Şəhidlik bir zirvədir
Sosial həyat

Şəhidlik bir zirvədir

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhidlik bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır.

44 gün davam edən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Rauf Məhərrəm oğlu İbadovun xatirəsinə Saray qəsəbəsində inşa olunan bulaq kompleksinin açılışı olub. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, qəsəbə sakinləri, qazilər və şəhidin qohumları iştirak ediblər.

Abşeron RİH-in başçısı İradə Gülməmmədova Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, bu qələbənin daim qəlblərdə yaşayaçaq şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib.

Mərasimdə çıxış edənlər arasında akademik Fikrət Əliyev, hüquq elmləri doktoru, professor Əmir Əliyev şəhidlərin gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların daim xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən həmişə uca tutulacağını bildiriblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.

Tədbirdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 24-cü ilində əbədiyyətə qovuşan Rauf İbadovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb. Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərə həsr olunan şeirlər səsləndirilib.

Saray qəsəbəsində yaşayan Qərbi Azərbaycanın Zəngəzur mahalı Meğri rayonunun Nüvədi kəndindən olan Məhərrəm İbadovun ailəsində 1996-cı ildə Rauf dünyaya göz açıb. Doğulduğu Abşeron rayonu Saray qəsəbəsi 2 saylı məktəbində orta təhsil almış və Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuşdur. Ali təhsilini bitirən Rauf 2017-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur.

Yaşıdları arasında uca boyu və idmançı cüssəsi ilə seçilən Raufun rəssamlıq istedadı da var idi. Hələ tələbəlik illərində ilk çəkdiyi rəsmlərdə də onun Vətənini sevən igid olması görünürdü. Rəsmləri dəfələrlə sərgilərdə nümayiş olunmuşdu.

Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü olaraq getmiş və erməni işğalçılarına qarşı Vətən savaşına qalxmışdır. Kəşfiyyatçı, manqa komandiri kimi döyüşən, Füzuli, Cəbrayıl, Hadrud və Qubadlı cəbhələrində mərdliklə vuruşan Raufun sonrakı döyüş yolu Laçın dəhlizindən keçmiş və orada 2020-ci il 30 oktyabrda qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş şəhid Rauf Məhərrəm oğlu İbadov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Bəybala BƏYBALAYEV,

"Respublika".