaxt Londonda, ölkənin cənub-şərqində yanacaq çatışmazlığı ilə bağlı böhran daha da dərinləşib.

Qeyd olunur ki, bazar ertəsindən başlayaraq Böyük Britaniyada yanacaqdoldurma məntəqələrinə yanacağın çatdırılması prosesinə hərbçilər cəlb olunacaq.

Assosiasiyanın hesabatına əsasən, ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrinin 26 faizində yanacaq tamamilə olmayıb, 27 faizində isə yalnız bir növ yanacaq mövcud olub.

Böyük Britaniyada yanacaq böhranı sentyabrın 23-də “BP” şirkətinin ölkədə onlarca yanacaqdoldurma məntəqəsini bağlamasından sonra başlayıb. Şirkət məntəqələri bağlamaq qərarını yük maşını sürücülərinin çatışmazlığı ilə izah edib.

 

DÜNYA BANKI TARİXİNİN ƏN BÖYÜK BÖHRAN ƏLEYHİNƏ VƏSAİTİNİ AYIRIB

Dünya Bankı Qrupu 2020-ci ilin aprelindən bu ilin sonuna qədər pandemiyanın iqtisadi və sosial təsirləri ilə mübarizə aparan ölkələrə kömək etmək üçün 157 milyard dollarlıq tarixinin ən böyük böhran əleyhinə vəsaitini ayırıb. “Report” agentliyi xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.

Sənədə əsasən, Dünya Bankı Qrupu ölkələrə səhiyyə ilə bağlı fövqəladə vəziyyəti həll etməyə, milyardlarla dollar dəyərində tibbi ləvazimatlar almağa, səhiyyə sistemini və pandemiyaya hazırlığı gücləndirməyə, yoxsulları və həssas təbəqəni qorumağa, eləcə də sosial müdafiəni genişləndirməyə kömək edib.

Dünya Bankı Qrupu “COVID-19” peyvəndi üçün mövcud maliyyələşməni iki il ərzində 20 milyard dollara çatdırıb, təkcə bu maliyyə ilində 53 ölkəyə 4,4 milyard dollar ayrılıb.

 

ŞİMALİ KOREYA ABŞ-IN DİALOQ TƏKLİFİNİ CAVABSIZ QOYUB

ABŞ Şimali Koreya ilə dialoqa və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməyə hazırdır. “Report”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. O qeyd edib ki, rəsmi Vaşinqton hələ bununla bağlı Pxenyandan cavab almayıb.

“Şimali Koreya ilə müzakirə üçün konkret təkliflərlə çıxış etsək də, hələ cavab almamışıq. Biz məsələlərin bütün spektrini müzakirə etməyə hazırıq”, - deyə Ağ Evin rəsmi nümayəndəsi vurğulayıb.

Eyni zamanda, Cen Psaki əlavə edib ki, Vaşinqton hazırda Koreya Xalq Demokratik Respublikasının son raket buraxılışlarını nəzərdən keçirir və əlbəttə ki, bu sınaqlardan məlumatlıdır. O, hələlik Pxenyanın Cənubi Koreya ilə ünsiyyət kanallarını bərpa etməyə hazır olduğunu şərh edə bilməyəcəyini söyləyib.

 

QİYAMÇI POLKOVNİK PREZİDENT OLDU

Sentyabrın 5-də Qvineyada hərbi çevriliş edərək qanuni prezident Alpha Kondeni həbs edən fransız legioner polkovnik Mamadi Dumbuya prezident kimi and içib. “Teleqraf.com”un verdiyi xəbərə görə, 41 yaşlı polkovnik Malidəki dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirən 38 yaşlı Assimi Goitadan sonra Afrikanın ən gənc ikinci lideri olub.

Bununla yanaşı, məlum olub ki, müvəqqəti prezident elan olunan Mamadi Dumbuya gələcək seçkilərdə iştirak edəcək, lakin keçici hökumətdə təmsil olunanların namizəd olması qadağan edilir.

Həmçinin hərbi hökumətin mülki idarəçiliyə keçid edəcəyi açıqlansa da, bu keçidin nə qədər davam edəcəyi bəlli deyil.

Mamadi Dumbuyanın 15 illik hərbi karyerası ərzində Əfqanıstan, Fildişi Sahili, Cibutu, Mərkəzi Afrika Respublikası, İsrail, Kipr, Birləşmiş Krallıq və ölkəsi Qvineyada xidmət etdiyi açıqlanıb.

 

ABŞ-DA NİNDZA GEYİMLİ ŞƏXS QILINCLA XÜSUSİ TƏYİNATLILARA HÜCUM EDİB

ABŞ-da nindza qiyafəsi geyinmiş 35 yaşlı Gino Rivera adlı kişi əlində qılınc xüsusi təyinatlı qüvvələrin hərbçilərinə hücum edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Stars and Stripes” portalı məlumat yayıb.

Yerli polisin açıqlamasına görə, hadisə Los-Ancelesin şimalında yerləşən “İnyokern” aerodromunda baş verib. Şübhəli anqar pəncərəsindən daş ataraq hərbçilərdən birinin başına xəsarət yetirib.

Məlumata görə, o hadisə yerinə cəlb edilən polislərin qarşısına da qılıncla çıxaraq onlara xəsarət yetirmək istəyib, lakin zərərsizləşdirilib.

 

İRANDAN CƏNUBİ KOREYA İLƏ BAĞLI QADAĞA

Cənubi Koreya istehsalı olan məişət texnikalarının İrana idxal edilməsi və satışı qadağan edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə İranın Prezident Administrasiyası rəhbərinin sənaye və ticarət, eləcə də iqtisadiyyat və maliyyə işləri nazirlərinə yazdığı məktubda bildirilir.

Məlumata əsasən, ölkədə bir sıra məişət texnikası istehsal edən şirkətlər ali dini lider Əli Xameneiyə müraciət edərək daxili bazarın qorunmasını xahiş ediblər. Ali rəhbər İran iqtisadiyyatının dirçəlməsi üçün daxili bazarın qorunmasını vacib hesab edib və tədbir görülməsi üçün iş adamlarının müraciətini Prezident Administrasiyasına yönəldib. Administrasiya isə Cənubi Koreyadan İrana məişət texnikası idxalını və satışını qadağan edib.

Verilən xəbərə görə, Cənubi Koreya ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları dəstəkləyir və İrana məxsus 9 milyard dollar vəsaiti qaytarmır. Rəsmi Seul vəsaiti qaytarmaqdan imtina etmir, sadəcə olaraq, sanksiyaları əsas tutaraq hazırda pulu İrana verməkdən boyun qaçırır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.