Hacıqabulda yeni müəssisə fəaliyyətə başladı
İqtisadiyyat

Hacıqabulda yeni müəssisə fəaliyyətə başladı

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsi fəaliyyətə başladı.

İllik istehsal gücü 100 min kubmetr olan Rusiya kapitallı müəssisənin investisiya dəyəri 18,4 milyon manatdır və istehsal olunan məhsulların 60 faizinin daxili bazarda satışı, 40 faizinin isə ixracı planlaşdırılır.

Sənaye Məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub.

Müəssisənin fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması tədbirlərindən danışdı. Bildirildi ki, Hacıqabul Sənaye Məhəlləsində "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin fəaliyyətə başlaması tikinti sektorunun inkişafına və bölgədə məşğulluğun artmasına töhfə verəcək.

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov yüksək səviyyəli səfərlər və keçirilən görüşlərin tərəfdaşlığın inkişafına əlverişli zəmin yaratdığını vurğuladı, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, birgə layihələrin icrasına dair fikirlərini bölüşdü.

"Penopleks" Holdinqin baş direktoru Qeorqiy Protosenya Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitinin cəlbedici olduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını qeyd edib, müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb. 200 nəfərdən çox şəxsin daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 163 milyon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Mövcud layihələr üzrə əlavə olaraq Sənaye Məhəlləsinə 120 milyon manata yaxın investisiyanın yatırılması, 1500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

Tofiq HÜSEYN,

"Respublika".