ABŞ regiondakı yeni reallıqlarla barışa bilmir
Siyasət

ABŞ regiondakı yeni reallıqlarla barışa bilmir

Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda sülhün tərəfdarı deyil. Bu ölkənin yürütdüyü xarici siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür.

Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü tanıyan, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi qəbul edən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən Amerika Birləşmiş Ştatları 30 ilə yaxın əraziləri işğal altında olan Azərbaycana kömək göstərmədi. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi də ABŞ heç bir iş görmədi.

Bununla imperialist Amerika keçmiş Qarabağ münaqişəsinin uzun illər dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Elə tarixin qaranlıq səhifələrinə göndərilmiş xunta rejiminə hər il minatəmizləmə adı altında milyonlarla dollar yardım edən də rəsmi Vaşinqton idi. Separatçılar illər boyu Amerika Birləşmiş Ştatlarından Qarabağa yardım adı altında vəsait topladılar. ABŞ-da Qarabağdakı keçmiş cinayətkar rejimin ofisi yaradıldı. Rejimin "nümayəndələri" Amerikaya səfər edərək yerli rəsmilərlə ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan ilə Azərbaycan arasında gərginliyin həllinə Amerika Birləşmiş Ştatlarının münasibətini ortaya qoydu.

BMT TŞ-nin məlum dörd qətnaməsinin icrası ilə bağlı addım atmayan ABŞ indi hayların havadarı qismində Azərbaycanı hədəf alır. Əslində plan bəllidir və tarix boyu dəyişməyib: Cənubi Qafqazı Yaxın Şərqin, Ukraynanın, Suriya və Liviyanın, İraqın, Əfqanıstanın acınacaqlı durumuna salmaq. Bu da ABŞ demokratiyası. Bu, utanmazlığın, həyasızlığın, diplomatik-siyasi riyakarlığın zirvəsidir. Belə bir atalar məsəli var: "Yersiz gəldi, yerli qaç". Kilometrlərlə uzaqdan regiona əl uzadan, bölgədə sabitliyi pozmağa cəhd edən Amerikanın istəyi Rusiyanın mövqeyini zəiflətmək, regional lider dövlət olan Azərbaycanın nüfuzunu aşağı salmaq və Cənubi Qafqazda öz maraqlarını bərqərar etməkdir. ABŞ-ın bütün siyasi oyunlarının yeganə məqsədi var - hər hansı regionda və ya ölkədə öz maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini istismar etmək. Amerika Birləşmiş Ştatlarını nə demokratiya, nə sülh, nə də sabitlik maraqlandırır. Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün neçə illərdir ki poliqona çevrilib.

Rusiya ilə qarşıdurmada isə əyani olaraq Ermənistandan istifadə edilir. Xatırladaq ki, son dövrdə ilk dəfə olaraq Ermənistan Rusiyaya qarşı çıxır. Roma statutunun ratifikasiyası, KTMT-dən imtina istəyi, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması üçün keçirilən aksiyalar bu istiqamətdə atılan addımlar sırasındadır. ABŞ Rusiyaya qarşı işğalçı Ermənistanın maraqlarına cavab verən, İrəvanın könlünü oxşayan siyasət yürüdür. Bu günlərdə ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə Azərbaycanın hədəfə alınması da məhz bu amala xidmət edir. Qeyd edək ki, dinləmələrin təşəbbüskarı və təşkilatçısı ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendesdir. Qeyd etmək lazımdır ki, Menendes bundan əvvəl - sentyabrın 14-də Senatın Xarici əlaqələr komitəsində "Qarabağdakı böhranın qiymətləndirilməsi" mövzusunda dinləmələrin keçirilməsinə nail olmuşdur. Üstəlik, bu dinləmənin mövzusu həmin ay 2-ci dəfə gündəmə gətirilirdi. Bundan əvvəl, sentyabrın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Tom Lantos adına İnsan Hüquqları Komissiyasında Qarabağın "blokadası" məsələsi ilə bağlı dinləmələr də keçirilmişdi. Dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin 2003-2012-ci illərdə prokuroru olmuş bədnam Luis Moreno Okampo da iştirak edərək Qarabağdakı "böhranlı vəziyyətlə" bağlı ekspert rəyini təqdim etmişdi. Erməni lobbisinin maliyyələşdirdiyi bu şəxslər xislətlərinə uyğun olaraq Azərbaycan əleyhinə danışmışdılar.

Göründüyü kimi, bir mərkəzdən idarə olunan məkrli planların oyunçuları eynidir. Regional müstəvidə də xəyanətkar əvvəl olduğu kimi Ermənistandır. Qüdrətli Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Qarabağ problemi anlayışı tarixə qovuşub. Tarix isə bir dəfə yazılıb, bunu silməyə heç kimin gücü çatmaz!

Nurlan ABDALOV,

"Respublika".