Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycan-Rusiya əməkdaşlığında mühüm addımdır
Siyasət

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycan-Rusiya əməkdaşlığında mühüm addımdır

Ötən gün Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib.

Mərasimdə çıxış edən Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Yevgeni Nikiforov bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra rəsmi Moskva və Bakı fəaliyyəti hədəfə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Anar Eyvazov da məsələ ilə bağlı açıqlama verib. O qeyd edib ki, sülhməramlı kontingentin silah və texnikasının, şəxsi heyətinin Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilir. Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda davam edir və yaxın vaxtlarda yekunlaşacaq.

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyət müddəti 2025-ci ildə başa çatsa da, onların bölgəni daha tez tərk etməsi iki ölkə rəhbərinin qərarına əsasən həyata keçirilir. Baş verən proses həm də rəsmi Bakı ilə Moskva arasındakı səmimi münasibətin bəhrəsidir. Sülhməramlı kontingentin ölkə ərazisindən vaxtından tez çıxması da Azərbaycanla Rusiya arasında normal münasibətlərin mövcud olduğunu göstərir. Sözügedən proses Azərbaycan-Rusiya münasibətlərinə nəinki mənfi təsir göstərir, hətta onu daha da güclü edir. Sirr deyil ki, iki ölkə arasında əlaqələr son dövrlərdə yüksələn xətlə inkişaf edir. Sülhməramlıların Qarabağdan problemsiz çıxarılması Azərbaycan-Rusiya əməkdaşlığına yeni təkan verəcək. Rusiya tərəfi də artıq qəbul edib ki, Qarabağ məsələsi birdəfəlik bağlanıb və kontingentin həmin ərazilərdə qalmasının heç bir əhəmiyyəti yoxdur.

Doğrudur, bir müddət rus sülhməramlıları Qarabağ ərazisində qalmalı oldu. Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhalinin bir hissəsinin təkrar Qarabağa qayıdacağına ümid etdiyi üçün sülhməramlılar da bölgədə qalmaqda davam etdi. Lakin rəsmi İrəvan dinc erməni əhalisini qorxutmağa, sərt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə geri qayıdış baş vermədi. Bu səbəbdən də Rusiya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər.

Ötən ayın sonlarına yaxın sülhməramlılarının Qarabağdan çıxarılmasının məntiqi davamı olaraq Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən Ağdamda yaradılmış Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib.

Sülhməramlı kontingentin Azərbaycan ərazisinə gəlməsi 2020-ci ilin 10 noyabr Bəyanatına əsasən baş vermişdi. 2020-ci ilin payızında başlayan İkinci Qarabağ müharibəsinin Silahlı Qüvvələrimizin Zəfəri ilə başa çatması və ötən il sentyabrın 19-20-də Xankəndi və ətraf ərazilərdə keçirilən lokal xarakterli antiterror tədbirlərində Ermənistan hərbi birləşmələrinin və separatçıların darmadağın edilməsi 30 illik münaqişəyə birdəfəlik son qoydu. Üç onillik ərzində beynəlxalq təşkilatların həll edə bilmədiyi problemi Prezident-xalq-ordu birliyi öz gücü ilə yoluna qoydu.

Sülhməramlıların vaxtından əvvəl getməsi xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi proqnozları da iflasa uğratdı. Son illər baş verən hadisələr onu göstərir ki, həmin iddiaları səsləndirənlərin siyasət və diplomatiyadan zərrə qədər də anlayışı yoxdur. Belə fikirlər də əsasən Qərbdən ixrac edilirdi. Amma gec-tez həmin mərkəzlər Azərbaycanın uğurlarını qəbul edəcəklər. Proseslər bir daha sübut etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyasət həyata keçirir. Dövlətimizin başçısı milli maraqlarımızı qətiyyətlə qoruyur. Artıq Qarabağ və Şərqi Zəngəzur beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Musa BAĞIRLI,

"Respublika".