Dahiliyin Heydər Əliyev zirvəsi
Siyasət

Dahiliyin Heydər Əliyev zirvəsi

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil bir dövlət kimi inkişafının başlanğıcı oldu. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün Azərbaycan dövləti yaşadıqca millətin yaddaşında əbədi qalacaqdır.

Dövlət müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Belə tarixi şəxsiyyətlər nadir hallarda yetişir və bu dühalar özləri tarix yaradırlar.

Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişaf və dirçəliş Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq. Onun polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycan dövlətinin möhkəm təməl üzərində bünövrəsi ucaldılıb. Heydər Əliyev deyirdi: “Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev o dövrdə ölkədə baş alıb gedən böhranın, hakimiyyətsizliyin, vətəndaş qarşıdurması və digər xoşagəlməz halların qarşısını aldı. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, onu gözləyən real təhlükələrdən xilas etdi. Ulu öndər qısa bir müddətdə sabitliyi bərpa etdi, siyasi və iqtisadi böhran aradan qaldırıldı. Ölkəmiz iqtisadi və tərəqqi yoluna qədəm qoydu, geniş islahatlar dönəmi başladı. Bu gün fəxrlə qeyd edirik ki, son illərdə Azərbaycanın bütün sahələrdə əldə etdiyi möhtəşəm uğurların təməlində o dövrdə Heydər Əliyevin həyata keçirdiyi tədbirlər, gərgin əməyi, iqtisadi islahatlar dayanır.

Ümummilli liderimizin dövlət quruculuğundakı xidmətləri əvəzsizdir. Heydər Əliyev demokratik və hüquqi islahatları ardıcıl olaraq həyata keçirdi, insan hüquq və azadlıqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirdi. Onun rəhbərliyi ilə hazırlanaraq, dünyada mövcud olan ən mütərəqqi hüquqi normaları əks etdirən, 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul olunmuş Azərbaycanın ilk Milli Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı, demokratik prinsiplər uğurla davam etdirildi. Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun olaraq istifadə edilməsində ulu öndər Heydər Əliyevin neft strategiyası mühüm əhəmiyyət daşımışdır. 1994-cü il sentyabrın 20-də böyük dövlətlərin iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın iqtisadi inkişafında müstəsna rol oynadı.

Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi sosial-iqtisadi inkişaf yoluna çıxardı. Heydər Əliyev dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın şəriksiz lideri olmaqla yanaşı, həm də ulu Tanrının bizə bəxş etdiyi nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan, bəşəri dəyərlərin daşıyıcısı idi.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun uğurları müstəqil Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi bu siyasi-iqtisadi siyasət strategiyası həyatımızda yeni-yeni nailiyyətlərə yol açır.

Məhəbbət ƏSGƏROVA,

Yasamal rayonundakı 176 nömrəli məktəbin direktoru.