Minsk qrupu tarixin tozlu səhifələrində qalacaq
Siyasət

Minsk qrupu tarixin tozlu səhifələrində qalacaq

ATƏT-in keçmiş Minsk qrupu artıq tarixə qovuşub. Buna baxmayaraq, haylar hər vəchlə bu qurumun yenidən dirildilməsinə cəhd göstərir. ATƏT-in keçmiş Minsk qrupunun yarandığı vaxtdan etibarən qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyinin bərpasının zəruriliyi sözdə bildirilsə də, fəaliyyətində sülh prosesində müsbət nəticələr olmadı. 30 ilə yaxın bir dövr ərzində səriştəsiz iş prinsipi ilə fəaliyyət göstərən platformanın yenidən gündəmə gətirilməsi anti-Azərbaycan qüvvələrinin sülh prosesini ləngitmək üçün növbəti təxribatıdır.

Reallıq budur ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış 10 noyabr Bəyanatının müddəalarına əməl edilməli, Cənubi Qafqazda sülh və sabitlik bərqərar olmalıdır. Çünki Qarabağ münaqişəsi həm diplomatik, həm də hərb yolu ilə həllini tapıb. Mövcud reallığı nəzərə alsaq, keçmiş Minsk qrupunun fəaliyyətinin bərpası nə kimi funksiya daşıya bilər? Heç şübhəsiz, Ermənistan hakimiyyəti və Cənubi Qafqazda marağı olan anti-Azərbaycan qüvvələrinin növbəti planı sülh prosesini daha da ləngitmək, revanşist hisslərin qurbanı olmuş Ermənistanın əli ilə növbəti münaqişə ocaqlarının təməlini atmaqdır.

Bəli, keçmiş Minsk qrupu artıq tarixin arxivinə atılıb. Onu yenidən diriltmək istəyənlərin məqsədlərini anlamaq bir o qədər də çətin deyil. Bu gün qərb dairələri hansı ki, Cənubi Qafqazda yeni müharibələrə yol açmaq istəyirlər, onların ikili standartı bariz şəkildə görünür. 30 ilə yaxın bir dövr ərzində BMT-nin qəbul etdiyi 4 qətnamənin ədalətli qaydada yerinə yetirilməsini təmin edə bilməyənlər indi də Rusiya ilə separat danışıqlara başlayıblar. Üstəlik Ukrayna prezidenti Zelenskiyə qarşı artıq qütbləşmə var. N saylı yanaşmalarla qərb artıq Ukraynanı da tək buraxmaq niyyətindədir. Bu referansla Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesinə keçmiş Minsk qrupu kimi zəif bir platformanın yenidən daxil edilməsi fikirləri sülhü ləngitməkdən başqa məqsəd daşımır. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli istiqamətində səy göstərdiklərini bildirənlər saxta "blokada" yalanlarını müzakirə edir, Xankəndidəki xunta rejiminin dəstəkçisi rolunda çıxış edirlər.

Keçmiş Minsk qrupu keçən müddət ərzində Azərbaycan və Ermənistan arasındakı problemi sadəcə ört-basdır etməklə məşğul idi. Bu çərçivədə Prezident İlham Əliyev iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib: "Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı. O dövrdə çox ziddiyyətli, çox mücərrəd bəyanatlar verilirdi, bundan məqsəd münaqişənin dondurulması idi və bu, Azərbaycan üçün məqbul deyildi. Bəziləri çalışırdılar ki, bu münaqişəni dondursunlar, danışıqları sonsuz etsinlər və ictimai diplomatiya təşəbbüsləri ilə Azərbaycana müəyyən bir əməkdaşlıq təlqin olunsun".

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi brifinqdə Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında fikirlərini söylədi. Paşinyan bildirdi ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın. Vaxtilə "yeni torpaqlar uğrunda yeni müharibələr" kimi təcavüzkar fikirlər səsləndirən Nikolun beynəlxalq ictimaiyyət qarşısındakı yeni düşüncəsi budur. Lakin hələ ki, bu ifadələr yalnız sözdə öz əksini tapır. Bütün bunlara rəğmən, sülh prosesindəki danışıqlar öz intensivliyini artırıb.

Brüssel sülh gündəliyinə uyğun olaraq iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutdu. Sayca 6-cı görüşdə ilk dəfə olaraq Qarabağda yaşayan ermənilərə humanitar təminatın Ağdam yolu ilə həyata keçirilməsi müzakirə edildi. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı vəsatətini ləğv etməsindən sonra "Laçın yolu" ifadəsi Brüssel sülh gündəliyi çərçivəsində dilə gətirildi. Bütün bunlar Brüsselin birmənalı şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıması deməkdir. Amma onu da bilirik ki, görüşlər nə qədər konstruktiv keçsə də, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmamasının əsas səbəbi ayrı-ayrı dövlətlər tərəfindən İrəvana verilən gizli dəstək və vədlərdir.

Anti-Azərbaycan təbliğatçılarının cəhdləri əbəsdir. Keçmiş Minsk qrupunun bundan sonrakı normallaşma prosesində mövcudluğu reallığa çevrilə bilməz. Bunu rəsmi olaraq ötən il Moskvaya dəvət edilən Ermənistanın xarici işlər naziri ilə görüşdə Sergey Lavrov da bildirmişdi. O demişdir ki, Fransa və ABŞ digər həmsədrlər kimi Moskva ilə təmasdan imtina edir. Bunun ardınca isə Rusiya Azərbaycan və Ermənistanla danışıqlar aparmaq üçün xüsusi nümayəndə təyin etdi. Rusiyadan sonra ABŞ da keçmiş Minsk qrupunda fəaliyyətini dayandıraraq özünün həmsədri Endrü Şoferi Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib. Bu, artıq Minsk qrupuna vasitəçilik fəaliyyətinə son qoyulması anlamına gəlir. ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Endrü Şoferin 2022-ci il aprelin 18-də baş nazir Nikol Paşinyanla Moskvaya səfərindən bir gün öncə İrəvanda həmsədr statusunda deyil, xüsusi nümayəndə kimi danışıq aparması da deyilənlərin əyani sübutudur.

Nurlan ABDALOV,

"Respublika".