Orta Dəhliz və Azərbaycanın iqtisadi gücünün perspektivləri
İqtisadiyyat

Orta Dəhliz və Azərbaycanın iqtisadi gücünün perspektivləri

Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı"na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.

Uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal dəhliz olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) iştirakçı dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Çinlə fəal əməkdaşlıq edir. Çin ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət, investisiya və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq əlaqələri durmadan genişlənir. Məqsəd iqtisadi və ticarət əlaqələrini siyasi əlaqələrlə eyni səviyyəyə çatdırmaqdan ibarətdir. İqtisadi baxımdan səmərəli olduğu kimi, siyasi cəhətdən də xüsusi əhəmiyyət kəsb edən Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələlərdəndir. Nəqliyyat dəhlizinin işinin canlandırılması istiqamətində həyata keçirilən tədbirlər layihəyə marağı getdikcə artırır.

Orta Dəhliz tarixi İpək Yolunun ən mühüm komponentlərindən birinə çevrilib. İqtisadi əməkdaşlığın və beynəlxalq ticarətin genişləndirilməsi məqsədilə başlanan layihənin geosiyasi səbəblərə və hegemonluq istəyinə söykəndiyi iddia edilsə də, hazırda beynəlxalq güc balansında çəkisi olan və Amerika Birləşmiş Ştatlarına meydan oxumaq gücündə olan Çin Asiya-Sakit okean regionunda əhəmiyyətli güc proyeksiyası yaratmağa müvəffəq olub. Bu tarixi ticarət yolu istər region, istərsə də dünya üçün yeni perspektiv deməkdir. Dəhlizin yeni imkanları maraqlı dövlətləri özünə cəlb edir. Qeyri-region ölkəsi olmasına baxmayaraq, Çin dövləti də Zəngəzur dəhlizində maraqlıdır. Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində reallaşdırılan 3 ticarət yolundan biri olan Orta Dəhliz Zəngəzur dəhlizinin önəmini daha da artırır. Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir.

Ötən il "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident məsələyə Azərbaycanın maraqları baxımından yanaşaraq bu layihənin reallaşmasını və dünya ticarətində oynadığı rolu xarakterizə etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillərlə yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə gördüyü işlər də vacibdir.

Bəşər tarixinin iddialı iqtisadi inkişaf proqramlarından hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni, 4,4 milyard insanı və dünyada ümumi daxili məhsulun 40 faizini əhatə edir. Orta Dəhlizin perspektiv imkanları, onun fəaliyyətinin genişləndirilməsi, o cümlədən 2024-cü il üzrə tarif siyasətinin formalaşdırılması ilə bağlı məsələlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun Bakıda keçirilən iclasında müzakirə olunub. Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər tərəfdaşların qatıldığı görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını daha da təkmilləşdirmək baxımından birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiyasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər verilib. Belə ki, əməkdaşlığın yeni formatının müəyyən edilməsi, tarif siyasətinin bazar tələbatına uyğun formalaşdırılması, alternativ marşrutlarla müqayisədə Orta Dəhliz üzrə qiymət və daşıma şərtlərinin optimallaşdırılması, dəhlizin beynəlxalq müstəvidə marketinq fəaliyyətinin düzgün qurulması və s. istiqamətlərdə görüləcək işlər nəzərdən keçirilib.

Orta Dəhlizin perspektiv imkanları, onun fəaliyyətinin genişləndirilməsi ilə bağlı məsələlər Bakıda keçirilən SPECA BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində də əsas müzakirə mövzularından olub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA Ticarət üzrə İşçi Qrupunun 18-ci iclasında Orta Dəhlizin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına üzv ölkələr arasında iqtisadi əlaqələrin canlanmasına və ticari əməkdaşlığın genişlənməsinə xidmət etdiyini bildirib. Ölkəmizin bu mühüm beynəlxalq nəqliyyat marşrutunun inkişafına mühüm töhfə verdiyini diqqətə çatdıran nazir deyib ki, Azərbaycan təkcə tranzit ölkə deyil, həm də nəqliyyat dəhlizlərinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını təmin edən katalizatordur. Onun sözlərinə görə, Orta Dəhlizin rəqabət qabiliyyətinin davamlı olması üçün qarşılıqlı fəaliyyət möhkəmləndirilməli, ticarət və onunla əlaqəli prosedurların rəqəmsallaşması artırılmalı, eləcə də gələcəkdə əməkdaşlıq genişləndirilməlidir.

Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. Bu da iki qitə arasında ticarətdə Azərbaycana ciddi üstünlüklər verir ki, siyasi məsələlərdə də həmin üstünlüklərdən istifadə etmək mümkündür. Azərbaycanın açıq dənizə, okeanlara çıxışının olmaması səbəbindən dəhlizin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğu, təhlükəsizlik baxımından səmərəliliyi nəzərə alınmalı, nəqliyyat layihələrimizin reallaşdırılması üçün gərgin iş aparılmalıdır. Orta Dəhlizin üstünlüklərindən biri də ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycanın qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədədir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğu üçün ölkəmiz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Bu isə yeni perspektivlər vəd edir.

Mustafa KAMAL,

"Respublika".