Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbirlər
Sosial həyat

Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbirlər

Şamaxı

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, noyabrın 16-da Şamaxı şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, konfransda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.

Konfransın açılışında Ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Şamaxı rayon prokuroru Müşfiq Səfərov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu mövzusunda çıxış edib.

Konfransda həmçinin, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlət quruculuğu sahəsində əvəzolunmaz fəaliyyəti mövzularında çıxış edib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, həmçinin gənclərə olan qayğısından bəhs edən çıxışlar etdikdən sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış filmə baxıblar.

Sonda xatirə fotoşəkli çəkilib.

Lənkəran

Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir.

Hərbi Prokurorluqdan verilən məlumata görə, Lənkəran şəhərində ictimaiyyət nümayəndələrinin, o cümlədən şəhid ailələri və qazilərin, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülərək tarixi şəxsiyyətin ruhuna ehtiram ifadə olunub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Fuad Məmmədov və Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və digərləri müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxış edənlər xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın həmrəyliyindən danışıblar.

Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, həmin dövrlərdə Baş Prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi və aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları bölüşülüb.

Tədbirdən sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar edilib, onları maraqlandıran suallar cavablandırılıb, həmçinin şəhid ailələri və qazilərlə fikir mübadiləsi aparılıb.

“Respublika”.