Baş nazirin müavini Əli Əhmədov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
Siyasət

Baş nazirin müavini Əli Əhmədov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyulun 14-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ətraflı fikir mübadiləsi zamanı 2023-cü ilin sentyabr ayında baş tutacaq Dayanaqlı İnkişaf Məqsədləri (DİM) Sammiti və Sammit çərçivəsində dünya liderlərinin Zirvə görüşündə təqdim ediləcək İnsanlar və Planet üçün Xilasetmə Planı ətraflı müzakirə olundu.

Ölkəmizdə DİM-lərin icrası, aparılan islahatlar və "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in reallaşdırılması istiqamətində layihələr və onların həyata keçirilməsinin insan kapitalının inkişafına töhfəsi xüsusilə qeyd olundu.

Bundan əlavə, Azərbaycan ilə BMT arasında müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.