Türkiyə: Ölkənin turizm gəlirləri artıb
Dünya xəbərləri

Türkiyə: Ölkənin turizm gəlirləri artıb

Dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biri də Türkiyədir və onun illik büdcəsinin 5 faizi turizm sahəsindən əldə etdiyi gəlir hesabına formalaşır. Türkiyədə dövlət və özəl sektor bu sahədə müştərək işləyir. Ölkənin Mədəniyyət və Turizm Nazirliyi turizm sektorunun 2023-cü ilin sonunadək olan dövr üçün inkişaf konsepsiyasını hazırlayıb. Konsepsiyanın əsas məqsədi turizm kurortlarının rentabelliyini artırmaq, onları dünyada daha geniş miqyasda tanıtmaq və turizm biznesinin daha yüksək inkişafına nail olmaqdır.

Türkiyə turizm biznesi Avropa, Amerika və digər ölkələrdən olan müştərilərinə lüks şəraitli istirahət təmin edir. Eyni zamanda, son illərdə burada Rusiya və digər MDB ölkələrindən olan orta təbəqə müştərilərinə hesablanmış nisbətən ucuz və güzəştli turizm obyektləri geniş yayılıb.

Ümumiyyətlə, Türkiyədə bütün növlər üzrə kurortlar, istirahət mərkəzləri var. Dəniz sahilinə yaxın ərazilərdə sənaye müəssisələrinə rast gəlinmir. Bu baxımdan, Antalya xüsusi yer tutur. Burada 2, 3, 4 və 5 ulduzlu olmaqla 120-dək otel fəaliyyət göstərir. Antalya daha çox yaxta gəzintiləri, Düdən, Manavqat, Kurşunlu şəlalələrinə təşkil edilən ekskursiyaları ilə məşhurdur.

Bölgədəki digər məşhur turizm mərkəzi olan Kəmər dağlarla dəniz arasında yerləşir. Kəmərdə 350-dək otel fəaliyyət göstərir. Bələk isə evkalipt, küknar və şam meşələri, zəngin flora və faunası ilə turistləri özünə cəlb edir.

Egey dənizi sahilində ən çox turist cəlb edən kurort isə Bodrumdur. Serfinq, dayvinq və digər su idman növləri ilə məşğul olanlar üçün Bodrum ən əlverişli istirahət yeridir. Əsasən təmiz və yaşıl təbiəti ilə tanınan Quşadasında, ərazi narın qumluqları ilə diqqəti cəlb edir.

Pamukkale isə müalicəvi əhəmiyyətli kurortlardandır. Dənizli şəhərindən 20 kilometr uzaqlıqda olan Pamukkale Menderes çayı vadisində yerləşir. Qədim İyerapolis şəhərinin xarabalıqları ilə əhatə olunan Pamukkaledə təbii bulaqların əmələ gətirdiyi kalsium bikarbonatla zəngin gur şəlalələr ağappaq terraslardan üzüaşağı axır və bu da dünyada analoqu olmayan bəyaz səthli termal su hövzələri əmələ gətirir. Pamukkaledəki bulağın müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur.

Türkiyəni turizm baxımından əlverişli edən ilk növbədə onun iqlimidir. Subtropik Ağ dənizi iqlimi yayda 23-33 dərəcə, qışda isə 13-15 dərəcə istini təmin edir. Bu baxımdan, Türkiyədə yaz və payızda (aprel-oktyabr ayları) turizm baxımından daha əlverişli dövr sayılır. Ölkə dörd dənizlə əhatə olunub - Qara, Mərmərə, Ağ və Egey dənizləri. Elə ölkənin ən tanınmış istirahət mərkəzləri də məhz bu dənizlərin sahillərində yerləşir.

Yaz-payız dövrünə hesablanmış çimərlik kurortlarıyla yanaşı, Türkiyədə son vaxtlar dağ turizmi də geniş inkişaf etdirilir. Uludağ, Qartəpə, Qartalqaya, Sarıqamış və Palandökən bu baxımdan daha çox tanınıb.

Türkiyədə, həmçinin kruiz turizmi də sürətlə inkişaf edir. Kruiz sərnişinlərinin sayının keçən illə müqayisədə yüzdə 66,7 faiz artdığı bildirilir. Keçən il ölkəyə 341 min 556 kruiz sərnişin gəldiyi halda, bu say bu il  600 min 780-ə çatıb. İlin sonuna kimi sərnişinlərin sayının bir milyonu keçəcəyi gözlənilir.

Bütövlükdə, Türkiyənin turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq 12 milyard 975 milyon 307 min ABŞ dollarına çatıb. Ölkənin 2023-cü il üçün turizm gəliri hədəfi 56 milyard dollar olaraq açıqlanıb. Bunu Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Antalyanın Manavqat qəsəbəsində çıxışında deyib: "Turizmdən bu il gözləntimiz 56 milyard dollardır. Əvvəlki illərdə olduğu kimi, bu gəlirdə də ən böyük payın Antalya olacağına inanırıq. Mühüm olan il boyu qonaqları yayaraq sektoru dinamik saxlayacaq şəkildə turizmi canlandırmaq və inkişaf etdirməkdir. Hər il Türkiyəyə gələnlərin sayı artır, əldə etdiyimiz gəlir çoxalır. Turizm baxımından Türkiyənin gələcəyi bəllidir. 2028-ci ilə qədər 100 milyard dollar gəlir hədəfimiz var. Buna da addım-addım çatacağıq".

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.