COP29-a evsahibliyi ölkəmizin nüfuzuna müsbət təsir göstərəcək
İqtisadiyyat

COP29-a evsahibliyi ölkəmizin nüfuzuna müsbət təsir göstərəcək

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkəmizdə COP29 konfransının keçirilməsi böyük dividendlərin açar rolunu oynayacaq. BƏƏ-də keçirilən COP28-də üzv dövlətlər tərəfindən Azərbaycanın yekdilliklə dəstəklənməsinin ardından 2023-cü il dekabrın 7-də birgə bəyanat çərçivəsində Ermənistanın öz namizədliyini rəsmi Bakının lehinə geri çəkməsi və daha sonra Bolqarıstanın da ölkəmizi dəstəkləməsi fonunda dekabrın 11-də BMT-nin iclasında ölkəmizin COP29-a evsahibliyi təsdiqləndi. Beləliklə, regionda nüfuzlu tədbirlərin habına çevrilən Azərbaycan öz prestijini gündən-günə artırmağa davam edir.

"Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir... Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir".

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti zamanı bu fikirləri bildirmişdir. Ölkə başçısının qeyd etdiyi bu reallıqlar Azərbaycanın iqtisadi və siyasi gücünün təzahürüdür. Digər gerçəklik isə ondan ibarətdir ki, ötən 2023-cü il ölkəmizin uğurları fonunda çox zəngin il olmuşdur. Bir çox mühüm hadisələrlə yanaşı, Azərbaycan xalqının 30 illik Qarabağ həsrəti birdəfəlik sona çatmış, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunmuşdur. İşğaldan azad edilmiş torpaqlarda məskunlaşma prosesi sürətləndirilmiş, təkcə ötən il 4700 məcburi köçkün öz ata-baba yurduna qayıtmışdır.

Bu baxımdan, 2024-cü ilin hədəfləri daha böyük uğurlar vəd edir. Təbii ki, COP29-a bu ilin noyabrında evsahibliyi etmək Azərbaycan üçün bu ilin ilk hədəfidir. Prezident İlham Əliyevin "Yaşıl dünya naminə həmrəylik ili" haqqında Sərəncam imzalaması da bunu sübut edir. 100-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi COP29 konfransında ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin özünəməxsus formada pavilyonu olacaq. Tədbirə ən az 10 aya qədər vaxt qalmasına baxmayaraq, yaxın zamanlarda hazırlıq prosesinin başlanacağı istisna edilmir.

COP29-un Azərbaycanda keçirilməsi həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahəsinin inkişafı nöqteyi-nəzərindən çox vacibdir. İqlim dəyişmələri ilə bağlı konfransların təşkil olunduğu dövlətlərdə növbəti proseslər zamanı məhz həmin sahələrdə ciddi irəliləyişlərin olduğu müşahidə edilib. Azərbaycanın BMT səviyyəsində etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gəlir. Bu etibarı isə Azərbaycan beynəlxalq tədbirlərə, yarışlara evsahibliyi, qurum və ya təşkilatlarda təmsilçiliyi ilə doğruldub. Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyi buna nümunədir. Ölkəmizin bu təşkilata sədrliyi əvvəlcə üç il müddətinə nəzərdə tutulmuşdu. Sonra Azərbaycanın qətiyyətli rolu nəzərə alınaraq bu müddət bir il də uzadıldı. BMT-dən sonra ikinci nüfuzlu platformada Azərbaycanın təmsil olunması ölkəmizə olan rəğbətdən qaynaqlanır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi etimadın növbəti təcəssümüdür.

Əslində konfransın keçirilməsi üçün ən real namizəd elə Azərbaycandır. Ötən il ərzində vaxtilə boz zona olmuş ərazilərini yaşıl zonaya çevirən ölkəmiz bu məsələdə dünya dövlətləri arasında iqlim prosesinə ən böyük töhfə verən dövlətlərdən olmuşdur. Həmçinin Qarabağda 30 il ərzində törədilən ekosid cinayətlərinin dünyaya çatdırılması üçün aktiv şəkildə səylər göstərilmişdir. Keçirilən ekoloji aksiya bunun əyani sübutudur. COP29-un "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə onilliyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün əlverişli imkanlar qazanacaq. COP29 və digər nüfuzlu tədbirlərə evsahibliyi Azərbaycan həqiqətlərinin və reallıqların dünyaya çatdırılması baxımından vacib amildir.

Tacir SADIQOV,

"Respublika".