Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək
İqtisadiyyat

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək

Yerləşdiyi coğrafi məkan, iqtisadi potensialı, irimiqyaslı enerji layihələrinin iştirakçısı və təşəbbüsçüsü olması Azərbaycana dünya ölkələri ilə əlaqələrini genişləndirməyə, daha da faydalı əməkdaşlıq qurmağa imkan yaradır. Bu kontekstdə, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması, iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün regionda nəqliyyat kommunikasiyalarının bərpasının strateji önəm daşıdığı, yeni inkişaf mərhələsinin əsas amili kimi çıxış edir.

2020-ci il 10 noyabr Bəyanatında nəzərdə tutulan, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək Zəngəzur dəhlizi boyu inşa olunan avtomobil və dəmir yolu xətləri uzun illərdir bölgədə məhdudlaşan ticari-iqtisadi əlaqələrin bərpasına və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaradır.

Belə ki, Zəngəzur dəhlizi vasitəsilə ilk olaraq Azərbaycanın əsas hissəsi Naxçıvan və Türkiyə ilə birləşəcək. Eyni zamanda Rusiya Azərbaycan və Ermənistan ərazilərindən Türkiyəyə, Ermənistan da öz növbəsində dəmir yolu ilə Rusiyaya, İrana və Türkiyəyə çıxış əldə edəcək. Həmçinin, İranın Ermənistanla bağlantısı olacaq. Zəngəzur dəhlizi region ölkələrini bir-biri ilə əlaqələndirməklə yanaşı, həm də Mərkəzi Asiya ilə Türkiyə və Avropanı da birləşdirəcək. Bu baxımdan, dəhliz yalnız Azərbaycanın deyil, eyni zamanda digər dövlətlərin də maraqlarına cavab verir.

Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil yolunu təmin edəcək, eyni zamanda bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi ilə Çindən Avropaya və əks istiqamətdə yükdaşımalarda vaxta qənaət olunacaq, iqtisadi gəlir artacaq, dəhlizdən istifadə edən bütün dövlətlər mənfəət əldə edəcəklər. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi səmərəli nəqliyyat infrastrukturu olmaqla, xarici şirkətlərin regiona sərmayə yatırmasına da səbəb olacaq.

Həm dəmir yolu, həm də avtomobil yolu kimi iki mühüm seqment üzrə yaradılacaq Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 100 kilometr, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə isə 123,6 kilometrdir. Hazırda Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlər qismən icra olunub. Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək Zəngəzur dəhlizi Avrasiyanın yeni nəqliyyat xəritəsinin mühüm həlqəsini təşkil edəcək. Belə ki, dəhliz boyunca inşa olunan  yollar  Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya olunacaq. Dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində bölgənin əhəmiyyətini daha da artıracaq. Beynəlxalq yükdaşımalar üçün əsas marşrut olacaq Zəngəzur dəhlizi etibarlı tranzit ölkəsi kimi Azərbaycana böyük həcmdə dividendlər gətirəcək.

Ölkəmizi nəqliyyat qovşaqlarının habına çevirəcək dəhliz uzun illərdir münaqişə ocağı olan Cənubi Qafqazda sabitlik, etimad və əməkdaşlıq mühitinin formalaşmasına imkan yaradacaq, region ölkələri dəhlizdən istifadə etməklə iqtisadi əlaqələrini genişləndirəcək. Bütün bunların fonunda nəqliyyat kommunikasiyalarının bərpasında israrlı olan Azərbaycan İkinci Qarabağ müharibəsinin bitdiyi ilk günlərdən bu layihənin reallaşmasına ciddi səy göstərir.

Bakı-Tbilisi-Qars dəmir yolundan sonra Azərbaycandan Türkiyəyə uzanan ikinci dəmir yolu olacaq Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığı gücləndirməklə yanaşı, həm də iki qardaş ölkə arasında gediş-gəlişi asanlaşdıracaq, əlaqələrin genişlənməsinə daha böyük töhfələr verəcək. Bununla yanaşı, kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək. Türkiyədən başlayaraq quru yol ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcək. Beynəlxalq yüklərin Yaxın Şərq, Türkiyə və Aralıq dənizinə çıxması regionun inkişafına müsbət təsir göstərəcək. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, əlavə imkanlar da yaradacaq. 

Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasını dəstəkləyən və daim bu təşəbbüslərlə çıxış edən Azərbaycan Zəngəzur dəhlizinin açılmasında qətiyyət nümayiş etdirir. Çünki Zəngəzur dəhlizi regionda təhlükəsizliyin təmin edilməsi ilə əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

Mehparə ƏLİYEVA,

"Respublika".