Xəzərdə süni adalar yaradılacaq
İqtisadiyyat

Xəzərdə süni adalar yaradılacaq

Təbiətin yaratdığı gözəllik insan əməyi ilə daha möhtəşəm, ecazkar olur. Xəzər dənizi özünəməxsusluğu, zənginliyi ilə Azərbaycanın ən böyük təbii sərvətlərindən biridir. İlk növbədə neft ölkəsi kimi tanınmağımızda əhəmiyyətli rol oynayan dəniz digər üstünlükləri ilə də xalqımıza xeyir verir.

Ölkə başçısı İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışı zamanı Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışarkən demişdir: "Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik".

Bu günlərdə isə Xəzər dənizində daha bir irimiqyaslı Dövlət Proqramının icra olunması haqqında xəbər yayıldı. Belə ki, Xəzər dənizinin Azərbaycana mənsub olan hövzəsində tikinti üçün süni torpaq sahələri yaradılacaq. Bu məsələ Milli Məclisin aprelin 19-da keçirilən iclasının gündəliyinə daxil edilmiş "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qəbul edilmiş qanun layihəsində Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi və başqa üsullardan istifadə olunmaqla yaradılan süni torpaq sahəsi kimi qeyd edilir. Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və bu istiqamətdə görüləcək işlərlə əlaqədar ümumi tələblər, aidiyyəti dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin bu məsələ ilə bağlı müraciətlərinə baxılması qaydaları da yer alır. Qanunda su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, eyni zamanda süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur və ölkəmizin cənub və şimal bölgələri üçün adaların salınması nəzərdə tutulur. Bu adalar Nardaranda da yaradılacaq.

Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, dəniz akvatoriyasında tökmə torpaq üzərində tikinti obyektlərinin inşası, o cümlədən yaşayış binalarının tikilməsi son dövrlərdə geniş miqyas almışdır. Bu mənada, dənizdə süni torpaq sahələrinin yaradılması beynəlxalq təcrübədə geniş istifadə olunur. Bir sıra dövlətlər bundan enerji, nəqliyyat, turizm, digərləri isə hərbi məqsədlər üçün istifadə edirlər. Məsələn, Yaponiyada süni adalar nəqliyyat məqsədilə yaradılır. Süni adalar beynəlxalq konvensiya əsasında yaradılır. Sözügedən qanun layihəsi bu sahədə ölkəmiz üçün yeni imkanlara yol açacaq, eyni zamanda beynəlxalq aləmdə tanınmasında yardımçı olacaq.

Azərbaycanda bu təcrübədən hələ ötən əsrdə, keçmiş sovet dövründə istifadə olunub. Bu gün də öz möhtəşəmliyi və qeyri-adiliyi ilə böyük marağa səbəb olan Neft daşlarında yaradılan estakadaların üzərində salınmış şəhəri bəzən dünyanın səkkizinci möcüzəsi də adlandırırlar.

Süni yaradılacaq torpaq sahələri turizmin inkişafına mühüm  təkan verəcək. Bu mənada, ölkəmizdə qeyd edilən layihənin reallaşması imkanları olduqca əlverişlidir. Çünki Xəzər dənizində xeyli sayda istifadə olunmamış ada var.

Qanuna əsasən salınacaq ərazilərdən dəniz limanlarının fəaliyyətinin təmin edilməsi məqsədləri üçün də istifadə ediləcək. Çünki Xəzər dənizində suyun sürətlə çəkilməsi müşahidə edilir. Nəticədə iritutumlu gəmilərin limana normal yaxınlaşmasında və yüklərin rahat şəkildə boşaldılmasında problemlər yaşanır. Artıq indiki limanlarda yerləşən gəmilərin yanalma estakadaları böyük həcmli gəmilərin yaxınlaşması üçün əlverişli deyil. Buna görə estakada dənizin içinədək uzadılmalıdır ki, orada gəmilərin normal yaxınlaşması və yüklərin rahat şəkildə boşaldılması həyata keçirilə bilsin.

Xatırladaq ki, dənizdə süni torpaq sahələrinin yaradılması mövzusu yeni deyil. Məsələn, Niderlandda torpaqların xeyli hissəsi süni şəkildə yaradılıb. Dubayda isə süni adaların yaradılması bu gün də davam edir.

Beləliklə, Xəzərin unikal adalar dənizinə çevrilməsi heç də uzaq gələcəkdə deyil, yaxın zamanlarda reallaşacaq gerçəklikdir. Artıq payızda Xəzərdə süni adaların yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanılması gözlənilir. Bakının ətrafında salınan bu adalar o qədər də uzaqda olmayacaq, paytaxt ilə avtomobil yolları vasitəsilə birləşəcək. Adalara gəmi-bərə və kater marşrutlarının açılması da nəzərdə tutulur. Bakı buxtasından 10-15 kilometr aralıda yerləşəcək həmin adalar turizmin inkişafına təkan verəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".