Qarabağ və Şərqi Zəngəzur: dinc, firavan gələcəyin məkanı
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur: dinc, firavan gələcəyin məkanı

İşğaldan azad edilən ərazilərdə bərpa, yenidənqurma, dirçəliş, şəhərsalma, infrastruktur quruculuğu uğurla davam etdirilir, Qarabağın və Şərqi Zəngəzurun siması köklü surətdə dəyişir.

Adıçəkilən bölgələrdə dünyanı dəyişdirən texnologiyalar tətbiq edilir, "ağıllı şəhər" və "ağıllı kənd"lər qurulur. Həm də hər iki iqtisadi rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün geniş fürsət yaranıb. Minalardan təmizləmə işlərindən dərhal sonra əkin-biçinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı buna əyani sübutdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan bölgələr əlverişli hava şəraitinə, suvarma suyunun bolluğuna, münbit torpaqlarına görə kənd təsərrüfatı bitkilərinin, o cümlədən taxılçılığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Təbiəti kifayət qədər rəngarəng olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları aqrar sahənin inkişafı üçün əlverişlidir, həm də təbii sərvətləri çox zəngindir. Ən böyük təbii sərvəti isə münbit torpaqlardır. Burada heyvandarlığın, əkinçiliyin, balıqçılığın, arıçılığın və digər sahələrin inkişafı üçün ən əlverişli şərait mövcuddur.

Təbii otlaq və biçənəklərin, əkinçiliyin əsası olan münbit torpaqların üstünlük təşkil etməsi, təbii su hövzələrinin çoxluğu, mülayim iqlim aqrar sahənin potensial inkişaf mənbələri hesab olunur. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyə və tapşırıqlarını verərək bildirib ki, bu bölgədə - Şərqi Zəngəzur və Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz işlərə faktiki olaraq sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq.

Eyni zamanda, dövlətimizin başçısı tərəfindən qarşıya məqsəd qoyulub ki, azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektardan çox əkin sahəsi dövriyəyə buraxılmalı, ilk növbədə isə əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlər görülməli, o cümlədən suvarma düzgün təşkil edilməli və digər məsələlər öz həllini tapmalıdır. Məlum olduğu kimi, işğaldan azad edilən ərazilərdə minalardan təmizlənən torpaq sahələrində əkinçilik işlərinə başlanılıb, həm də bu ərazilərdə ilk növbədə taxıl, xüsusilə buğda səpini aparılır. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur ərazisindən 14 çay keçir və bu bölgələrdə 9 su anbarı mövcuddur. Bu əkinçiliyin inkişafı üçün ən böyük təbii bazadır. İnişil işğaldan azad olunmuş ərazilərdə 50 min, bu il isə 70 min hektarda taxıl əkilib və zəmilərdən bol məhsul götürülüb. Qarabağda və Şərqi Zəngəzurda mütəxəssislər tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərdə törədilən ekoloji fəlakət nəticəsində əkinəyararlı sahələr deqradasiyaya uğrayıb. İşğaldan sonra bölgədə torpaqların bərpa edilməsi, əkinçiliyin inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır, o cümlədən, bölgələrə uyğun taxıl növlərinin seçilməsi həyata keçirilir. Gələn ilin məhsulu üçün bu il hər iki iqtisadi rayonda 70 min hektardan çox sahədə payızlıq taxıl əkilir. İşğaldan azad edilmiş torpaqlarda cari ildə taxılla yanaşı, pilot layihə olaraq şəkər çuğunduru da becərilib.

Qeyd edək ki, təbii iqlim və relyef xüsusiyyətlərinə əsasən işğaldan azad olunmuş ərazilərdə ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıqla yanaşı, meyvəçilik və tərəvəzçiliyin inkişafı üçün də geniş imkanlar var. Mütəxəssislərin qənaətinə görə, Qarabağ və Şərqi Zəngəzurda ümumi taxıl məhsulları istehsalının təqribən 400 min, ət istehsalının 45 min və süd istehsalının 240 min ton artırılması mümkün olacaq. Dövlətimizin başçısı İlham Əliyevin 2022-ci il iyulun 19-da imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman ərzaq təhlükəsizliyinin təmin edilməsinə, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə güclü təkan verir. Mühüm dövlət sənədində qeyd olunur ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin işğal altında qalan torpaqların azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini daha da yüksəldəcək. Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ağdam, Füzuli və Tərtər rayonlarında mövcud torpaq sahələrinin 50 faizdən çoxu, Cəbrayıl rayonunda təqribən 45 faizi, Zəngilan və Qubadlı rayonlarında təqribən 35 faizi, Laçın və Kəlbəcər rayonlarında isə təqribən 10 faizi əkinəyararlı sahələrdir. Bundan başqa, hər iki iqtisadi rayonda heyvandarlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Bu ərazilərin təqribən 38 faizini örüş və otlaqlar təşkil edir. Təsadüfi deyil ki, işğaldan əvvəlki dövrdə respublika üzrə iribuynuzlu mal-qaranın təqribən 15 faizi, xırdabuynuzlu heyvanların isə 20 faizə qədəri bu ərazilərin payına düşüb. Heyvandarlığın inkişafındakı müasir meyilləri nəzərə alsaq, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda heyvandarlıq məhsullarının istehsalı daha böyük olacaq. Eyni zamanda burada arıçılıq və baramaçılıq potensialı da yüksək qiymətləndirilir.

İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial inkişafında yeri bərpa edilir, bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilir və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə doğru addımlar atılır. Mütəxəssislər hesab edirlər ki, regionun dayanıqlı iqtisadi inkişafı potensial resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcək. Artıq işğaldan azad olunmuş ərazilərdə inzibati idarəetmə orqanlarının bərpası, nəqliyyat, enerji və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində zəruri işlər görülür, həmçinin kənd təsərrüfatının bərpası və inkişafı ilə bağlı dövlət başçısı tərəfindən müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. Qarabağ və Şərqi Zəngəzurda bərpa və inteqrasiya prosesləri başa çatdıqdan sonra təxminən 150 min hektar əkin sahəsinin dövriyəyə cəlb olunması nəzərdə tutulur. Bu əkin sahələrinin təqribən 100 min hektarı taxıl məhsullarının istehsalına cəlb olunacaq ki, bu, həm ərzaq təminatı, həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, qarşıya məqsəd qoyulub ki, regionda mövcud olan üzüm bağlarının bərpası ilə yanaşı, region üçün yeni bir trend kimi intensiv meyvə bağlarının salınması da həyata keçirilsin. Yeni intensiv bağlar xüsusilə ixrac əhəmiyyətli gilas, ərik, şaftalı kimi çəyirdəkli meyvələr, həmçinin nar və s. ölkə üçün spesifik olan meyvə bağlarından ibarət olacaq. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin - minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması, Böyük Qayıdışın başlanması Azərbaycan dövlətinin gücünü, iradəsini, təntənəsini göstərir. Barıt iyi hopmuş torpaqlar əkinçi əllərinin hərarəti ilə yenidən cana gəlir, sünbüllər bolluqdan xəbər verir, xurma, nar bağlarında gözəl mənzərə yaranır, yaşıl yamaclar qızılı rəngə bürünür, bu yerlərdə dinc və firavan gələcək qurulur.

Salman ALIOĞLU,

"Respublika".