BARAMAÇILIQDA YÜKSƏK NƏTİCƏ
Region

BARAMAÇILIQDA YÜKSƏK NƏTİCƏ

Lənkəranda  dördüncü ildir ki, baramaçılıq inkişaf etdirilir. Keçmiş sovet dönəmində rayonda kənd təsərrüfatının bu ənənəvi sahəsinə xüsusi diqqət yetirilib. Uzun fasilədən sonra bu gəlirli, rentabelli sahəyə qayıdış başlanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” kənd əməkçilərində ruh yüksəkliyi yaradıb. Proqramda qarşıya qoyulmuş vəzifələr ardıcıl şəkildə, uğurla icra edilir.

İlk növbədə rayonda baramaçılığın yem bazası yaradılıb. Qəsəbə və kəndlərdə yerli növ və Çindən gətirilmiş on minlərlə tut tingi yetişdirilib. Baramaçılıq haqqında aqrar sahədə çalışanlarla maarifləndirmə, kütləvi izahat, təbliğat işləri aparılıb. Nəticədə baramaçılıqla məşğul olanların sayı və məhsul istehsalı ilbəil artıb. 2018-ci illə müqayisədə yaş barama təhvili 3 dəfə çoxalıb.

 May ayının əvvəllərində 51 nəfər kümçüyə 250 qutu ipəkqurdu toxumu təhvil verilib. Kümçülər şəxsi təsərrüfatlarında yaxşı məhsul yetişdiriblər.

Allahverdi İbrahimov rayonun ucqar dağ kəndi olan Köhnə Gəgirdə yaşayır. Ali təhsilli zoomühəndisdir. Uzun illər ixtisası üzrə müxtəlif vəzifələrdə işləyib. Allahverdi deyir ki, vaxtilə atası da baramaçılıqla məşğul olub. Bu sahədə ailə üzvlərinin kifayət qədər təcrübəsi vardır. İpəkqurdunu ev şəraitində bəsləyirlər. Bu məqsədlə ayırıcı yer hazırlanıb, rəflər tikilib. Yemləmə, istilik və rütubətin normal olmasına xüsusi nəzarət qoyulub. Allahverdi Çindən gətirilib əkilən tut tinglərinin daha məhsuldar olduğunu, yemləmə zamanı çətinliklə üzləşmədiklərini bildirir. İbrahimovların ailə təsərrüfatı əvvəlki illərlə müqayisədə bu il daha çox məhsul təhvil verib. Bir qutu ipəkqurdu toxumundan 98 kiloqram məhsul yetişdirməklə rayonda rekord göstəriciyə nail olublar. Ailə təsərrüfatı 398 kiloqram yaş barama təhvil verib. Məhsulun kiloqramına 9 manat vəsait ödəniləcək. Bu hesaba ailə 3 min manat xalis gəlir əldə edəcəkdir. Ucqar dağlıq şəraitdə bir ailənin 35-40 günə halal zəhmətlə qazandığı bu vəsait ailə büdcəsi üçün yaxşı göstəricidir.

Allahverdi İbrahimov keçən il də baramaçılıqda respublika üzrə ən yüksək nəticəyə nail olub. Kənd Təsərrüfatı naziri İnam Kərimov qabaqcıl kümçünü Təşəkkürnamə ilə mükafatlandırıb.

Digah kənd sakini Elyar Cəfərov da baramaçılıqda zəngin təcrübəyə malikdir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Lənkəranda baramaçılıqla məşğul olanlarla maarifləndirmə, izahat işlərini aparmaq ona tapşırılıb. Elyar həm də kümçüdür, 8 qutu baramaqurdunu yetişdirərək 482 kiloqram məhsul istehsal edib.  

Rayonun İstisu qəsəbə sakini Nihad Zeynalov söhbət zamanı baramaçılığın qayğı tələb etdiyini, çox gəlirli sahə olduğunu bildirir. Yaxşı yemləndirsən, bol və keyfiyyətli məhsul əldə edərsən. Mən ilk dəfə barama bəsləyirdim. Zəhmət bəhrə verdi, 280 kiloqram yaş barama təhvil verdim, -deyir.

Lənkəranda baramaçılığın inkişafına qayğı ilbəil artırılır. Bu sahədə rayon respublikada öncül yerlərdən birini tutur. İndiyə kimi “Azəripək” MMC-yə 9672, 2 kiloqram barama təhvil verilib. Məhsul tədarükü davam edir. Rayon üzrə 11 tona yaxın məhsul təhvili nəzərdə tutulub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.