YAP İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb
Siyasət

YAP İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb

Dekabrın 15-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, iclasda əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

İclası giriş sözü ilə açan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov  2023-cü ilin Azərbaycan xalqının və dövlətinin tarixinə çox əlamətdar bir il kimi düşdüyünü bildirib. Onun sözlərinə görə, bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  2024-cü il fevralın 7-nə Azərbaycan Respublikası Prezidenti seçkiləri təyin olunub.

YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanılıb, dövlətimizin və xalqımızın qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilib: "Ulu Öndərimizin dahiyanə söylədiyi bir  fikir var: "Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq". Bu gün  məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində  Prezident İlham Əliyev müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Düşünürəm ki, bu Zəfər yürüşünün davamı qarşıdan gələn seçkilərdən əhəmiyyətli dərəcədə asılıdır".

Daha sonra Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə aşağıdakı məsələlər daxil edilib: 

- 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürülməsi;

- 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;

- Azərbaycan Respublikası Prezidentliyinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsi;

- Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi.

Gündəlik yekdilliklə təsdiq edildikdən sonra "2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürülməsi" məsələsi müzakirəyə çıxarılıb. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, seçkilər zamanı namizədlərin irəli sürülməsi məsələsi Seçki Məcəlləsinin 54-cü maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 54.1 maddəsində qeyd edilir ki, namizədin irəli sürülməsi  haqqında qərarı  siyasi partiya öz Nizamnaməsinə uyğun  olaraq qəbul edir: "Nəzərinizə çatdırım ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayında partiyamızın yeni Nizamnaməsi qəbul edilib. Yeni  Nizamnaməyə əsasən Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada seçkilərdə namizədlərin irəli sürülməsi İdarə Heyətinin səlahiyyətinə aid edilib".

Sonra çıxış edən YAP Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən obyektiv reallıqlar mövcuddur. Onun sözlərinə görə, 30 il ərzində torpaqlarımızın işğal altında olması, Qarabağ münaqişəsinin mövcudluğu Azərbaycanın reallığı idi: "Həmin dövrdə bütün seçkilərdə prezidentliyə namizədliyi irəli sürülən şəxslərdən xalqın başlıca istəyi Qarabağ münaqişəsinin ədalətli surətdə həll olunması və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasından ibarət idi. Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqlarının azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi, xüsusilə də cari ilin sentyabr ayında keçirilmiş  antiterror tədbirlər nəticəsində problemin bütövlükdə ədalətli şəkildə həll olunması Azərbaycanın gündəliyini də köklü surətdə dəyişdirdi. İndi Azərbaycanın gündəliyi münaqişə və müharibə ilə deyil, sülh və əməkdaşlıq məsələləri ilə təyin olunur. Müvafiq olaraq Azərbaycan Prezidentinə xalq tərəfindən verilən mandatın da mahiyyəti ciddi şəkildə dəyişmiş olur. Sülh və əməkdaşlıq məsələlərinin həll olunması, o cümlədən işğaldan azad olunmuş Azərbaycan torpaqlarının bərpa edilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi vəzifələri müəyyənləşdirilib. Beləliklə, Azərbaycanda yeni reallıq meydana gəlib və bu, ölkəmizdə növbədənkənar prezident seçkilərinin  keçirilməsinin əsaslarını  müəyyən edib. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, bütövlükdə Azərbaycan xalqı, o cümlədən dünya ictimaiyyəti ölkəmizdə növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar qərarın yeni reallıqlardan irəli gələn qaçılmaz zərurət olduğunu aydın şəkildə dərk edir və bu cür də qiymətləndirir. Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin irəli sürülməsi məsələsinə gəldikdə isə, mən ilk olaraq böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında yekdil qərar qəbul edilməlidir və qəbul ediləcək. Bu gün qəbul edəcəyimiz qərar təkcə Yeni Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərində namizədinin irəli sürülməsi yox, bütün Azərbaycan xalqının iradəsinin ifadəsi olacaq. Bu mənada hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tarixi qərar qəbul etmək kimi şərəfli bir missiyanı uğurla həyata keçirəcək".

