Azərbaycanın uğurlu “yaşıl enerji” siyasəti
İqtisadiyyat

Azərbaycanın uğurlu “yaşıl enerji” siyasəti

2022 -ci il may ayının 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji" zonası layihəsinin icrası bu ərazilərin əhəmiyyətini daha da artırır. Hazırda dünyanın ən qabaqcıl texnologiya şirkətləri alternativ enerjidən istifadənin stimullaşdırılması və ekoloji tarazlığın təmin edilməsi istiqamətində bir sıra işlər görür. Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma və bərpa işlərində məhz ən son texnoloji vasitələrdən istifadə olunur. Dövlətimizin başçısının təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qlobal iqlim dəyişmələrinin kainata təsirinin azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın "yaşıl enerji" ölkəsinə çevrilməsi kimi məsələlər ön plana çəkilib.

Artıq Qarabağ və Şərqi Zəngəzurda bir neçə su-elektrik stansiyası inşa edilərək istismara verilib. Günəş və külək stansiyalarının yaradılması ilə bağlı konkret planların ardıcıllıqla həyata keçirilməsi də diqqət mərkəzindədir. Azərbaycan ilə BP şirkəti arasında imzalanmış icra müqaviləsinə müvafiq olaraq, Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi barədə qərar qəbul olunub. Bununla yanaşı, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda dövlətimizin başçısının ölkəmizdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun enerji mənbələri haqqında söylədikləri bu zonanın əhəmiyyətini bir daha təsdiqləyir. Saziş "yaşıl enerji" dəhlizinin yaradılması məqsədilə atılan təqdirəlayiq addımlardan biridir. Bütün bunlar Azərbaycanın qaz təchizatı coğrafiyasını Avropa bazarına qədər genişləndirdiyindən xəbər verir. Qarabağ və Şərqi Zəngəzurun 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialı var. Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri məhz bu iqtisadi zonanın payına düşür. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çoxdur. Hər iki bölgənin Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çayları böyük hidroenerji potensialına malikdir. Eyni zamanda Kəlbəcərdə günlük 3093, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatları mövcuddur.

Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Azərbaycanı təkcə neft-qaz ixracında deyil, bərpaolunan enerji sahəsində də önəmli oyunçulardan biri olduğunu təsdiq edir. Regionun önəmli seqmenti olan Zəngəzur dəhlizi vasitəsilə "yaşıl enerji"nin gələcəkdə Türkiyə və Avropaya ixracının artırılması nəzərdə tutulur. "Cəbrayıl" enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq. Avropa ilə iqtisadi dəyərlərin formalaşması istiqamətində atılan addımlar ölkəmizə olan etimadın göstəricisidir.

Çağdaş dövrümüzdə günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək üçün günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir. Azərbaycan "yaşıl siyasətlə" bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edir. Ölkəmiz, həmçinin bu istiqamətdə ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyənləşdirib. Günəş və külək enerji istehsalını artırmaq üçün bu sahəyə böyük məbləğdə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Uğurlu gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpa dilən enerji mənbələrindən istifadə mühüm rola malikdir. Dünyadakı enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq inkişaf etmiş ölkələrdə ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə olunur.

Qeyd edək ki, ötən il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlərin imzalanması mərasimi keçirildi. Bununla yanaşı, 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır və 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına ərsəyə gəlmişdir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti Qarabağ və Şərqi Zəngəzurda ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsinə imkan verir.

Nurlan ABDALOV,

"Respublika".