Qardaşlığın, birliyin uğur layihəsi
İqtisadiyyat

Qardaşlığın, birliyin uğur layihəsi

"Bu layihə enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə, bu layihə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil dövlət kimi ilk tanıyan məhz qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bərabər irəliyə gedirik, bir-birimizi dəstəkləyirik, bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə arxa, dayaq oluruq". Bu sözləri Prezident İlham Əliyev 9 il öncə Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə keçirilən tədbirdə deyib. Dövlət başçısı qeyd etmişdi ki, bu gün bu salonda oturarkən və dəyərli məsləkdaşlarımın çıxışlarına qulaq asarkən sanki 21 il öncəyə döndüm, yəni xatirimdə o günlər canlandı - 1994-cü il 20 sentyabr, Bakı şəhəri, Gülüstan Sarayı, "Əsrin kontraktı"nın imzalanması mərasimi.

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda iki qardaş ölkə daha bir uğura birgə imza atdılar. Həmin gün Cənub Qaz Dəhlizinin 4 seqmentindən biri olan TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirildi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili və digər rəsmi şəxslər iştirak etmişdilər.

TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzası hesab olunur. Azərbaycanın və Türkiyənin müştərək layihəsi üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə hazırda ölkəmizdən başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropada bir neçə kəmərlə əlaqələndirir. 2020-ci ildə bu kəmərlə nəql olunan qazın həcmi ildə 16 milyard kubmetr olmuşdur.

Kəmər Türkiyənin Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxana, Giresun, Sivas, Yozqat, Kırşehir, Qırıqqala, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ, Ədirnə vilayətlərindən keçərək ölkəni şərqdən-qərbə qədər qət edir və uzunluğu 1850 kilometrdir.

Qeyd edək ki, Azərbaycanın yeni enerji strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 30 il öncə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Saziş öz tarixi, siyasi və beynəlxalq müstəvidəki əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırılıb və bundan sonra Azərbaycan öz enerji potensialını dünya bazarlarına çıxarmaq imkanı əldə etmişdir.

Bir zamanlar dünyada neft ölkəsi kimi tanınan Azərbaycan əsas qaz ixracatçılarından biridir. Cənub Qaz Dəhlizi kimi nəhəng layihənin əsas təşəbbüskarıdır.

Azərbaycan-Türkiyə əməkdaşlığı regionumuza, eləcə də beynəlxalq təhlükəsizliyə böyük töhfə verir. Bu, əsasən də iki ölkənin iştirakı ilə həyata keçirilən enerji layihələrində özünü göstərir. Həmin layihələr, Avropanın enerji təhlükəsizliyində vacib rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq aləmdəki gücünə də güc qatır. Tarix boyu bir-birinə arxa-dayaq duran Azərbaycan və Türkiyənin imzası ilə icra olunan layihələr artıq qlobal xarakter daşıyır. Buna misal olaraq, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttini göstərmək olar.

"Şahdəniz" yatağından təbii qazın Avropa bazarlarına çıxarılmasını təmin edəcək TANAP layihəsi bu gün hər iki qardaş ölkənin, həm də Avropa dövlətlərinin maraqlarına xidmət edir. TANAP boru kəməri respublikamızı dünyamiqyaslı qaz ixracatçısına çevirib. Layihə Rusiya-Ukrayna müharibəsindən əziyyət çəkən Avropanın idxal bazarlarının şaxələndirilməsini təmin edən Cənub Qaz Dəhlizinin mühüm tərkib hissələrindən biridir. TANAP kəmiyyətinə, keyfiyyətinə görə həm iqtisadi, həm də siyasi dividendlər vəd edən strateji layihədir.

Ümummilli Liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti Azərbaycana misli görünməmiş uğurlar qazandırır. Məhz dövlət başçısının təşəbbüsü ilə reallığa çevrilən Cənub Qaz Dəhlizinin 4 seqmenti, "Şahdəniz-2", ölkəmizdən başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, qardaş Türkiyəni əhatə edən TANAP və daha sonra Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı müqavilələrin imzalanması bu cür beynəlxalq əhəmiyyətli layihəni reallaşdırdı. Dövlət başçısının milli maraqlara əsaslanan düşünülmüş və qətiyyətli siyasəti Cənub Qaz Dəhlizinin uğur hekayəsini dünyaya tanıdır.

Musa BAĞIRLI,

"Respublika".