YAP Sədrinin müavini söyləyib ki, növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi onun əzəmətli xidmətlərindən irəli gələn mənəvi və halal haqqıdır: "Eyni zamanda, hesab edirəm ki, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi 2020-ci ilin möhtəşəm Qələbəsindən sonra bütün Azərbaycan xalqının ona dərin hörmət, etibar və etimadının ən yüksək təzahürü kimi dərk edilməli və qiymətləndirilməlidir. Ümummilli Liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır. Prezident İlham Əliyev Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinin, qüdrətlənməsinin, onun bütün dünyada şöhrətinin artmasının və qalib Azərbaycanın müəllifidir. Bu mənada, Prezidentin 20 illik fəaliyyətinin hər ayı, hər ili Azərbaycanın tarixində dərin iz buraxmış nailiyyətlər, qələbələr, uğurlarla zəngindir. Azərbaycanın iqtisadiyyatının qısa bir zaman ərzində 4 dəfə artması bütün dünyada ən uğurlu gənc dövlət statusu qazanmasının əsasını təşkil edir. Eyni sözləri Azərbaycanda sosial inkişafla əlaqədar bildirmək mümkündür. Sosial inkişaf Azərbaycanın simasının köklü surətdə dəyişməsi və modernləşməsi üçün əsas olub", - deyən Əli Əhmədov əlavə edib ki, Azərbaycanın beynəlxalq aləmdə hörmətinin və nüfuzunun artması da Prezident  İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən biridir. Bunun bariz ifadəsi kimi bir neçə gün bundan əvvəl qlobal gündəliyin aktual problemlərindən olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul edilməsini nümunə göstərmək olar.

Əli Əhmədov söyləyib ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin möhtəşəm nəticələrinin zirvəsində 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfər dayanır. Bütün bunların hamısı Azərbaycanın xalqının qəlbində cənab İlham Əliyevlə əlaqədar bir vəfa borcu hissi formalaşdırıb. "Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycan vətəndaşlarının ona bəslədiyi böyük ümidlərlə əlaqədardır. Prezident İlham Əliyev 20 illik fəaliyyəti nəticəsində Azərbaycan xalqının istək və arzularına uyğun şəkildə ölkəyə rəhbərlik etmək imkanlarına malik olan tarixi şəxsiyyət olduğunu sübut edib. Bu hisslər və duyğular əsasında cənab İlham Əliyevin növbəti illər ərzində Azərbaycana rəhbərliyindən vətəndaşlarımız yenə də böyük gözləntilər ifadə edirlər. Bu  gözləntilərin ifadə olunması çox ciddi  səbəblərə söykənir. Bu mənada hesab edirəm ki, Azərbaycan vətəndaşları qarşıdan gələn  növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevə qəlblərində bəslədikləri vəfa borcunun ifadə olunması üçün gözəl bir fürsət kimi baxırlar. Mən böyük şərəf və məmnuniyyətlə növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyini irəli sürür, onun namizədliyinin irəli sürülməsinin ölkəmiz və xalqımız üçün uğurlu, faydalı olduğuna əminlik ifadə edirəm".

YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə Prezident İlham Əliyevin uzaqgörən siyasətçi və dövlət xadimi olduğunu bildirib. A.Rəhimzadə dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən regional və qlobal layihələrin önəmindən bəhs edib.

O, Prezident İlham Əliyevin enerji siyasətinin əhəmiyyətindən də danışıb: "Məlumdur ki, Azərbaycan neft-qaz ölkəsidir. Bununla belə, cənab İlham Əliyev ölkəmizin "yaşıl enerji"yə keçidini elan edib. Bu istiqamətdə böyük layihələr həyata keçirilir. Düşünürəm ki, Prezidentimizin  gələcək üçün də çox böyük layihələri var. Bu layihələri həyata keçirməkdən ötrü cənab İlham Əliyevin növbəti dövrdə də ölkəmizə rəhbərlik etməsi lazımdır".

Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Hikmət Məmmədov, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Elnarə Akimova, Milli Məclisin deputatı Kamal Cəfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin deputatı Şahin İsmayılov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Cavid Osmanov, Milli Məclisin deputatı Rauf Əliyev və Milli Məclisin deputatı Azər Badamov çıxış ediblər.

Müzakirələrə yekun vuran YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İdarə Heyətinin üzvlərinin yekdil fikirdə olduğunu bildirib. "Bu müzakirələr bir daha göstərdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur. Cənab İlham Əliyevin siyasəti Azərbaycanı daha parlaq gələcəyə aparır, ölkəmizin daha güclü dövlət kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinə zəmin yaradır. Prezident İlham Əliyev davamlı inkişafa yönəlmiş siyasəti ilə ölkəmizə bundan sonra da böyük uğurlar, yeni zəfərlər, zirvələr bəxş edəcək", - deyə YAP Sədrinin müavini vurğulayıb.

Müzakirələrin sonunda Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunub.

Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Daha sonra iclasın gündəliyində olan digər məsələlər müzakirə olunub.  İclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.

Sonra Azərbaycan Respublikası Prezidentliyinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsi məsələsinə baxılıb. YAP Sədrinin müavini - Mərkəzi Apartın rəhbəri Tahir Yaqub oğlu Budaqov və YAP Sədrinin müavini Əli Cavad oğlu Əhmədov Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Safalan oğlu Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib.

İclasda Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi məsələsi də müzakirə olunub. Müzakirələrdən sonra  21 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.

YAP Mərkəzi Seçki Qərargahının üzvləri aşağıdakı tərkibdə təsdiq edilib:

1. Budaqov Tahir Yaqub oğlu - YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri

2. Əhmədov Əli Cavad oğlu - YAP Sədrinin müavini

3. Rəhimzadə Arif Qafar oğlu - YAP Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü

4. Qurbanlı Mübariz Qəhrəman oğlu - YAP İdarə Heyətinin üzvü

5. Muradova Bahar Əvəz qızı - YAP İdarə Heyətinin üzvü

6. Hüseynova Sevinc Əmirəhməd qızı - YAP Təftiş Komissiyasının sədri

7.  İslamov Bəxtiyar Qabil oğlu - YAP Gənclər Birliyinin sədri

8. Tağıyev Əhliman Safalan oğlu - YAP Mərkəzi Aparat rəhbərinin müavini

9. Novruzov Siyavuş Dünyamalı oğlu - Milli Məclisin deputatı, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

10. Qələndərov Nurlan Vəli oğlu - YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

11. Hüseynov Nazim Meyxoş oğlu - YAP Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri

12. Bədəlova Ramilə Alxan qızı - YAP Mərkəzi Aparatının Sənədlərlə iş və statistika şöbəsinin müdiri

13. İmaməliyev Asif Ağalar oğlu - YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdirinin müavini

14. Gülməmmədov Rəfael Şirməmməd oğlu - YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdirinin müavini

15. Musayeva Zəkiyyə Balağa qızı - YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdirinin müavini

16. Məmmədli Hülya Gündüz qızı - YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdirinin müavini

17. Məhərrəmov Məhəmməd Yusif oğlu - YAP Həmkarlar İttifaqı Komitəsinin sədri

18. Musayev Alqış Həsən oğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

19. Quliyev Bəhruz Vaqif oğlu - "Səs" qəzetinin baş redaktoru

20. Rəhimzadə Vüqar Gəncəli oğlu - YAP Xətai rayon təşkilatının sədri, "İki sahil" qəzetinin baş redaktoru

21. Vəlibəyov Ramil Vaqif oğlu - YAP Nizami rayon təşkilatının sədri.

İclasa yekun vuran YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edib, bu şərəfli və məsuliyyətli işdə partiya üzvlərinə uğurlar arzulayıb.