Şuşaya gedən yollar...
Digər xəbərlər

Şuşaya gedən yollar...

Hər addımında igidlərimizin izi olan bu yolların inşası Qarabağın dirçəlişini sürətləndirir

Xalqımızın dərin sevgisini qazanmış Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də ölkəmizə səfəri və qardaş ölkənin rəhbərinin Qarabağın işğaldan azad edilmiş ərazisində qarşılanması mühüm tarixi hadisə kimi yaddaşlara yazıldı. Türk dünyasının nüfuzlu lideri Füzuli rayonunda qarşılanarkən maraqlandığı ilk məsələ məhz yol layihələri oldu. Öz sözləri ilə desək, yaxılıb-yıxılmış Qarabağ torpaqlarında gördüklərindən mütəəssir olduğu aydın hiss edilən Rəcəb Tayyib Ərdoğan üçün yeni yolların salınması bu yerlərdə bərpa-quruculuq işlərinin başlanmasının müjdəsi idi...

Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə qardaş ölkənin rəhbərinin səfəri ərəfəsində Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda, o cümlədən bu yolun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olmuş, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində tunelin təməlini qoymuşdu.

... İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi Qarabağın dirçəlişi üçün ən mühüm amildir. Bunların arasında avtomobil yollarının tikintisi xüsusi əhəmiyyət daşıyır. İşğalçı Ermənistanın təslim olmaq barədə sənədi - üçtərəfli Bəyanatı imzalamasından və bölgədə hərbi əməliyyatların dayandırılmasından cəmi bir neçə gün sonra “Zəfər yolu”nun təməlinin qoyulması dövlətimizin iqtisadi qüdrətinin, quruculuq əzminin növbəti nümayişi oldu.

Ötən il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulan “Zəfər yolu” cəmi iki ay ərzində genişləndirildi, Qarabağın incisi olan Şuşa şəhərinə gediş-gəliş təmin olundu. Dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırarkən bu yol haqqında belə deyib: “Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.

Qəhrəman hərbçilərimin misilsiz hünərinin şərəfinə “Zəfər yolu” adlandırılan yeni yol başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürür, Şuşaya qədər yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla “Zəfər yolu” iki hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda yolun Xocavənd rayonundan keçən hissəsində, Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. Dövlətimizin başçısına məlumat verilib ki, işğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq. Hazırda Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişi sürətlə davam etdirilir.

Tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki müəssisələrlə birlikdə yerli “Azvirt” və Türkiyənin “KOLİN” şirkətləri aparırlar. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müvafiq keçidlər inşa olunur, həmçinin üç körpünün tikintisi aparılır. “Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Bu avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu isə 81 kilometrdir, bu yol 4 və 6 hərəkət zolağından ibarət olacaqdır. İri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən yolun bir qolu da Şuşanın məşhur “İsa bulağı”na yönləndiriləcək. İki kilometrlik ikinci texniki dərəcəli bu yol Əhmədbəyli-Füzuli-Şuşa yolunun 82-ci kilometrliyindən ayrılacaq və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu tunel vasitəsilə keçəcək. Dövlətimizin başçısının Daşaltı kəndinin ərazisində təməlini qoyduğu tunel Əhmədbəyli-Füzuli-Şuşa yolu üzərində inşa ediləcək iki tuneldən biridir. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya eyni vaxtda iki magistral avtomobil yolunun çəkilməsi erməni faşizmi üzərində tarixi Zəfərin ən mühüm nəticələrindəndir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq və bundan sonra biz Şuşada əbədi yaşayacağıq. Yeni çəkilən yollar istifadəyə verildikdən sonra bu qədim şəhər əvvəlki kimi öz qaynar həyatına qovuşacaq, onun turizm potensialından geniş istifadə etmək mümkün olacaqdır.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.