Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
Digər xəbərlər

Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə iyulun 14-də Yasamal Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi başlayıb.

Sonra zərərçəkən şəxslərlə təqsirləndirilənlər üzləşdirilib. Təqsirləndirilən şəxslər və zərərçəkmişlər proses zamanı hakimin, prokurorun, vəkillərin suallarını cavablandırıblar. 

İbtidai istintaqa ifadəsini təsdiqləyən və prokurorun suallarını cavablandıran zərərçəkmiş Kamil Babayev L.Mkrtiçyan və A.Xosrovyanı şəkillərdən, üz cizgilərindən tanıdığını, həmin şəxslərdən onlara amansız işgəncə verdiyini, təhqir etdiyini bildirib.

Zərərçəkmiş Rauf Qafarov isə qeyd edib ki, təqsirləndirilən şəxslərin hər ikisi Şuşa həbsxanasında ona amansız işgəncə verib. Lüdvik Mkrtiçyan bildirib ki, o, 1993-cü ildə Suqovuşan və Hadrutda olub və müharibədə iştirak edib. Zərərçəkmiş şəxs isə deyib ki, L.Mkrtiçyan 1992-ci ildən Şuşa həbsxanasında olub.

Digər zərərçəkmiş Famil Əliyev isə təqsirləndirilən şəxslərin ona balta ilə xəsarət yetirdiklərini bildirib. 

Zərərçəkmiş Zahid Həsənov deyib ki, 1994-cü ildə Alyoşa Xosrovyan onu Xankəndi xəstəxanasından Şuşa həbsxanasına apararaq işgəncələr verib, qabırğasını sındırıb. Zahid Həsənov A.Xosrovyanı şəkildən, L.Mkrtiçyanı əlindəki yazıdan və sifət cizgilərindən tanıyıb. Zərərçəkmiş bildirib ki, ermənilər türklərə daim nifrət edib. Bizə deyirdilər niyə döyüşürdünüz. Ona görə bizə işgəncələr verirdilər.

Zərərçəkmiş Həbib Kazımov isə təqsirləndirilən şəxslərin ona əsirlikdə verdiyi işgəncələrdən danışıb. Deyib ki, uzun illər sonra bu şəxsləri istintaqda qəddar görünüşlərindən tanıyıb.

Zərərçəkmiş Cavid Hüseyn deyib: “Biz əsir düşmüşdük. İyirmi səkkiz il ötsə də, həmin işgəncələri unutmamışam. Hər gün gözümün qabağında canlanır. Təqsirləndirilən şəxslərdən Lüdviki gözünün altında olan qara ləkədən tanıdım. A.Xosrovyan məni tanıdığını etiraf etdi. Mən o vaxt bu şəxslərə demişdim ki, vaxt gələcək siz bizim önümüzdə cavab verəcəksiniz”.

Cavid Hüseyn vurğulayıb ki, Şuşa həbsxanasında Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın iştirakı ilə onun gözünü çıxarıblar. Başını dəmir boru ilə vurub yarıblar. Sonra dəmir barmaqlıqlara bağlayıb döyüblər. O, təqsirləndirilən şəxslərin əsirləri öz evlərində döydüklərini və işgəncə verdiklərini də qeyd edib.

Zərərçəkmiş Elşən İsmayılov bildirib ki, təqsirləndirilən şəxslər onu dəmirlə döyüb, qızıl dişini çıxarıb, dediklərini etməyəndə avtomatla vurublar.

Təqsirləndirilən şəxslər Azərbaycan sərhədini qanunsuz keçdiklərini də etiraf ediblər.

Daha sonra prosesdə hakim məhkəmə istintaqının başa çatması ilə bağlı tərəflərə müraciət edib.

Növbəti məhkəmə prosesi iyulun 28-ə təyin olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə təqsirləndirilirlər.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın azərbaycanlı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanılması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyənləşdirilib. İstintaqla müəyyən olunub ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürülərək azadlığı qanunsuz olaraq məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 1999-cu il sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyənləşdirilib.

Lüdvik Mkrtiçyan 2020-ci il oktyabrın 20-də Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

İstintaqla Alyoşa Xosrovyanın beş azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyənləşdirilib. Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprelində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illərdə əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi qaydada döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci il oktyabrın 3-də Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

AZƏRTAC